Şriftin ölçüsü :

Saytın rəngi :

Şair Əli Ağa Aslanın 55 illik yubileyi qeyd olundu

02 dekabr 2015 | 16:00

02 dekabr 2015-ci il tarixində Qubadlı Rayon Icra Hakimiyyətinin təşkilatçılığı ilə Sumqayıt şəhərində yerləşən 28 May mədəniyyət evində şair Əli Ağa Aslanın 55 illik yubileyi qeyd olundu. Yubiley tədbirində Milli Məclisin deputatıları, Qubadlı rayon icra hakimiyyətinin məsul nümayəndələri, idarə, müəssisə və təşkilat rəhbətləri, tanınmış ziyalı və yazarlar, şairin ailə üzvləri, o cümlədən ictimaiyyət nümayəndələri iştirak edirdilər.
Tədbir açıq elan edildikdən sonra, Əli Ağa Aslanın həyat və yaradıcılığından bəhs olunan film nümayiş olundu.
Tədbirdə çıxış edən şairin qələm yoldaşları Əliağa Aslanın yaradıcılığına toxunaraq şairlə bağlı xatirələrini bölüşdülər. Qeyd olundu ki, Əliağa Aslan Surxay oğlu 1960-cı il dekabr ayının 2-də Qubadlı rayonunun Qaracallı kəndində müəllim ailəsində doğulmuşdur. Qaracallı kənd orta məktəbin 8-ci sinfini bitirdikdən sonra Bakıya gəlmiş, Qara Qarayev adına musiqi təmayüllü orta məktəbdə 9-10-cu sinifi oxumuş, məktəbi bitirdiyi ildə Naxçıvan Pedaqoji İnstitutunun Filologiya fakultəsinə qəbul olmuşdur. 1983-cü ildə institutu bitirmiş, yaşadığı Qaracallı kəndində müəllim işləməyə başlamışdır. 1991-ci ildə Qaracallı kənd Sovetinin sədri seçılmiş, 1992-ci ildə Qubadlı Rayon İcra Hakimiyyətinin Qaracallı kəndi üzrə İcra nümayəndəsi vəzifəsinə təyin olunmuş və ömrünün sonuna qədər bu vəzifədə çalışmışdır.
Əliağa Aslan 2009-cu ilin mart ayının 2-də ağır xəstəlikdən (qara ciyər serrozundan) sonra dünyasını dəyişmişdir.
Vurğulandı ki, Əliağa Aslan uşaq yaşlarından şeir yazmağa başlamış, yerli mətbuat orqanında ( Qubadlıda) şeirləri dərc olunmuşdur. 1998-ci ildə ilk kitabı "Ayrılıqlar içində" çapdan şıxmışdır.  Bundan başqa Əliağa Aslan "Kərəm ahı", "Ayrılıqlar sevgilərdən başlayır", "Məni sən öyrətdin ayrılıqlara", "Mən dünyaya qərib gəldim", "Bu dünya qonaq saxlamır",  "Və ölümündən sonra çap olunan" ,"Qəfil gələn ayrılıq", “Bənzədi qırılmış telə bəxtimiz” adlı kitabların da müəllifidir. Xususilə bildirildi ki, şairin bir çox şeirlərinə musiqilər bəstələnmişdir.
Tədbirdə şairin ailə üzvləri adından çıxış edən Surxay Aslanov tədbirin yüksək səviyyədə təşkilinə və göstərilən diqqətə görə rayon rəhbəriyinə öz minnətdarlıqlarını bildirdi.
Çıxışlardan sonra tədbirdə mədəniyyət və turizm şöbəsinin hazırladığı ədəbi-musiqili proqram nümayiş olundu, Əliağa Aslanın şeirləri səsləndirildi, şairin şeirlərinə bəstələnmiş müsiqilər ifa olundu.

Keçidlər