Şriftin ölçüsü :

Saytın rəngi :

Son zəng və Milli Qurtuluş günü münasibətilə Qubadlı rayonunda keçirilən tədbirlər haqqında məlumat

14 iyun 2019 | 16:00

Son zəng və Milli Qurtuluş  günü münasibətilə Qubadlı rayonunda keçirilən
  tədbirlər haqqında məlumat

14  iyun 2019-cu il tarixdə Son zəng və Milli Qurtuluş  günü münasibəti ilə Qubadlı rayonunun bütün ümumtəhsil məktəblərində tədbirlər keçirildi. Abşeron rayon St. Sumqayıt ərazisində yeni salınmış şəhərcikdə fəaliyyət göstərən Mirağa Əliyev adına Hal kənd tam orta məktəbində keçirilən tədbirdə Qubadlı rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov, Azərbaycan Respublikasının Təhsil naziri Ceyhun Bayramov, Təhsil şöbəsinin rəhbərliyi, ictimaiyyət nümayəndələri, məktəbin şagird və müəllim kollektivi iştirak edirdilər.
Tədbir açıq elan edildikdən sonra çıxış edən Qubadlı rayon icra hakimiyyətinin başçısı Malik İsaqov son zəng günü  münasibətilə  məktəbin müəllim və şagird kollektivini təbrik etdi. Məzunlara yeni başlayacaqları həyatda uğurlar arzulayan başçı vurğuladı ki, onların cəmiyyətdə layiqli vətəndaş kimi formalaşması, bilikli və bacarıqlı mütəxəssis kimi yetişmələri hər birimizin ən böyük arzusudur. Natiq bildirdi ki, ölkə Prezidentinin diqqət və qayğısı nəticəsində rayonda təhsilin infrastrukturu yaxşılaşıb, son illərdə 17 yeni məktəb binası istifadəyə verilib, digər məktəblər isə əsaslı təmir edilib. Həmçinin ötən il qəbul imtahanlarının nəticələrindən bəhs edən RİH-in başçısı Malik İsaqov bildirdi ki, rayon ümumtəhsil məktəblərini bitirən 457 nəfər məzundan 390-ı sənəd vermiş, onlardan 285 nəfər Ali məktəblərə qəbul  olmuşdur.
Tədbirdə çıxış edən Təhsil naziri Ceyhun Bayramov əvvəlcə məzunları XI sinfi uğurla başa vurmaları münasibətilə təbrik edib, onlara yeni-yeni nailiyyətlər arzulayıb. Ceyhun Bayramov ölkə Prezidenti İlham Əliyevin diqqət və qayğısı, Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə ümumi təhsil müəssisələrinin infrastrukturunun yaxşılaşdırılması istiqamətində mühüm işlər görüldüyünü deyib.
Həmçinin çıxış edənlər 15 iyun Milli Qurtuluş günü münasibətilə rayon ictimaiyyətini təbrik etdilər və Azərbaycanın müstəqillik tarixinin ilk illərində cərəyan edən ictimai-siyasi proseslər haqqında danışaraq, o zamankı rəhbərlərin səriştəsizliyi və naşılığı üzündən dövlət müstəqilliyimizin təhlükə ilə qarşılaşdığını qeyd etdilər. Bildirildi ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə gəlişi ölkəni parçalanmaqdan xilas etdi. Suverenliyin itirilməsinə aparan bütün təhlükələr aradan qaldırıldı. Tarixi əhəmiyyətli beynəlxalq layihələr həyata keçirilərək Azərbaycanın inkişafının təməli qoyuldu. Qeyd olundu ki, hazırda Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bildirildi ki, həmişə dövlətçilik ənənələrinə sadiq olan rayon əhalisi bu gün də dövlət rəhbərinin apardığı siyasəti tam dəstəkləyir və inanırlar ki, ölkə Prezidenti cənab İlham Əliyevin apardığı məqsədyönlü siyasət bütün məcburi köçkünlərin doğma torpaqlara qayıtmasını təmin edəcəkdir.
   Sonra tədbir məktəblilərin hazırladıqları konsert proqramı ilə davam etdirildi.

Keçidlər