Şriftin ölçüsü :

Saytın rəngi :

2019-cu ilin yekunlarına həsr olunmuş hesabat yığıncağı keçirilmişdir

24 fevral 2020 | 16:00

2019-cu ilin yekunlarına həsr olunmuş hesabat yığıncağı keçirilmişdir.

       24 fevral 2020-ci il tarixdə Qubadlı Rayon İcra Hakimiyyətində 2019-cu ilin sosial iqtisadi inkişafın yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilmişdir.
       Yığıncaqda Rayon İcra Hakimiyyətinin başçısı cənab Malik İsaqov, Prezident Administrasiyasının məsul işçisi Ağa-Əli Əhmədov, RİH-in məsul işçiləri, rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, eləcə də rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişdir.
       Yığıncaqda məruzə ilə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı cənab Malik İsaqov respublikada həyata keçirilən islahatlardan, 2019-cu il ərzində əldə olunan uğurlardan bəhs edərək bildirdi ki, ölkədə həyata keçirilən uğurlu iqtisadi siyasətin məntiqi nəticəsi olaraq Qubadlı rayonunun da sosial iqtisadi inkişafında əhəmiyyətli irəliləyişlər əldə edilmiş, nəzərdə tutulmuş proqnozların yerinə yetirilməsi təmin olunmuşdur. Əvvəlki illərdə olduğu kimi, ötən il ərzində də rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatlar, eyni zamanda İnzibati Ərazi Dairələri üzrə nümayəndəliklər qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsinə çalışmışlar. Görülən işlərə və rayon ictimaiyyətinə verilən qiymətin bariz nümunəsidir ki, ölkə başçısı cənab İlham Əliyevin sərəncamları ilə Rayon Ağsaqqalar Şurasının sədri Həsənov Əvəz Maşallah oğlu və Rayon İcra Hakimiyyətinin başçısı İsaqov Malik Xızır oğlu “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi” yubiley medalına, Rayon Gənclər və İdman İdarəsinin rəisi Abbasov Natiq Vahab oğlu və RİH başçısının Zilanlı kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi Cabbarov Telman İmran oğlu “Dövlət qulluğunda fərqlənməyə görə” medalına, həmçinin Çardaxlı kənd tam orta məktəbin direktoru Salmanov Çingiz İsa oğlu isə “Əməkdar müəllim” fəxri adına layiq görülmüşlər.
       Başçı qeyd etdi ki,1993-cü ilin avqustundan köçkün həyatı yaşayan, iqtisadi islahatların həyata keçirilməsində yaxından iştirak edən, hazırda əhalisi respublikanın 41 müxtəlif şəhər və rayonunda məskunlaşan 38 min 500 nəfərdən çox olan Qubadlı əhalisinin 49%-ni kişilər, 51%-ni isə qadınlar təşkil edir. Hesabat dövrü ərzində 380 nəfər doğulmuş, 243 nəfər isə vəfat etmişdir. Təbii artım 137 nəfərdir.
       Ötən il ərzində məskunlaşma yerlərində məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlər davam etdirilmişdir. Belə ki, Abşeron rayon St.Sumqayıt adlanan ərazidə və Sumqayıt şəhər 12-ci mikrorayon ərazisində məcburi köçkünlər üçün inşa edilmiş şəhərciklərdə məcburi köçkün ailələrinin yeni mənzillərə köçürülməsi işi tam başa çatdırılmışdır. Min beş və min bir ailəyə hesablanan qəsəbələrin əsas kontingenti rayonumuzdan olan məcburi köçkünlərdir. Belə ki, Abşeron rayon st.Sumqayıt adlanan ərazidəki şəhərciyə 357 ailə, Sumqayıt şəhər 12-ci mikrorayondakı şəhərciyə 521 ailə, bunlarla yanaşı, Qaradağ rayon “Ümüd” qəsəbəsinə 19 ailə, Şirvan şəhərindəki şəhərciyə 9 ailə, “Qobu Park” yaşayış kompleksinə 22 ailə, Pirallahı rayonunda salınmış şəhərciyə 9 ailə, Kürdəxanı qəsəbəsində salınmış yaşayış kompleksinə isə 5 ailə köçürülmüşdür.
        Abşeron rayonu, St.Sumqayıt adlanan ərazidə yerləşən şəhərcikdə rayonun Hal kənd, Dəmirçilər kənd və Qubadlı Şəhər-4 saylı tam orta məktəbləri, Gigiyena və Epidemiologiya mərkəzi, 140 yerlik Qubadlı şəhər 1 saylı körpələr evi-uşaq bağçası, Mahruzlu kənd həkim məntəqəsi və Rayon Rabitə qovşağının Poçt agentliyi, Sumqayıt şəhəri, 12-ci mk/r ərazisindəki şəhərcikdə isə rayonun Kavdadıq və Əliquluuşağı kənd tam orta məktəbləri və Qubadlı şəhər 2 saylı körpələr evi-uşaq bağçası fəaliyyətə başlamışdır. Bunun da nəticəsi olaraq 80 nəfərə yaxın məcburi köçkün işlə təmin edilmişdir. Bunlardan əlavə Rayon İcra Hakimiyyətinin köməkliyi ilə Sumqayıt şəhər 76-cı məhəllədə məcburi köçkünlər məskunlaşdığı Peşə liseyinin inzibati binasının tavan hissəsinə 600 kvadrat metr dam örtüyü döşənmiş, 40-cı məhəllədə 2 beşmərtəbəli binaya dam örtüyü vurulmuş, binanın həyətinə asfalt örtüyü döşənmişdir. Həmçinin Sumqayıt şəhər 8-ci mk/r ərazisində məcburi köçkünlərin məskunlaşdığı 17 nömrəli orta məktəbin yardımçı binasında qəzalı vəziyyətdə olan sanitar qovşağının çöl divarlarının beton-bərkitmə işləri aparılaraq istinad divarları tikilmişdir. Bundan əlavə sakinlərin çoxsaylı müraciətləri əsasında Sumqayıt şəhər “Yaşıldərə” yaşayış massivində, “Ceyranbatan bağları” yaşayış massivində, Sumqayıt şəhər “Beton zavod” adlanan ərazidə məcburi köçkünlər yaşayan ərazilərdə məhəlləarası yollara asfalt örtüyü döşənmişdir.
      Rayonda köçkün ailələrinə digər fərdi qaydada edilən yardımlardan başqa, Rayon İcra Hakimiyyətinin daxili imkanları hesabına ötən il ərzində aztəminatlı ailələrə, yas mərasimlərinin təşkilinə, xəstələrin müalicəsinə, “1941-45-ci illər müharibəsi” veteranlarına, bir sıra tədbirlərin keçirilməsinə və sair məsələlərlə bağlı 110 min manatdan çox pul köməkliyi edilmişdir.
      Bildiyimiz kimi ölkə başçısının Sərəncamı ilə 2019-cu il “Nəsimi ili” elan edilmişdir. Bununla əlaqədar olaraq respublikanın hər yerində ağacəkmə aksiyası keçirilmişdir. St.Sumqayıt adlanan ərazidə yeni şəhərciyin ətrafında rayon icra hakimiyyəti tərəfindən salınmış parkda 10 min ağac və müxtəlif növ gül kolları əkilmişdir.
Rayon Vergilər şöbəsi də öz işini günün tələbləri baxımından qurmağa çalışıb. Şöbə hesabat ilində 2 milyon 515 min manat plana qarşı 4 milyon 827 min 700 manat vəsait toplayıb.
       Qeyd edilib ki, rayonun ümumi gəlirlərinin proqnoz məbləği 2 milyon 515 min manat, yerli gəlirlər üzrə proqnoz məbləği isə 2 milyon 278 min manat olub. Yerli gəlirlərdən daxil olmaların icrası 2 milyon 278 min manat proqnoz rəqəminə qarşı 4 milyon 371 min 889 manat və ya 1,9 dəfə çox icra olunub ki, bu da nəzərdə tutulandan 2 milyon 93 min 889 manat artıq vəsaitin daxil olması deməkdir. Hesabat dövrü yerli xərclərin icrası isə 2 milyon 278 min manat proqnoz rəqəminə qarşı 2 milyon 132 min 833 manat və yaxud 93,6 faiz icra olunub.
        Rayon Məşğulluq Mərkəzi tərəfindən sakinlərimizin məşğulluğunun artırılması istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsi davam etdirilib. Rayonda 20 min 800 nəfər əmək qabiliyyətli əhali var. Hesabat dövrü ərzində 200 yeni iş yeri açılmışdır.
        Dövlət Sosial Müdafiə Fondunun Qubadlı Rayon Şöbəsidə işini Qanun və Təlimatlar əsasında qurmağa çalışmışdır. 2019-cu ilin yekunlarının təhlili göstərmişdir ki, rayonda 6 min 530 pensiyaçı qeydiyyatdadır. Onların 2 min 239 nəfəri yaşa görə, 3 min 942 nəfəri əlilliyə görə, 349 nəfəri ailə başçısın itirməyə görə, 1184 nəfəri isə sosial pensiya alır.
       Rayon Mərkəzi Xəstəxanası 1 poliklinika, 1 həkim, 3 tibb məntəqəsi ilə birlikdə məcburi köçkünlərə qaneedici tibbi xidmət göstərir. Heç şübhəsiz ki, əsas xidmətlərindən biri Azərbaycan  Prezident İlham Əliyevin tapşırığına əsasən pulsuz keçirilən kütləvi müayinə ilə bağlı aparılan işlərdir. Ötən il ərzində 21 min 702 ambulator xəstə qəbul edilmişdir.
        Rayonun  Gigiyena və Epidemiologiya mərkəzi 01 fevral 2019-cu il tarixdən etibarən fəaliyyətə başlamışdır. Mərkəz tərəfindən rayonda fəaliyyət göstərən məktəblər, körpələr evi-uşaq bağçası, və eyni zamanda Sumqayıt şəhər ərazisində məcburi köçkünlər məskunlaşan yerlərdə dezinfeksiya işləri aparılmışdır. 
       Rayon Təhsil şöbəsi də işini müvafiq Qanun və Təlimatlar əsasında qurmuş, qarşıya qoyulan vəzifələrin həllinə səy göstərmişdir. Belə ki, 2019-cu il qəbul imtahanlarında  iştirak edən 386 nəfər məzundan  297 nəfəri ali məktəblərə daxil olub. Onlardan 54 nəfəri 500,  12 nəfəri 600-700 arası bal toplayanlardır. Rayonun iki məktəbi-H.Quliyev adına Çaytumas kənd məktəb-liseyi və R.Əlirzayev adına Xocahan kənd tam orta məktəbini bitirən məzunların hamısı tələbə adına layiq görülüb. 
        Sumqayıt Regional Mədəniyyət İdarəsinin Qubadlı rayon nümayəndəliyi mədəni-kütləvi tədbirlərin daha mütəşəkkil keçirilməsinə səy göstərir. Mərkəzləşmiş Kitabxana Sistemi, Tarix-diyarşünaslıq muzeyi də öz işini günün tələbləri baxımından  qurmağa çalışmışdır. 
       Ötən il kənd təsərrüfatı sahəsində də müəyyən işlər görülmüş, sakinlərimiz yüksək məhsul əldə etmişlər. Eləcə də kümçülərimiz tərəfindən 1 ton əvəzinə 1 ton 120 kq. yüksək keyfiyyətli yaş barama tədarük edilib dövlətə təhvil verilmiş, Respublika üzrə birinci olaraq plan artıqlaması ilə 112 % yerinə yetirilmişdir.
       Ötən il rayon üzrə arıçılarımız tərəfindən 23 min 460 kq. yüksək keyfiyyətli bal istehsal olunmuşdur. Heyvandarlıq sahəsində də bir sıra işlər görülmüşdür. 2019 cu il ərzində sakinlərimiz tərəfindən 140 ton ət, 779 ton süd, 5,3 ton yun istehsal olunaraq satılmışdır.
       35 nəfər rayon idmançısı ölkə birinciliklərinin, respublika turnirlərinin qalibi olmuş, o cümlədən beynəlxalq yarışlarda da yüksək nəticələr göstərmişlər. Belə ki, İslam Abbasov  “MİNSK-2019” II Avropa oyunlarında ikinci yer, Təvəkkül  Həziyev Təvəkkül oğlu Polşa Respublikasının Krakov şəhərində keçirilən yeniyetmələr arasında Avropa Çempionatında I yeri tutaraq, qızıl medal qazanıblar.
      Gənclər siyasətinin rayonda ardıcıl həyata keçirilməsi üçün müntəzəm iş aparılır. Rayonun ictimai siyasi həyatında öz fəallığı ilə seçilən gənclərimiz ölkə başçısının apardığı uğurlu siyasəti daima dəstəkləmişdir.
       Bildirilib ki, 2019-cu il ərzində Rayon İcra Hakimiyyətinə vətəndaşlar tərəfinsən 135 yazılı müraciət daxil olub, 943 nəfəri isə İcra Hakimiyyətinin başçısı qəbul edib, köçkünlərin yaşadığı ərazilərdə 41 səyyar görüş-qəbul keçirilib. Bütün müraciətlər diqqətlə araşdırılıb, müvafiq qərarlar qəbul olunub, izahatlar verilib.
      Başçı çıxışının sonunda RİH-in tabeliyində olan idarə, müəssisə və təşkilatlarla birlikdə “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Azərbaycan Respublikasının Prezidenti yanında sosial-iqtisadi sahə ilə bağlı müşavirə”də çıxışından irəli gələn müddəaları rəhbərliyə alaraq, qarşıya qoyulan vəzifələrin uğurla yerinə yetirilməsinə səylə çalışacağını bildirdi. Qeyd etdi ki, sakinlərimiz həmişə olduğu kimi, dövlətçilik ənənələrinə sədaqət nümayiş etdirmiş, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin siyasətini ürəkdən bəyənərək müdafiə etmişlər. Xüsusi olaraq vurğuladı ki, ölkə başçısının dediyi kimi, Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir və rayon sakinləri əmindir ki, hərbi və iqtisadi potensialı artan respublikamızın Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında tezliklə işğal edilmiş ərazilərimiz azad ediləcəkdir.
       Sonra çıxış edən DSMF-nun Rayon Şöbəsinin rəisi Cəlaləddin Məmmədov, Rayon Təhsil Şöbəsinin müdiri Fuad Bədəlov, Rayon Gənclər və İdman İdarəsinin rəisi Natiq Abbasov, rayon sakini, sahibkar Cəfərqulu Həsənov və Qubadlı Şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndə İlyas Süleymanov il ərzində görülən işlərdən bəhs edərək, qarşıya qoyulan vəzifələrin uğurla yerinə yetirilməsinə səylə çalışacaqlarını bildirdilər.
       Daha sonra məruzə və çıxışlar ətrafında geniş fikir mübadiləsi aparılaraq, yerlərdən içtimaiyyət nümayəndələrinin çıxışları dinlənildi. Çıxışlarda 2019-cu ildə görülən işlər təhlil edildi, uğurlarla yanaşı, problemlər də səsləndi və onların həlli ilə bağlı təkliflər irəli sürüldü.
       Hesabat yığıncağında çıxış edən Prezident Administrasiyasının məsul işçisi Ağa-Əli Əhmədov görülən işlərə müsbət qiymət verərək 2019-cu ildə respublikamızda sosial-iqtisadi sahədə qazanılan uğurlardan və qarşıda duran vəzifələrdən danışdı.
      Sonra iclasın qərar layihəsi səsə qoyularaq qəbul edildi.
      Sonda yığıncaq iştirakçıları adından Prezident İlham Əliyevə müraciət qəbul olundu.

Keçidlər