Şriftin ölçüsü :

Saytın rəngi :

Akademik Xoşbəxt Yusifzadə adına təqaüdə layiq görülmüş Nihad Abbasovla görüş

17 fevral 2020 | 16:00

Akademik Xoşbəxt Yusifzadə adına təqaüdə layiq görülmüş Nihad  Abbasovla görüş


17 fevral  2020-ci il tarixdə Qubadlı rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə rayon Gənclər və İdman idarəsi, Təhsil Şöbəsi və İsa Məmmədov adına rayon Aşağı Mollu kənd tam orta məktəbinin birgə təşkilatçılığı ilə həmin məktəbin məzunu, TQDK-nın keçirdiyi ali təhsil müəssisələrinə qəbul imtahanında 700 bal toplayaraq prezident təqaüdüçüsü olmuş, eyni zamanda Akademik Xoşbəxt Yusifzadə adına təsis edilmiş tələbə təqaüdünə layiq görülmüş Nihad  Abbasov ilə görüş keçirilmişdir. Görüşdə rayon İcra Hakimiyyəti başçısının müavini Xoşqədəm xanım Alıyeva, rayon Təhsil şöbəsinin müdiri Fuad Bədəlov,  rayon Gənclər və İdman idarəsinin rəisi Natiq Abbasov, rayonun gəncləri, məktəbin müəllim və şagird kollektivi iştirak edirdilər.
Tədbiri məktəbin direktoru Allahverdiyev Allahverən açıq elan etdikdən sonra çıxış edən rayon İcra Hakimiyyəti başçısının müavini Xoşqədəm xanım Alıyeva Nihad Abbasovu nailiyyətlərinə görə təbrik edərək  qeyd etdi ki,  bu gün gənc nəslin düzgün yetişdirilməsi ölkə siyasətində önəmli yer tutur. Ulu Öndər Heydər Əliyev nitqlərinin birində bu barədə demişdir׃ "Gənclərimiz milli ruhda tərbiyə olunmalıdır, milli-mənəvi dəyərlərimizin əsasında tərbiyələnməlidir. Gənclərimiz bizim tariximizə yaxşı bələd olmalı, dilimizi yaxşı bilməlidir. Hər bir gənc vətənpərvər olmalıdır, vətənpərvərlik böyük məfhumdur. Bu, sadəcə orduda xidmət etmək deyil, vətənə sadiq olmaq, vətəni sevmək, torpağa bağlı olmaq - budur vətənpərvərlik". Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, bu gün Azərbaycan gəncləri bütün sahələrdə özlərini doğruldurlar.
Sonra çıxış edən rayon təhsil şöbəsinin müdiri Fuad Bədəlov, rayon Gənclər və İdman idarəsinin rəisi Natiq Abbasov və digər çıxış edənlər Nihad Abbasovun uğurlarına nəzər salaraq qeyd etdilər ki, ölkədə bu istiqamətdə həyata keçirilən məqsədyönlü siyasət Qubadlı rayonunda da rəhbərliyin  diqqət və qayğısı nəticəsində uğurla həyata keçirilərək rayon gənclərinin inkişafı və dövlətçiliyimizə yararlı gənclik kimi formalaşması üçün yüksək şərait yaradılmışdır. Gənclərimiz yaradılmış imkanlardan maksimum yaralanaraq müxtəlif səpkili müsabiqə və yarışlarda iştirak edir, uğurlu nəticələr göstərirlər. Bu cür nailiyyəti olan gənclərdən biri də rayonun Qaralar kənd sakini Abbasov Nihad Natiq oğludur. Onun ilk uğurları hələ  2004-2015-cillərdə orta məktəbdə təhsil aldığı dövlərə təsadüf edir. Belə ki, məktəb illərində bir çox fənn olimpiadalarının istirakçısı və qalibi olmuş, eyni zamanda İNEPO  və Sabahin Alimləri layihə olimpiadalarında iştirak etmişdir. 2015-ci ildə Qubadlı rayon İsa Məmmədov adına Aşağı Mollu kənd orta məktəbini əla qiymətlərlə bitirərək, Tələbə Qəbulu Üzrə Dövlət Komissiyasının keçirdiyi ali təhsil müəssisələrinə qəbul imtahanında 700 bal toplayaraq prezident təqaüdünə layiq görülmüşdür. Hal hazırda Bakı Ali Neft Məktəbinin  5-ci kurs neft-qaz mühəndisliyi fakultəsinin tələbəsi olan Nihad Abbasov ali məktəbdə təhsil aldığı dövrlərdə də bir sıra nailiyyətlər qazanmış, müxtəlif nüfuzlu təşkilatların təşkil etdiyi konfranslarda, yarışlarda və digər bu səpkili layihələrdə iştirak etmişdir. Belə ki, Azərbaycan Neft Mühəndisləri cəmiyyətinin təşkil etdiyi “Well Engineering School” məktəbini, eyni zamanda BP şirkətinin geologiya yay məktəbini fərqlənmə diplomuyla  bitirmişdir. 2019-cu ildə Nihad Abbasovun da üzvü olduğu BANM (Bakı Ali Neft Məktəbinin) komandası Qazaxıstanın Almaatı şəhərində keçirilən İllik Xəzəryanı Ölkələrin Petrokonqresində iştirak etmiş, həmin konqres çərçivəsində keçirilən “Petrobowl” yarışının (neft-qaz biliklərinə əsaslanan, universitetlərarası breyn-rinq formatında yarış) qalibi olmuşdur. Bu qələbədən sonra Kanadada keçirilmiş Neft Mühəndisləri Cəmiyyətinin İllik Texniki Konfrans və Sərgisində iştirak haqqı qazanmış Nihad Abbasov, həmin konfrans tərkibində təşkil edilmiş “Petrobowl” yarışının beynəlxalq finalında Azərbaycanı təmsil edən beş nəfərlik komandanın üzvülərindən biri olmuşdur. Oxuduğu müddətdə əldə etdiyi yüksək akademik göstəricilərə görə, SOCAR AQŞ (SOCAR Abşeron Qazma Şirkəti) şirkətinin və BANM-in Xoşbəxt Yusifzadə adına təsis edilmiş tələbə təqaüdlərinə layiq görülmüşdür. Universitet illərində SOCAR-ın 28 May (Çilov adası) və Neft Daşları idarələrində və BP (British Petroleum) şirkətində yay təcrübələrində olan Nihad, eyni zamanda BP şirkətində təcrübə ərzində gördüyü işlərin dəyərləndirilməsinə, göstərdiyi  bilik və bacarıqlarına əsasən BP şirkəti tərəfindən ona iş təklif edilmişdir.
Sonda tədbirdə çıxış edən Nihad Abbasov rayon rəhbəri cənab Malik İsaqovun hər zaman gənclərimizə diqqət və qayğı  ilə yanaşdığını bildirərək, bu dəstəyə görə ölkə başçısına və rayon rəhbərliyinə gənclər adından öz minnətdarlıqlarını bildirdi.

Keçidlər