Şriftin ölçüsü :

Saytın rəngi :

“Covid-19-un artmasının qarşısını almaq məqsədi ilə dövlət lazımi tədbirləri görür”

09 iyul 2020 | 16:00

 

İyul ayının 6-da Prezident İlham Əliyev Bakının Xətai rayonunda Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin modul tipli hospitalının açılışı zamanı Azərbaycan Televiziyası və “Xəzər” Televiziyasına müsahibəsində bir sıra fikirlər səsləndirib:
“Covid-19-un artmasını nəzərə alaraq dövlət lazımi tədbirlərə davam edir. Çox qısa müddət ərzində 800 çarpayılıq xəstəxana istifadəyə verildi. Bu xəstəxanada bütün lazımi şərait yaradılıbdır. Nəzərə alsaq ki, COVID xəstələrinin sayı artmaqdadır, bizə əlavə çarpayılar lazımdır. Bu istiqamətdə işlər aparılır və 1-1,5 ay ərzində 1300 çarpayılıq yeni modul tipli xəstəxana istifadəyə veriləcək. Yəni, təqribən iki ay ərzində 2 mindən çox xəstə yerləşdirilə biləcək; Modul tipli beş xəstəxana (Bakı-2, Sumqayıt-1, Gəncə-1, Abşeron-1) artıq fəaliyyətdədir. Bu xəstəxanaların tez bir zamanda inşa edilməsi onu göstərir ki, biz hətta seytnot vəziyyətdə lazımi addımları ata bilərik. Daha beş modul tipli xəstəxana inşa olunacaq. Yəni, biz koronovirusla bağlı ən pessimist ssenariyə belə hazır olmalıyıq”
Hazırda ölkənin 45 xəstəxanasında koronovirus xəstələri müalicə alırlar ki, bu xəstəxanaların 36-sı prezident İlham Əliyevin Sərəncamı ilə son dövrlərdə tikilib. “Təsəvvür etmək çətin deyil ki, əgər bu xəstəxanalar tikilməsəydi, indi biz hansı problemlərlə üzləşə bilərdik. Odur ki, bu gün bizim hələ ki, kifayət qədər boş çarpayılarımız var. Xəstəliyə yoluxmanın tempi yüksəkdir, amma vəziyyət nəzarət altındadır. Əhalisinin sayı Azərbaycan ilə müqayisə olunacaq, səhiyyə sistemləri nümunəvi hesab olunan bir sıra qabaqcıl ölkələrdə yoluxanların sayı 60-70 min, ölənlərin sayı isə on minlərlə ölçülür. Bu o deməkdir ki, heç bir ölkə koronavirusa yoluxmaqdan sığortalanmış deyil. Bu səbəbdən məhdudlaşdırıcı tədbirlərin görülməsi ilə bağlı addımlar vəziyyətə uyğun şəkildə atılır”.
Pandemiya dövründə xüsusi qaydalara riayət olunmalıdır və  ilk gündən bu günə qədər burada dövlət tərəfindən bütün lazımi addımlar atılıbdır. Hüquq mühafizə orqanları qaydalara əməl olunmasına ciddi nəzarət edirlər.  “Xəstəliyin yayılmasının başlıca səbəbi bəzi insanların məsuliyyətsizliyidir. Vətəndaşlarımız nizam-intizama ciddi riayət etsələr, pandemiyanı nəzarətdə saxlamağa və ona qalib gəlməyə müvəffəq olacağıq” ÜST ilə əməkdaşlıq davam edir. Çünki bu təşkilat dünya miqyasında bu işlərə cavabdehlik daşıyan birinci təşkilatdır. ÜST direktoru Azərbaycan tərəfindən təşkil olunmuş Zirvə görüşündə iştirak edib. Əməkdaşlığımız, məsləhətləşmələrimiz bundan sonra da davam edəcək.
İqtisadiyyatımız ciddi əsaslar üzərində qurulub, 2020-ci il son vaxtlar apardığımız islahatların nəticəsində gözəl nəticələri verə biləcək il olacaqdır. Ancaq əlbəttə ki, pandemiya bütün planlara da müdaxilə etdi və şüurlu şəkildə çox sərt məhdudlaşdırıcı addımlar atıldı, o cümlədən ticarət sahəsində, digər sahələrdə. Pandemiya dövrünün çətinliklərinə baxmayaraq Azərbaycan iqtisadiyyatı 5 ayın yekunlarına görə cəmi 1,7 faiz tənəzzülə uğradı. Amma buna baxmayaraq, heç bir sosial layihə təxirə salınmadı, ixtisar edilmədi. Əksinə, bu il büdcə xətti ilə reallaşan sosial layihələr keçən ilə nisbətdə daha təsirlidir.
Bu dövrdə ön planda olan insanların sağlamlığıdır və insanlarımızın sağlamlığı ilə müqayisədə iqtisadiyyat ikinci plandadır. Bu il məcburi köçkünlər üçün rekord sayda bina tikiləcək və 7 mindən çox köçkün ailəsi yeni mənzillə təmin olunacaq. Şəhid ailələri üçün 1500 mənzil istifadəyə veriləcək. Qüsursuz xidmət edən zabitlərə 400 mənzilin verilməsi nəzərdə tutulur. 85 min ailə, yəni, 300 mindən çox insan ünvanlı sosial yardım alacaq;.  “Neftin qiyməti hətta 14 dollar da olsa, biz ayaqda duracağıq. Çünki biz son illər ərzində o qədər böyük iqtisadi-maliyyə potensialı yaratmışıq ki, istənilən böhranla bacara biləcəyik”.
“Bu günə qədər 30-dan çox ölkəyə humanitar və maliyyə yardımı göstərmişik. Biz bu haqda heç məlumat da vermirdik. Çünki biz bunu piar üçün yox, sadəcə olaraq, ölkələrə həmrəylik borcu kimi edirdik. Bizim fəlsəfəmiz belədir. Mən əminəm ki, əgər kimsə yardım üçün müraciət edirsə, imkan daxilində o xahişlər təmin olunmalıdır. Çünki biz ancaq əməkdaşlıq, xeyirxahlıq, yardım və dəstək hesabına daha çox dost qazana bilərik. Əlbəttə, məhz çətin günlərdə ölkələr bir-birinə dəstək verməlidirlər. Yaxşı günlərdə hər kəs yaxşı sözlər deyə bilər, yaxşı bəyanatlar verə bilər. Ancaq biz bu həmrəyliyi sözdə yox, əməldə göstərməliyik və bunu göstərmişik. Hesab edirəm ki, buna görə ölkəmizin beynəlxalq mövqeləri daha da möhkəmlənib”.

Keçidlər