Şriftin ölçüsü :

Saytın rəngi :

Qubadlı rayonunun işğalının 27-cı ildönümü

31 avqust 2020 | 16:00

31 avqust 2020-cu il tarixdə Ermənistanın hərbi təcavüzü nəticəsində Qubadlı rayonunun işğalının 27-cı ildönümü ilə əlaqədar  Qubadlı rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov  Sumqayıt şəhərində yerləşən Şəhidlər Xiyabanını ziyarət etdi və Xiyabandakı abidənin önünə əklil qoyulduqdan sonra  bütün  şəhidlərin məzarı üzərinə gül dəstələri qoyuldu.
     Bu gün Qubadlının işğalının 27-cı ili tamam olur. Zəngin tarixə malik olan rayonumuzun bütün əmlakı erməni işğalçıları tərəfindən talan edilmiş, 1 şəhər, 93 kənd tamamilə dağıdılmış, evlər, ictimai binalar yandırılmış, salamat qalanlar isə sökülərək Ermənistana daşınmışdır.
         Qəbiristanlıqlar, tarixi-mədəni abidələr, rayon mərkəzində fəaliyyət göstərən və maraqlı eksponatlarla zəngin olan Tarix-diyarşünaslıq muzeyi məhv edilmişdir. Ümumilikdə rayona milyardlarla dollar həcmində ziyan dəymişdir.
      Qubadlı ərazisi arxeoloji cəhətdən kifayət qədər öyrənilməsə də, o zamanlar burada təkcə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin xətti ilə qorunan 50-yə yaxın abidə qeydə alınmışdır.
       Düşmənlə mübarizədə 238 nəfər Qubadlı sakini şəhid olmuş, 473 nəfər rayon sakini əlil olmuş, 100 nəfərdən çox insan itgin düşmüşdür. 11 nəfər Milli Qəhrəman adına layiq görülmüşdür. Hal - hazırda  38600  nəfərdən artıq Qubadlı əhalisi respublikamızın 41 rayonunda məcburi köçkün ömrü yaşayır. Əhalimizin mütləq əksəriyyəti Sumqayıt şəhərində məskunlaşıb. Harda məskunlaşmağından asılı olmayaraq rayon əhalisinin problem və çətinlikləri yerli icra strukturlarının diqqətindədir.  Bu isə əsası Ulu öndərimiz tərəfindən qoyulan və bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev  tərəfindən uğurla davam və inkişaf etdirilən siyasətin yerlərdə layiqincə icrasının təzahürüdür.
     27 il ərzində torpaq həsrəti bir an da olsun əhalimizi tərk etməyib. Dövlətimiz və hökümətimiz məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması, məşğulluğunun artırılması sahəsində kompleks tədbirlər həyata keçirmişdir. Rayon əhalisi hər zaman Azərbaycan dövlətinə sadiqdir və qəti əmindir ki, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə doğma Qubadlıya qayıdacağımız gün uzaqda deyil.  Orduda döyüş qabiliyyəti, mənəvi-psixoloji durum, vətənpərvərlik ruhu çox yüksəkdir. Bu gün Azərbaycan Silahlı Qüvvələrinin quruculuğu prosesi davam etdirilir və ordumuz inkişaf, təkmilləşmə dövrünü yaşayır. 2016-cı ilin aprel ayında dördgünlük döyüş Azərbaycan ordusunun qüdrətini bir daha sübut edərək göstərdi ki, bu ordu nəinki ölkəmizin ərazi bütövlüyünü mənfur düşməndən qorumağa, həm də çox az müddətdə işğal olunmuş ərazilərimizi düşməndən azad etməyə qadirdir.
Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən Aprel döyüşlərində fərqlənən rayon sakinlərimiz Həmidov Şükür Nəriman oğluna Azərbaycan Respublikasının Milli Qəhrəmanı və Bərxudarov Mais Şükür oğluna general-mayor hərbi rütbəsi verilmiş, Qasımov Faiq Qaçay oğlu isə “Azərbaycan Bayrağı” ordeninə layiq görülmüşdür. Aprel döyüşlərindən sonra hər üç həmyerlimizin yüksək təltifə layiq görülməsi rayon sakinlərinin  hədsiz sevincinə səbəb olmuşdur.
      27 il ərzində vətən həsrəti ilə məcburi köçkünlük ömrü yaşayan Qubadlı sakinləri dözümlülük və dövlətə sadiqlik nümayiş etdirmiş, bütün çətinliklərə rəğmən bu müddətdə rayon əhalisi Azərbaycanda vüsət almış quruculuq işlərində fəal iştirak etmişlər.
       Ölkə  başçısının məcburi köçkünlərə olan diqqət və qayğısının nəticəsidir ki, 2019-cu ildə Abşeron rayonu St.Sumqayıt və Sumqayıt şəhər 12-ci mkr  ərazilərinə, eləcə də digər şəhər və rayonlarda tikilmiş yeni şəhərciklərə Qubadlı rayonundan ümumilikdə  900-dan çox  məcburi köçkün ailəsi köçürülmüşdür.
       Bütün bunlara baxmayaraq məcburi köçkün düşmüş soydaşlarımız inanırlar ki, tezliklə ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə öz doğma yurd-yuvalarına qayıdacaq və həmin günü qələbə günü kimi qeyd edəcəklər.
Bildiyiniz kimi Koronovirus (COVİD-19) pandemiyası ilə əlaqədar olaraq dövlət əhəmiyyətli tədbirlərin, kütləvi yığıncaqların, konfransların, iclasların keçirilməsi təxirə salınmışdır. Buna görə də bu kimi tədbirlər əsasən online (onlayn) şəkildə  həyata keçirilir. Eyni zamanda  da rayonun rəsmi internet saytında, instagram və facebook səhifələrində nümayiş etdirilir.
         Belə ki, Qubadlı rayon İcra Hakimiyyəti tərəfindən rayonun tarixi, milli qəhrəmanları və şəhidləri ilə bağlı rəsmi internet səhifələrində paylaşımlar edilmişdir.         Keçmiş döyüşçülərin və polis işçilərinin müsahibələri sosial şəbəkələrdə paylaşılır.
        Rayonun Təhsil şöbəsi də bütün təhsil müəssisələri ilə birgə  işğal günü ilə bağlı online (onlayn) rəsm sərgisi təşkil etmiş, Qubadlının işğal gününə, şəhidlərimizin əziz xatirəsinə, “Qəhrəmanlığa aparan yol”, “Vətənə sevgi” və Qubadlının tarixinə həsr olunmuş  videoçarxlar hazırlamışdır. Həmçinin “ Qubadlı tarixi haqqında” 31 avqust  2020-ci il tarixdə açıq dərslər keçirildi.
      Rayonumuzun tarixi, şəhidləri və milli qəhrəmanları , rayonun işğal gününə həsr olunmuş  yazılar  dövlət qəzetlərində və rayonun “Bərgüşad”qəzetinin xüsusi buraxılışında dərc olunmuşdur.
        Sumqayıt Regional Mədəniyyət İdarəsi Qubadlı rayon nümayəndəliyi və tabeliyində  olan müəssisələr rayonunun işğalının 27-ci ildönümü münasibəti ilə doğma yurdumuz Qubadlıya həsr olunmuş  “Yurd  həsrəti”, “Doğma Yurdum”, “Qubadlıya qayıdacağıq” “Torpaq uğrunda ölən varsa”, “Salam olsun sənə vətən”,  “Qubadlı xatirələri”, “Yaşa var ol Azərbaycanım”  başlıqlı videoçarxlar  sosial şəbəkələrdə paylaşılır və  bu işlər davam etdirilir.

Keçidlər