Şriftin ölçüsü :

Saytın rəngi :

Ermənistan döyüş meydanında məğlubiyyətə uğrayanda çirkin əməllərə əl atır

17 oktyabr 2020 | 16:00

13 oktyabr 2020-ci il tarixdə Prezident İlham Əliyev Türkiyənin “Haber Türk” televiziya kanalına müsahibəvermişdir.
- Ermənistan döyüş meydanında məğlubiyyətə uğrayanda çirkin əməllərə əl atır. Mülki şəxslərə, əliyalın insanlara qarşı qəddarlıq göstərmək onlar üçün adi bir şeydir. Azərbaycan xalqı bunu Xocalı soyqırımının timsalında görmüşdür.
        - Ermənistan münaqişənin coğrafiyasını genişləndirmək, üzv olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını münaqişəyə cəlb etmək istəyir. Məhz buna görə Ermənistan ərazisindən Azərbaycan torpaqlarını, mülki şəxsləri atəşə tuturlar və cavab atəşinə təhrik edirlər.. Biz heç zaman mülki şəxslərə qarşı heç bir addım atmırıq və bizim bütün hədəflərimiz hərbi hədəflərdir. Əməliyyatın ilk günlərindən bütün hərbi hədəflər bir daha nəzərdən keçirildi və bizim dəqiq, sərrast atışlarımız bu hədəfləri məhv etdi. Erməni ordusuna çox böyük zərər vuruldu, 200-dən çox tank, 2 “S-300” hava hücumuna qarşı qurğu, bir çox başqa texnika məhv edildi, 33 tank və digər texnika qənimət kimi götürüldü.
         - Bu, Ermənistanın növbəti terror aktıdır. Ancaq bu terror aktı Azərbaycan xalqının iradəsini qıra bilməz. Azərbaycan düşmənə qarşı daha böyük əzmlə, iradə ilə vuruşacaq, torpaqlarımızı azad edəcək və Azərbaycan bayrağını işğal edilmiş bütün torpaqlarda qaldıracaq.
- Azərbaycan ilə hesablaşacaqlar. Onsuz da müəyyən regional məsələlərdə Azərbaycanın rolu çox önəmlidir, o daha da artacaq. Təbii ki, Türkiyə-Azərbaycan birliyi daha da möhkəm olacaq. Bu da həm Türkiyə, həm Azərbaycan üçün həyati əhəmiyyət, önəm daşıyır.
- Türkiyə hər zaman olduğu kimi, bir daha bu məsələ ilə bağlı Azərbaycanı açıq və birmənalı dəstəklədi.Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın açıqlamaları, digər yüksək səviyyəli vəzifəlilərin açıqlamaları bir daha qardaşlıq mövqeyinin təzahürü idi.
-Türkiyə-Azərbaycan birliyi bölgəyə sabitlik, sülh gətirir. Türkiyə bölgədə və yeni coğrafiyada çox önəmli sabitləşdirici rol oynayır. Prezident Rəcəb Tayyib Ərdoğanın bu toqquşmaların ilk saatlarında verdiyi dəstək sabitliyi qorudu. Bəziləri bəlkə bunu anlamırlar. Əgər o sözlər olmasaydı, əgər deməsəydi ki, Azərbaycan tək deyil, Türkiyə Azərbaycanın yanındadır, bəlkə də burada vəziyyət qarışardı. Bəlkə də başqa kimsə burada, necə deyərlər, bulanıq suda balıq tutmağa çalışacaqdı.
- Pakistan Azərbaycanın haqq işini dəstəklədi. Pakistan və onun Baş Naziri çox böyük həmrəylik göstərərək çox müsbət açıqlama vermişdir.
- Atəşkəs imkan verəcək ki, bu məsələ artıq hərbi müstəvidən siyasi müstəviyə, diplomatik müstəviyə keçsin. Atəşkəs imkan verəcək ki, bu məsələ diplomatik müstəvidə danışıqlar masası arxasında həll olunsun. Ermənistan hələ də işğal altında olan digər torpaqlardan çəkilsin, Azərbaycan vətəndaşları oraya qayıtsın və sülh yaransın.Ermənistanın planları tam başqa imiş. Onlar hesab edirmişlər ki, bu atəşkəsdən istifadə edərək öz hərbi məğlubiyyətlərini bir qədər azalda bilərlər, vaxt qazana bilərlər, yeni qüvvələr səfərbər edə bilərlər və beləliklə, Azərbaycana qarşı hücumları davam etdirə bilərlər. Amma onlar yanıldılar.
- Hər bir müharibə sülh ilə nəticələnir. Ona görə, indi müharibədən sonrakı mərhələyə də baxmalıyıq. Əgər hər iki tərəfdə güclü siyasi iradə olarsa və beynəlxalq təşkilatlar bu məsələdə kömək edərsə, buna nail olmaq mümkün olacaq. O qədər də asan olmayacaq. Ancaq çalışmalıyıq ki, buna nail olaq.
- Moskva anlaşmasında Azərbaycanın maraqlarına cavab verən maddələr qane edici idi. Moskva müzakirələrinin uzun çəkməsinin səbəbi o idi ki, Azərbaycan üçün  məqbul olmayan bəzi maddələr o açıqlamaya salınmalı idi. Bundan xəbərimiz yox idi. Xarici İşlər naziri Moskvaya gələndə və artıq müzakirə masasına əyləşəndə hər iki nazirə təkliflər verildi.
- Təqvimlə əlaqədar mövqeyimizi bir qədər yumşaltdıq. Ancaq bu, o demək deyil ki, bu təqvim olmayacaq, bu, olacaq. Ancaq nə zaman? Artıq müzakirə prosesi çərçivəsində. O açıqlamada göstərildi ki, müzakirələr baza prinsipləri, yəni Madrid prinsipləri əsasında bərpa edilir ki, o da işğal altındakı torpaqlarımızın Azərbaycana qaytarılmasını təsbit edir.
- Bu gün Azərbaycan tam başqa bir ölkədir! Bu gün yeni nəsil yetişib. Müstəqillik şəraitində yeni vətənpərvər, həm mənəvi, həm də fiziki cəhətdən güclü insanlar yetişibdir. Eyni zamanda, yaşlı nəsil də bu gün tam başqa bir dünyagörüşünə malikdir. Dövlətimizin güclü iradəsi var, güclü ordumuz var.

Keçidlər