Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid Ağayev Vüqar Əhməd oğlunun doğum günü

04 mart 2021 | 16:00

Bu gün Şəhid, Vətən müharibəsi Qəhrəmanı, mayor Ağayev VüqarƏhməd oğlunun doğum günüdür. Yaşasaydı 48 yaşı tamam olacaqdı. Bununla əlaqədar Qubadlı rayon İcra Hakimiyyəti və YAP Qubadlı rayon təşkilatının birgə təşkilatçılığı ilə əvvəlcə şəhidin ailəsi ilə görüş keçirildi, daha sonra Bakı şəhərində yerləşən 2-ci Fəxri Xiyabanda Şəhidin məzarına ziyarət olundu və gül dəstələri qoyuldu. Ziyarət zamanı YAP Qubadlı rayon təşkilatının sədri Allahverdi Haxverdiyev, rayon İcra Hakimiyyətinin əməkdaşları, YAP-ın fəalları, Sumqayıt şəhərinin axundu Hacı Rauf, Şəhidin ailə üzvləri və yaxınları iştirak edirdilər.
ƏvvəlcəSumqayıt şəhərinin axundu Hacı Rauf Şəhidin ruhuna dualar oxudu.
Daha sonra YAP Qubadlı rayon təşkilatının sədri Allahverdi Haxverdiyev qeyd etdi ki, vaxtilə işğal altında olan torpaqlarımızın azad olunmasına biz həmişə ürəkdən inanırdıq. Vətən müharibəsi  Azərbaycanda dövlət və xalq arasında olan birliyin nəhəngliyini və sarsılmaz olduğunu  sübüt etdi.  Ali Baş Komandan  ətrafında  birləşən xalqımız və ordumuz “Dəmir yumruq” kimi  düşməni əzdi  və  kapitulyasiyaya vadar etdi. Eyni zamanda  ölkəmizin beynəlxalq etibarı  və gücü də bir daha nümayiş olundu.  Ölkəmizdəki Xalq-İqtidar-Ordu birliyi, sözün əsl mənasında, "dəmir yumruğa” çevrildi və işğalçının belini qırdı. Cənab Prezident İlham Əliyevin dəmir yumruğu tarixi ədaləti bərpa etdi. Bütün xalqımız əmindir ki, Azərbaycanın müstəqilliyini qoruyan, möhkəmləndirən, əbədi edən müzəffər sərkərdəmiz, Prezidentimiz nəyi, nə zaman və necə edəcəyini gözəl bilir.
Daha sonra Şəhidin anasıAğayeva Xanımşəhid ailələrinə göstərdiyi diqqət və qayğıya görə ölkə başçısına minnətdarlığını bildirdi.
Ağayev Vüqar Əhməd oğlu 04 mart 1973-cü ildə Qubadlı rayonunun Xanlıq kəndində anadan olmuş, 1990-cı ildə Xanlıq kənd orta məktəbində orta təhsilini başa vurmuşdur.
1991-1992-ci illərdə Azərbaycan Respublikasının ordu sıralarında həqiqi hərbi xidmətdə olmuşdur.
1992-ci ildə H.Əliyev adına Hərbi Liseyə daxil olmuş, 1994-cü ildə hərbi təhsilini başa vuraraq leytenant hərbi rütbəsi almışdır. Qusar rayonu N saylı hərbi hissədə təlimdə olmuş, təlimi başa vurduqdan sonra  Naxçıvan qarnizonunda N saylı hərbi hissədə bölük komandiri kimi hərbi xidmətə başlamışdır.
2016-cı ildə hərbi xidmətini başa vuraraq təqaüdə çıxmışdır.
Azərbaycan Respublikası Prezidenti adından Azərbaycan Respublikası Müdafiə Nazirinin müxtəlif tarixli əmri ilə “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaranmasının 10, 90 və 95 illiyi” yubiley medalları və III, II, I dərəcəli “Qüsursuz xidmətə görə” medalları, “Azərbaycan Ordusunun 100 illiyi” yubiley medalı ilə təltif edilmişdir.
2020-ci ilin oktyabr ayında könüllü olaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qubadlı Rayon Bölməsinə müraciət edərək Vətən müharibəsində iştirak etmişdir.
01 noyabr 2020-ci il tarixdə Qubadlı rayonu uğrunda gedən döyüşlərdə qəhrəmanlıqla şəhid olmuş, Bakı şəhər “2-ci Fəxri Xiyaban"da dəfn edilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 09 dekabr 2020-ci il tarixli Sərəncamı ilə mayor Ağayev Vüqar Əhməd oğluna ölümündən sonra “Vətən Müharibəsi Qəhrəmanı" adı verilmiş, 15 dekabr 2020-ci il tarixli Sərəncamı ilə də o, “Vətən uğrunda”, 29 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilmişdir.
Ailəli idi, iki övladı var.
Allah rəhmət eləsin!

 

Keçidlər