“Rəqəmsal İcra Hakimiyyəti” portalı ilə İcra Hakimiyyətinə müraciət daha asandır.
Rəqəmsal İcra Hakimiyyəti - təlimat videosu
“Rəqəmsal İcra Hakimiyyəti” portalı Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Elektron Hökumətin İnkişafı Mərkəzi tərəfindən yaradılıb. Portalın yaradılmasında əsas məqsəd yerli icra hakimiyyətlərinin xidmətlərinin elektronlaşdırılması, data əsaslı çevik idarəetmə, vətəndaş məmnuniyyəti və xidmət keyfiyyətinin yaxşılaşdırılmasının təmin olunmasıdır. Portal həm yerli icra hakimiyyəti orqanlarının əməkdaşları, həm də vətəndaşların vaxt və resurslarına qənaət etməyə kömək edəcək. Burada həmçinin, dövlət xidmətlərinin göstərilməsində vətəndaş iştirakının təmin olunması nəzərdə tutulub, bu məqsədlə portalda xüsusi bölmə yaradılıb. “Rəqəmsal İcra Hakimiyyəti” portalı vasitəsilə regionlarda yerli icra hakimiyyətləri tərəfindən göstərilən xidmətlər arasında elektronlaşdırılması mümkün olan xidmətlər vətəndaşlara onlayn rejimdə təqdim edilir.
Portal vətəndaş qəbulu, elektron xidmətlər, elektron iştirakçılıq və məlumatlandırma bölmələri olmaqla dörd istiqamətdə vətəndaşlara xidmət göstərəcək. Belə ki,
- “Vətəndaş qəbulu” bölməsi vasitəsilə bölgədə yaşayan vətəndaşlar yerli icra hakimiyyəti orqanları ilə onlayn və ya fiziki görüş təyin edə bilərlər;
- “Elektron xidmətlər” bölməsində elektronlaşdırılması mümkün olan xidmətlər təqdim olunub.
- “Elektron iştirakçılıq” bölməsində yerli icra hakimiyyəti orqanları həyata keçirilməsi planlaşdırılan layihələr və yeniliklər haqqında vətəndaşların fikir və münasibətlərini öyrənə biləcəklər. Bununla yanaşı, burada vətəndaşlar və yerli icra hakimiyyəti orqanları onlayn sorğu yaratmaq və vətəndaş səsvermələrini izləmək imkanı əldə edəcəklər. Bu bölmə regionlarda data əsaslı qərarvermə və vətəndaş inklüzivliyinə dəstək göstərmək məqsədilə yaradılıb;
- “Məlumatlandırma” bölməsi vasitəsilə yerli icra hakimiyyəti orqanları tərəfindən görülən işlər haqqında məlumat əldə etmək mümkün olacaq.