1 İyun- Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür
31 may 2024-cü il tarixdə Qubadlı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Qubadlı Şəhər 1 saylı körpələr evi - uşaq bağçasında 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr edilmiş tədbir keçirildi. Tədbirdə Qubadlı Rayon İcra Hakimiyyəti başçısının müavini Xoşqədəm Alıyeva, Şərqi Zəngəzur Regional Gənclər və İdman idarəsinin rəisi Natiq Abbasov və rayon sektorunun əməkdaşları, Şərqi Zəngəzur Regional Təhsil idarəsinin rayon sektorunun əməkdaşları, rayon Qadınlar Şurasının sədri Nuriyyə Hüseynova, bağçanın kollektivi, körpə fidanlar və onların valideynləri iştirak edirdilər.
Tədbirdə çıxış edənlər 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə bütün uşaqları təbrik etdilər, onlara cansağlığı, sağlam həyat, gözəl təhsil və xoşbəxt gələcək arzuladılar. Qeyd olundu ki, dünyanın əksər ölkələrində olduğu kimi Azərbaycanda da 1 iyun- Uşaqların Beynəlxalq Müdafiəsi Günü hər il qeyd edilir. Ölkəmizdə insanların, o cümlədən uşaqların rahat və xoşbəxt yaşamaları üçün dövlət tərəfindən mütəmadi olaraq işlər görülür. Uşaqların hüquqlarının qorunması, əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş siyasətin prioritet istiqamətlərindən birini təşkil edir. Ulu Öndər Heydər Əliyev uşaqlara dövlət səviyyəsində qayğını həmişə diqqət mərkəzində saxlayırdı. Ulu Öndərin “Uşaqlar bizim gələcəyimizdir, gələcəyimizi nə cür tərbiyə edəcəyiksə, ölkəmizin, millətimizin, dövlətimizin sabahı bundan asılı olacaqdır” fikri bu siyasi kursun əsas özəyini təşkil edir. Minnətdarlıqla qeyd edildi ki, həmin siyasət bu gün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan uşaqlarına qayğı bu gün də diqqət mərkəzindədir. Prezident İlham Əliyev uşaqların sağlam və firavan böyüməsini, onların rifahının yüksəldilməsini dövlət siyasətinin başlıca vəzifələrindən biri kimi müəyyən edib. Prezident İlham Əliyevin Sərəncamı ilə 2009-cu ilin “Uşaq ili” elan edilməsi də bu sahəyə diqqətdən xəbər verir. Bu həm də onu göstərir ki, Azərbaycan dövləti uşaqların sabahı üçün böyük tədbirlər görür. Bu istiqamətdə sivil qanunvericilik bazası yaradılmışdır. Bu gün Azərbaycanda uşaq hüquqlarının konstitusion qaydada qorunması təmin edilmişdir. Ölkəmiz bu sahədə beynəlxalq konvensiyalara qoşulmuşdur.
Şəhid ailələrinin üzvləri dövlətin hər cür diqqət və qayğısı ilə əhatə olunur, xüsusilə şəhid övladlarına hərtərəfli qayğı göstərilir.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın uşaqların qayğısız yaşamaları üçün göstərdiyi fəaliyyət xüsusilə qeyd edildi. Ulu Öndərin xatirəsinə ehtiram olaraq yaradılan Heydər Əliyev Fondu böyük rəhbərin bu sevgisini, humanist ideyalarını layiqincə yaşadır. Uşaqlara diqqət və qayğı rayon rəhbərliyinin fəaliyyətində əsas yerlərdən birini tutur. Rayonumuzda uşaqların təhsili, yaşayışı üçün normal şəraitin yaradılması rayon rəhbərliyinin gündəlik nəzarətindədir. Rayonda məktəb tikintisi sahəsində, təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində, genişmiqyaslı işlər bunun bariz nümunəsidir. Rayonda uşaq hüquqları sahəsində maarifləndirmə tədbirlərinin təşkili də ənənə halını almışdır.
Tədbir Qubadlı şəhər 1 saylı Körpələr evi-uşaq bağçasının kollektivinin hazırladığı musiqili əyləncəli konsert proqramı ilə davam etdi.
Onuda qeyd edək ki, 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar Qubadlı Rayon İcra Hakimiyyəti tərəfindən rayonun aztəminatlı ailələrindən olan uşaqlara yardımlar olundu.