Şriftin ölçüsü :

Saytın rəngi :

Qubadlı rayon İcra Hakimiyyətində keçirilən 2014-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş yığıncaq haqqında Məlumat

17 iyul 2014 | 15:00

17 iyul 2014-cü il tarixdə Rayon İcra Hakimiyyətinin inzibati binasında Qubadlı rayonunda 2014-cü ilin  birinci yarısında görülən işlər və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş iclas keçirilmişdir.
Yığıncağı giriş nitqi ilə Qubadlı rayon İcra Hakimiyyəti Başçısının müavini, YAP Qubadlı rayon təşkilatının sədri  Allahverdi Haxverdiyev açıq elan etdikdən sonra, məruzə ilə çıxış edən Qubadlı rayon İcra Hakimiyyəti Başçısının müavini Sahib Əliyev demişdir ki, yüksəliş yolu ilə inamla irəliləyən Azərbaycan indi nüfuzlu beynəlxalq tədbirlərin, iqtisadi forumların, mədəniyyət tədbirlərinin  mərkəzinə çevrilməkdədir. Belə mötəbər tədbirlərdə iştirak edən tanınmış siyasətçilərin, ekspertlərin ölkəmizin inkişafına heyranlıqla verdikləri qiymət hər bir ölkə vətəndaşını qürurlandırır. Bütün bu nailiyyətlər Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi müdrik və uzaqgörən strategiyanın Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyev cənabları tərəfindən qətiyyət  və ardıcıllıqla, yaradıcılıqla həyata keçirilməsinin nəticəsidir.
  Bildirilmişdir ki, 2014-cü ilin ötən 6 ayı ərzində Qubadlı rayonunda da xeyli işlər görülmüşdür. Həyata keçirilən tədbirlər köçkünlük şəraitinin xüsusiyyətləri nəzərə alınmaqla, əhalinin kommunal şəraitinin yaxşılaşdırılması, təhsil, səhiyyə, mədəniyyət və sosial sferada inkişafın təmin edilməsi, yeni iş yerlərinin açılması və digər sahələri əhatə edir. İlin birinci yarısında köçkünlərin yığcam məskunlaşdıqları ərazilərdə üzləşdikləri problemlərin aradan qaldırılması, dövlət tərəfindən verilən imtiyazlardan onların tam istifadə edə bilməsi üçün ardıcıl tədbirlər davam etdirilmişdir. Cari ildə son 6 ay ərzində 213 ailənin mənzil-məişət şəraitinin qismən də olsa yaxşılaşdırılmasına nail olunmuşdur. Beləki, Cari ilin altı ay ərzində  Sumqayıt şəhərində 118 ailənin məskunlaşdığı “Şəfa” sanatoriyasının və 42-ci məhəllədə 79 ailənin məskunlaşdığı 10 saylı Peşə Liseyinin ümumi istifadə sahələrində Məcburi Köçkünlərin Sosial İnkişafı Fondu tərəfindən əsaslı təmir işləri aparılmışdır. 
Rayon İcra Hakimiyyəti tərəfindən isə Sumqayıt şəhərində məskunlaşan 7 ailənin mənzilinin,  Kompressor zavodu ərazisində yerləşən Xələc kənd tam orta məktəb binasının dam örtüyü  təmir edilmişdir. 
Mənzil şəraitinin yaxşılaşdıdılması üçün şəraiti çox ağır olan 3 ailə “Şəfa” sanatoriyasında mənzillə təmin olunmuş, 3 ailəyə müxtəlif tikinti materialları ilə, 1 şəhid ailəsinə fərdi mənzilinin  tikintisini başa çatdırması üçün 1500 manat pul vəsaiti ilə  köməklik edilmiş, 2 məcburi köçkün ailəsinin mənzillərində təmir işləri görülmüşdür.
Rayon əhalisinin məşğulluq məsələsi 2014-cü ilin ilk yarısında da diqqət mərkəzində olmuşdur. Hazırda  rayon üzrə əmək ehtiyatlarının cəmi 18 min 969,  iqtisadiyyatla məşğul olanların sayı isə 10 min 748 nəfərdir.
Hesabat dövründə rayonda idarə, müəssisə və təşkilatların iş şəraitlərinin yaxşılaşdırılması istiqamətində işlər davam etdirilmişdir. Belə ki, hazırda “İnşaatçılar” qəsəbəsindəki 2 mərtəbəli ictimai bina əsaslı təmir edilərək yenidən qurulur. Burada rayonun inzibati ərazi dairələri üzrə nümayəndəlikləri üçün normal iş şəraiti yaradılacaqdır. Bundan əlavə hazırda həmin binanın həyətində işçilərin istifadəsi üçün ictimai iaşə obyektinin tikintisinə də başlanmışdır.
Hesabat dövründə əhalimizin aztəminatlı hissəsi, şəhid ailələri diqqətdə saxlanılmışdır. Son  altı ay ərzində şəhid ailələrinə 6310 kq un, 1262 kq düyü, 1262 kq şəkər tozu, 126 kq çay, 1262 litr bitgi yağı yardım edilmişdir. Digər kateqoriyadan olan aztəminatlı ailələrə 4951 manatlıq sənaye malı paylanmışdır. Yas mərasimlərinin təşkili, müalicə xərclərinin ödənilməsi və digər məsələlərlə bağlı ayrı-ayrı köçkünlərə Rayon İcra Hakimiyyəti tərəfindən  45 min manat vəsait ödənilmişdir.
Rayonda əlil uşaqlara, belə uşaqı olan ailələrə xüsusi diqqət göstərilir. Beynəlxalq Uşaqları Müdafiə Günü ərəfəsində yataq xəstəsi olan 18 əlil uşaqa 900 manat məbləğində pul vəsaiti ilə köməklik edilmişdir. Həmin uşaqların fərdi qaydada tikilmiş geyim dəstləri ilə təmin edilməsi və onların ailələrinə yardım göstərilməsi üçün Dövlətqaçqınkom qarşısında qaldırılmış məsələyə Komitə tərəfindən müsbət yanaşılmışdır.
Məruzəçi sonda əminliklə vurğuladı ki,  hər zaman dövlətçiliyimizə, Heydər Əliyev ideallarına sədaqəti ilə seçilən rayonumuzun əhalisi, fəallarımız qarşıda qoyulan vəzifələrin yerinə yetirilməsində öz layiqli töhfələri ilə çıxış edəcəklər.
Sonra  iclasda  çıxış edən idarə, müəssə və təşkilat rəhbərləri görülən işlərdən bəhs edərək ölkə Prezidenti İlham Əliyev cənablarının apardığı daxili və xarici siyasətin rayon əhalisi tərəfindən dəstəkləndiyini bildirdilər.
Sonra  müzakirə edilən məsələ ilə bağlı qərar qəbul edildi.
Sonda Qubadlı rayon İcra Hakimiyyəti Başçısının müavini Allahverdi Haxverdiyev dövlət qulluğunda səmərəli fəaliyyətinə görə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Tərəqqi” medalı təltif edilmiş Qubadlı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndənin müavini Qəndili xanım Allahverdiyevaya həmin medal təqdim olundu.

Keçidlər