Qubadlı rayonunun 06 avqust 1992-ci il şəhidlərinin Anım mərasimi
Şəhidlərin xatirəsinin anılması, şəhid ailələrinə diqqət və qayğı rayon rəhbərliyinin diqqət mərkəzində olan məsələlərdəndir. RİH başçısı cənab Malik İsaqovun tapşırığı ilə şəhid ailələrinin problemləri vaxtaşırı olaraq öyrənilir, həllinə köməklik göstərilir. Əlamətdar bayram günlərində şəhid ailələrinə bayram sovqatları verilir.
06 avqust 2014-cü il tarixdə Qubadlı RİH-nin təşkilatçılığı ilə Şəfa sanatoriyasının mərasim evində Qubadlı rayonunun 6 avqust 1992-cü il tarixində ölməzlik zirvəsinə yüksəlmiş 12 nəfər şəhidinin anım mərasimi keçirildi. Tədbirdə Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı cənab Malik İsaqov, Milli Məclisin deputatı İmanverdi İsmayılov, Qubadlı RİH-nin məsul işçiləri, hüquq mühafizə oraqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, respublikanın digər dövlət orqanlarının nümayəndələri, ictimaiyyət nümayəndələri və şəhid ailələri iştirak edirdi.
Tədbirdən öncə şəhidlərin məzarları ziyarət edilərək gül dəstələri qoyuldu. Sonra tədbir mərasim zalında davam etdirildi.
Anım mərasimi açıq elan olunduqdan sonra, Azərbaycan dövləti və xalqı uğrunda canından keçmiş bütün şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Daha sonra şəhidlərin keçdiyi şərəfli ömür yolundan bəhs edən videogörüntü nümayiş etdirildi.
Anım mərasimində nitq söyləyən Qubadlı rayon İcra Hakimiyyəti başçısı cənab Malik İsaqov qeyd etdi ki, Qubadlılar 5 ilə yaxın Ermənistan təcavüzkarlarına qarşı mərdliklə mübarizə aparmışlar. Bu mübarizədə 238 nəfər Qubadlı sakini şəhid olmuş, 200 nəfərə yaxın ağır yaralanmış, 316 nəfər əlil olmuş, 100 nəfərdən çox itgin düşmüşdür. Şəhidlərdən 8-i Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə Azərbaycanın Milli Qəhrəmanı adı ilə təltif olunmuşdur..
Torpaqlarımızın müdafiəsi zamanı rayonumuzun Qaracallı kənd ərazi nümayəndəliyinin sakinləri də fədakarlıq nümayiş etdirmişlər. Təkcə bir döyüşdə -1992-ci ilin avqust ayının 6-da Laçın rayonunun Qızartı və Susuzdağ yüksəklikləri uğrunda gedən döyüşlərdə şəhid olan 12 nəfərdən 9 nəfəri bu nümayəndəliyin sakinidir. Həmin şəhidlərin 8-i bir kənddən-Qarağaclı kəndindəndir.
Bu döyüşlərdə şəhid olanların 4 nəfəri Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür.
Sonra başçı xüsusilə vurğuladı ki, şəhid ailələrinə qayğı həmişə dövlətin diqqət mərkəzindədir. Son illər Respublikamızda şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, onların mənzil məişət şəraitinin yaxşılaşdırılmasına yönəlmiş tədbirlər bunun bariz nümunəsidir.
Tədbirdə çıxış edən digər şəxslər, şəhidlərin ailə üzvüləri belə tədbirlərin təşkili üçün rayon rəhbərliyinə öz minnətdarlıqlarını bildirdilər. Azərbaycan dövlətinin şəhid ailələrinə göstərdiyi qayğıdan razılıqlarını ifadə etdilər.
Sonra tədbir ədəbi bədii kompazisiya ilə davam etdirildi.