2 sentyabr 2014-cü il tarixdə Qubadlı rayonu İcra Hakimiyyətinin akt zalında Təhsil işçilərinin ənənəvi sentyabr konfransı keçirildi.
Təhsil işçilərinin ənənəvi sentyabr konfransı
Haqqında
Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqovun, Azərbaycan Respublikası Təhsil Nazirliyinin məsul işçisi İlham Priməmmədovun, idarə, müəssisə və təşkilat rəhbərlərinin, ictimaiyyət nümayəndələrinin də iştirak etdiyi konfransda Rayon Təhsil şöbəsinin müdiri A. Allahverdiyeva məruzə ilə çıxış etdi. Məruzəçi öz çıxışında hər il olduğu kimi 2013-2014-cü tədris ilində də rayonun təhsil sahəsində yüksək nailiyyətlər qazanıldığını xüsusi qeyd edərək bu uğurları dövlət başçısının və rayon rəhbərliyinin təhsil sahəsinə göstərdiyi xüsusi qayğının nəticəsi kimi qiymətləndirdi.
Qeyd olundu ki, məhz bu qayğı sayəsində rayonumuzda fəaliyyət göstərən məktəblər yeni dərs ilinə hazırdır. Məktəblərin mütləq əksəriyyətində müasir istilik sistemi quraşdırılmış, bütün məktəblər lazımi inventarlarla təchiz olunmuşdur.
Hər il yüzlərlə məzunu tələbə adını qazanan Qubadlı rayonunda bu tədris ilində 355 nəfər məktəbi bitirmişdir ki, bunlardan da 170 nəfər ali məktəblərə qəbul olunmuşdur. Qəbul imtahanlarında iştirak edənlərin 60 faizi tələbə adını qazanmışdır.
Bu il tələbə adını qazananların 21 nəfəri 500-dən yuxarı bal toplamışdır. Onların 8 nəfəri isə 600-dən yuxarı bal toplayanlardır.
Qeyd olundu ki, ötən dərs ilində IX siniflərdə mərkəzləşmiş imtahanlarda iştirak edən 556 nəfər şagirdin 74 faizi, XI sinif imtahanlarında məzunların 88 faizi müvəffəq qiymət almışlar. BU özlüyündə xeyli yaxşı nəticə olsa da, növbəti illərdə bu göstəricilərin artırılması başlıca vəzifələrdən olmalıdır.
Konfransda Qubadlı rayon İcra Hakimiyyətinin başçısı cənab Malik İsaqov geniş nitq söylədi. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan siyasətdə təhsil sahəsinə diqqətin prioritet olduğunu, Prezident İlham Əliyev cənablarının rəhbərliyi ilə bu siyasətin yeni mərhələyə qədəm qoyduğunu bildirdi. Qeyd etdi ki, bu gün Azərbaycanda müstəqil bir ölkənin mükəmməl təhsil sistemi qurulmaqdadır. Müasir təhsil texnologiyalarının öyrənilməsi, ümumiləşdirilərək milli zəmində inkişaf etdirilməsi, ümumi təhsilin məzmunu, texnologiyaları və qiymətləndirilməsi sahələrində böyük irəliləyişlər, təhsilin humanistləşdirilməsi və demokratikləşdirilməsi istiqamətində yüksək nailiyyətlər əldə olunur, təhsilin məzmunu və strukturunda müasir dünyanın tələblərinə uyğun dəyişikliklərin aparılması istiqamətində səmərəli işlər görülür.
Bu siyasətin uğurlu nəticələrinin Qubadlı rayonunun həyatında da parlaq əks olunduğunu vurğulayan başçı bu istiqamətdə işlərin bundan sonra da davam etdiriləcəyini dedi. Qubadlı rayonunda Təhsil sahəsində əldə oluna uğurlardan bəhs edən başçı qeyd etdi ki, bunlarla kifayətlənmək olmaz. Çünki yaradılmış baza daha yüksək göstəricilər üçün zəmin yaradır. Daha sonra Rayon İcra Hakimiyyətinin başçısı təhsildə qarşıda duran vəzifələrin yerinə yetirilməsinə dair tövsiyyələrini diqqətə çatdırdı.
Konfransda digər çıxış edənlər də ötən dərs ilinin Qubadlı rayonu üçün uğurlu nəticələndiyini qürurla səsləndirdilər, bunun ölkəmizdə aparılan siyasətin məntiqi nəticəsi olduğunu minnətdarlıqla qeyd etdilər. Rayon rəhbərliyinin bütün digər sahələrdə olduğu kimi, məktəb tikintisi sahəsində həyata keçirdiyi tədbirlərin də ictimai rəğbət doğurduğunu bildirdilər.
Sonda yüksək balla ali məktəblərə daxil olan məzunlara və təhsil sahəsində xüsusi fəaliyyəti olan işçilərnə fəxri fərmanlar və qiymətli hədiyyələr verildi.