Şriftin ölçüsü :

Saytın rəngi :

Qubadlı rayon İcra Hakimiyyətində 2014-cü ilin 9 ayının sosial-iqtisadi yekunlarına həsr edilmiş yığıncaq keçirilmişdir.

17 oktyabr 2014 | 15:00

17 oktyabr 2014-cü il tarixdə Qubadlı rayon İcra Hakimiyyətində 2014-cü ilin 9 ayının sosial-iqtisadi yekunlarına həsr edilmiş yığıncaq keçirilmişdir.
Yığıncaqda Qubadlı rayon İcra Hakimiyyətinin Başçısı cənab Malik İsaqov “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş yığıncağında irəli sürülmüş müddəa və göstərişlərlə əlaqədar  rayonun icra strukturlarının, idarə, müəssisə və təşkilatlarının vəzifələri barədə”  məruzə etmişdir. Məruzəçi bildirmişdir ki, əvvəliki dövrlərdə olduğu kimi, cari ilin 9 ayında da ölkəmizdə iqtisadi siyasətin prioritet istiqamətləri üzrə əhəmiyyətli işlər görülmüş, nəticədə ölkə əhalisinin rifah halı xeyli dərəcədə yaxşılaşmışdır. 2014-cü ilin oktyabr ayının 8-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin 9 ayının sosial- iqtisadi inkişafının yekunlarına həsr edilmiş yığıncağı da bunu bir daha təsdiq etmişdir. İlin 9 ayında ümumi daxili məhsulda 2,5 faiz, qeyri-neft sektorunda təxminən 6 faiz artım müsbət hal kimi dəyərləndirmişdir. Əhalinin real pul gəlirlərinin 5.4 faiz artması fonunda infilyasiya 1,5 faiz  olmuşdur.
Məruzəçi qeyd etmişdir ki, ilin ilk 9 ayında  sosial sahələrin inkişafı yenə də diqqət mərkəzində saxlanılmış, bir sıra  sosial layihələr icra olunmuşdur. Valyuta ehtiyatları 53 milyardı keçmişdir. Ölkə iqtisadiyyatına 19 milyard dollar  investisiya yönəldilmişdir ki, bunun 11 milyardını yerli kapital təşkil edir. Cari ildə 80 mini daimi olmaqla 100 min yeni iş yerlərinin açılması çox uğurlu  bir haldır.  Dünyanın aparıcı reytinq agentlikləri Azərbaycanın kredit reytinqini artırır. Davos Dünya İqtisadi Forumu Azərbaycan iqtisadiyyatının rəqabətəqabiliyyətliliyini yüksək qiymətləndirərək 38-ci yerə layiq bilmişdir.
Hesabat dövründə ordu quruculuğu, ordunun döyüş qabiliyyətinin artırılması istiqamətində də uğurlu nəticələrdən bəhs edən başçı bu davamlı inkişafın əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan düşünülmüş siyasətin, sabitlik mühitinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsi olduğunu bildirmişdir.
Məruzəçi davam edərək bildirmişdir ki, hazırda rayonun 35,9 min nəfər  əhalisi respublikanın 42 müxtəlif şəhər və rayonunda müvəqqəti məskunlaşmışdır. Hesabat dövründə rayonda miqrasiya vəziyyəti sabit olaraq qalmışdır.
2014-cü  ilin 9 ayı ərzində 292 doğum, 183 ölüm faktı qeydə alınmaqla əhalinin təbii artımı 109 nəfər təşkil etmişdir. 145 nikah bağlanmış, 43 boşanma halı qeydə alınmışdır.
Cari ilin ötən doqquz ayında rayonda məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşması, onların kommunal problemlərinin aradan qaldırılması istiqamətində işlər davam etdirilmişdir.
Sumqayıt şəhərində 118 ailənin məskunlaşdığı “Şəfa” sanatoriyasının və 42-ci məhəllədə 79 ailənin məskunlaşdığı 10 saylı Peşə Liseyinin ümumi istifadə sahələrində əsaslı təmir işləri aparılmışdır. Hazırda “İnşaatçılar” qəsəbəsində məcburi köçkünlərin yığcam məskunlaşdıqları  1 və 8 saylı Peşə Liseylərində ümumi istifadə sahələrində təmir işləri aparılır. Müxtəlif ünvanlarda məskunlaşmış 7 ailənin mənzilinin və  Xələc kənd tam orta məktəb binasının dam örtüyü  təmir edilmişdir. Bundan əlavə 11-ci mikrorayondakı 2b nömrəli binanın 1868 m2 dam örtüyü yumuşaq dam örtüyü  materialı ilə  təmir edilmişdir. İşıqlı, Mahruzlu və Xocahan kənd tam orta məktəblərinin həyətinə ümumilikdə 3888 m2 asfalt örtük döşənmişdir.  40-cı məhəllədəki bir binanın dam örtüyünün təmiri davam edir.
1 Böyük Vətən Müharibəsi veteranı ailəsi Mehdiabad qəsəbəsində, mənzil şəraiti  ağır olan 3 ailə isə Sumqayıt şəhərindəki “Şəfa” sanatoriyasında mənzillə təmin olunmuşdur. Sumqayıt şəhəri, birləşmiş məhəllənin ərazisində vaqon evdə məskunlaşan 1 köçkün ailəsi üçün həmin əraziyə yaxın yerdə fərdi mənzilin tikintisinə də yaxından köməklik göstərilmişdir. Bunlardan əlavə Sumqayıt şəhəri, 10 saylı Peşə Liseyində mənzil şəraiti darısqal olan bir ailəyə mənzilinin qarşısında əlavə bir otaq tikilmiş, 4 ailəyə müxtəlif tikinti materialları, 1 şəhid ailəsinə fərdi mənzilinin  tikintisini başa çatdırması üçün 1500 manat pul vəsaiti verilmiş, daha bir şəhid ailəsinə fərdi mənzilin tikilməsi üçün torpaq sahəsinin ayrılmasına və orada mənzilin tikintisi üçün tikinti materialları ilə  köməklik edilmişdir. 8 saylı Peşə Liseyində 3 aztəminatlı məcburi köçkün ailəsinin yaşadıqları mənzillər də təmir olunmuşdur.
Ümumiyyətlə, ötən 9 ay ərzində 220-yə qədər ailənin mənzil-məişət şəraitinin bu və ya digər dərəcədə yaxşılaşdırılmasına nail olunmuşdur.
Əhaliyə göstərilən kommunal xidmətlərdən bəhs edən başçı qeyd etmişdir ki, ötən müddətdə Rayon İcra Hakimiyyətinin köməkliyi ilə 40-cı məhəllədə köçkünlərin yaşadıqları binanın kanalizasiya xətti dəyişdirilmişdir. 47-ci məhəllədə istifadəyə verilmiş mərasim evində istilik sistemi quraşdırılmış, həmin ərazidə ümumi istifadə üçün çörəkbişirmə otağı tikilmişdir.  42-ci məhəllədə yerləşən 10 saylı Peşə Liseyinin binasında  200 metr su xətti yenisi ilə əvəz edilmiş, elektirik təminatını yaxşılaşdırmaq məqsədilə “Dövlətqaçqınkom”dan 300 metr kabel alınaraq binaya gələn xəttin dəyişdirilməsi işinə başlanmışdır.
Başçı sonra qeyd etmişdir ki, cari ilin ötən dövrü ərzində məcburi köçkünlərin yığcam məskunlaşdıqları ərazilərdə abadlıq işləri, eləcə də onların istirahətləri üçün münasib şəraitin yaradılması da diqqətdən kənarda qalmamışdır.  Bu məqsədlə 9 ay ərzində 15 min kvadratmetrə qədər asfalt işləri görülmüşdür.
40 və 47-ci məhəllələrdə, 11-ci mikrorayonda məcburi köçkünlərin məskunlaşdıqları binaların həyətində bir neçə istirahət güşələri yaradılmış, həyətlərdə əlavə olaraq 22 oturacaq quraşdırılmışdır.
Hesabat dövründə rayonda idarə, müəssisə və təşkilatların iş şəraitlərinin yaxşılaşdırılması istiqamətində  işlər davam etdirilmişdir. Belə ki,  “İnşaatçılar” qəsəbəsində 2 mərtəbəli ictimai binada əsaslı təmir və yenidənqurma işləri demək olar ki, başa çatdırılmışdır. Həmin binada rayonun inzibati ərazi dairələri üzrə nümayəndəlikləri yerləşdiriləcək. Eyni zamanda binanın həyətində işçilərin istifadəsi üçün ictimai iaşə obyektinin və istirahət guşəsinin tikintisi və həyətdə aparılan  abadlıq işləri tamamlanmaqdadır.
Cari ilin ötən dövründə rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə bir sıra kütləvi tədbirlər də keçirilmişdir. Bu sırada Ümummilli Lider Heydər Əliyevin anadan olmasının  91 illik yubileyinin təntənə ilə qeyd edilməsi, şəhidlərin və Milli Qəhrəmanların xatirəsinə həsr edilmiş anım tədbirləri, rayonun işğalının 21-ci ildönümünə həsr edilmiş “Döyüş alnımıza yazılıb” adlı kütləvi meydan kompozisiyası qeyd edilə bilər.
Qeyd edilmişdir ki, rayonun işğalı günü ilə bağlı tədbirin belə tədbirlərin ənənəvi formatından imtina edilməklə yeni formatda təşkil olunması respublikada təqdir edilməklə, gənclərin vətənpərvərliyinin, əhalinin ruh yüksəkliyinin artırılması baxımından təsirinə görə yaddaqalan olmuşdur.
Məruzəçi bildirmişdir ki, 2014-cü ilin ötən dövrü ərzində rayon əhalisinin aztəminatlı hissəsi, şəhid ailələri diqqətdə saxlanılmışdır. 9 ay ərzində Rayon İcra Hakimiyyəti tərəfindən  şəhid ailələrinə 9475 kq un, 1895 kq düyü, 1895 kq şəkər tozu, 189 kq çay, 1895 litr bitgi yağı yardım edilmişdir. Digər kateqoriyadan olan aztəminatlı ailələrə 5 min 216 manatlıq sənaye malı paylanmışdır. Yas mərasimlərinin təşkili, müalicə xərclərinin ödənilməsi və digər məsələlərlə bağlı ayrı-ayrı sakinlərə 62 min 750 manat vəsait ödənilmişdir.
Bundan başqa Beynəlxalq Uşaqları Müdafiə Günü ərəfəsində yataq xəstəsi olan 18 əlil uşağa 900 manat məbləğində pul vəsaiti ilə köməklik edilmişdir. 173 əlil uşağa 173 dəst yataq dəsti və 346 dəst geyim paltarı paylanmışdır.
Çıxışına davam edən başçı qeyd etmişdir ki, 2014-cü ilin ötən 9 ayı uğurlarla yanaşı faciə ilə də yadda qalmışdır. Bu ilin sentyabr ayının 8 də Xırdalan şəhərində Qubadlı rayonundan olan köçkünlərin də məskunlaşdığı binada partlayış baş vermişdir. Hadisə nəticəsində 20 ailəmiz zərər çəkmişdir. Sakinlərimizdən 3 nəfər dünyasını dəyişmiş, 1 nəfər xəsarət almışdır. Görülmüş xilasetmə işləri nəticəsində daha çox insan itkisinin qarşısı alınmışdır.
Aidiyyəti hökümət qurumları tərəfindən həmin binada yaşayan ailələr müvəqqəti olaraq çadır düşərgəyə köçürülmüşdür. Orada lazımi şərait yaradılmış, ailələrə gündə 3 dəfə yemək verilməsi təmin edilmişdir. Ölən rayon sakinlərinin dəfn və yas mərasimləri rayon İcra Hakimiyyəti tərəfindən təşkil edilmiş, bu məqsədlə 5 min manat xərclənmişdir. Xəsarət alan sakinimizin müalicə olunması ilə bağlı məsələlər daim diqqətdə olmuşdur. Bunlardan əlavə rayonun daxili imkanları hesabına ailə üzvləri həlak olmuş 2 köçkün ailəsinin hər birinə 3 min manat, xəsarət almış köçkünə isə 2 min manat olmaqla cəmi 8 min manat pul yardımı göstərmişdir.
M. İsaqov bildirmişdir ki, cari ilin ötən 9 ayı ərzində rayonun idarə, müəssisə və təşkilatları, icra strukturları qarşıya qoyulmuş vəzifələrin icrasına əsasən nail olmuşlar.
Rayonda  büdcə vəsaitindən səmərəli istifadə olunması üçün ardıcıl iş aparılır. 9 ay ərzində yerli gəlirlərdən daxil olmaların icrası 2 milyon 8 min 886 manat proqnoz rəqəminə qarşı 2 milyon 80 min 114 manat, yaxud 71 min 228 manat çox yerinə yetirilmişdir. Rayon üzrə vergidaxilolma proqnozu 102,2  faiz icra edilmişdir.
Bütün növ müavinət və pensiyalar vaxtlı-vaxtında ödənilmişdir. 4 nəfər 1941-1945-ci illər müharibəsi əlili, 11 nəfər Qarabağ müharibəsi və 2 nəfər ÇAES əlilləri dövlət tərəfindən pulsuz avtomaşınla təmin edilmiş, 2 nəfər Qarabağ müharibəsi əlili və 1 nəfər 1941-1945-ci illər müharibəsi əlili isə maşın almaq üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində növbəyə götürülmüşdür.
Rayon üzrə əmək ehtiyatlarının cəmi 18 min 969 nəfərdir. Əhalinin iqtisadi fəallıq səviyyəsi 60,2 faiz, məşğulluğun səviyyəsi 95,2 faizdir. Məşğul əhalinin 3 min 160 nəfəri dövlət müəssisələrində, 7 min 647 nəfəri qeyri dövlət müəssisələrində çalışırlar. 2004-cü ildən ötən dövr ərzində rayonda  3 min 17  yeni iş yeri yaradılmışdır ki, bunun da 195-i cari ilin doqquz ayına təsadüf edir.
Məruzəçi bildirmişdir ki, kənd təsərrüfatı məhsullarının istehsalında da irəliləyiş olmuşdur.   Arıcılıq bu istiqamətdə nümunə ola bilər. Belə ki, hazırda rayonda 4 min 188 arı ailəsi saxlanılır. Bu da ötən ilkindən 548 ailə çoxdur. Fərdi təsərrüfatlarda saxlanılan iribuynuzlu mal-qaranın sayında 217 baş, qoyun-keçilərin sayında isə 819 baş artım olmuşdur.
Rayon Təhsil sistemində dərs ilinin yekununa görə müvəffəqiyyət faizi 99,8 faiz olmuşdur. Tam orta təhsil pilləsini bitirən 355 nəfər məzunun 281 nəfəri, yaxud 79 faizi ali məktəblərə qəbul imtahanlarında iştirak etmişdir. Onlardan 163 nəfəri respublikanın, 7 nəfəri isə Türkiyə Respublikasının ali məktəblərinə qəbul olunmuşlar. Beləliklə, rayon üzrə ali məktəblərə qəbul  60,5 faiz  olmuşdur ki, bu da ötən ilki nəticədən (55,70 faiz) yaxşıdır
Ötən 9 ay ərzində Mərkəzi Xəstəxananın Poliklinika şöbəsində və 2 tibb məntəqəsində 18 min 673 ambulator xəstə qəbul edilmişdir. Poliklinikada hazırda 398 xəstə şəkərli diabet diaqnozu ilə dispanser qeydiyyatındadır  və bütün xəstələr vaxtlı-vaxtında dərman preparatları ilə təmin olunurlar. Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən əhalinin kütləvi tibbi müayinədən keçirilməsi işi rayonda uğurla yerinə yetirilmiş, Sumqayıt şəhərində məskunlaşan 22 min 700 nəfər əhalinin 20 min 179 nəfəri, yaxud 88,8 faizi rayon poliklinikasının imkanlarından istifadə etmişdir.
Ötən 9 ay ərzində rayon Mədəniyyət və turizm şöbəsi tərəfindən bir çox tədbirlər təşkil edilmişdir.
Qubadlı gəncləri də cari ilin 9 ayı ərzində bir sıra uğurlara imza atmışlar. Bu müddətdə 5 idmançımız dünya və Avropa çempionu adını qazanmışdır. Daha 47 idmançımız Respublika birincikliklərinin və turnirlərinin qalibi olmuşlar. Rayon İcra Hakimiyyəti tərəfindən beynəlxalq yarışlara gedən 4 idmançıya köməklik göstərilmiş, yarışlarda fəqlənən idmançılara pul mükafatı və digər həvəsləndirici mükafatlar verilmişdir.
Rayonun hüquq mühafizə orqanları xidməti vəzifələrin yerinə yetirilməsini təmin etmişlər. Səfərbərlik və Hərbi Xidmətə Çağrış üzrə Dövlət Xidmətinin Qubadlı rayon Bölməsi tərəfindən gənclərin həqiqi hərbi xidmətə göndərilməsi işi uğurla davam etdirilir. Hesabat dövrü 136 nəfər rayon sakini həqiqi hərbi xitmətə çağrılmışdır. 277 nəfər gənc ilkin qeydiyyata alınmışdır.
Hesabat dövründə rayon İcra Hakimiyyətində vətəndaş müraciətlərinə diqqət və qayğı ilə yanaşılmışdır. Bu müddətdə  Rayon İcra Hakimiyyəti başçısı tərəfindən 267 nəfər qəbul edilmişdir. Müraciətlərdən 162-si müsbət həll edilmiş, 80 nəfərə müvafiq izahat verilmiş, 25 müraciət isə icraata götürülərək həlli nəzərdə tutulmuşdur.
Bundan əlavə Rayon İcra Hakimiyyəti başçısı tərəfindən keçirilən 30 səyyar qəbul zamanı vətəndaşlardan 128 müraciət daxil olmuşdur ki, onlardan 87-i operativ qaydada müsbət həll edilmiş, 21 müraciətlə bağlı müvafiq izahlar verilməklə tədbirlər görülmüş, 20 müraciətlə əlaqədar aidiyyatı üzrə məsələ qaldırılaraq nəzarətdə saxlanılır.
Vətəndaş müraciətlərinə həssas yanaşma rayon  İcra Hakimiyyətinin ciddi önəm verdiyi məsələlərdən olduğunu qeyd edən başçı demişdir ki, 2014-cü ilin may ayında rayon İcra Hakimiyyəti Başçısının əmrinə əsasən yaradılmış işçi qrupları tərəfindən bir sıra idarə, təşkilat və müəssisələrdə vətəndaş müraciətlərinə baxılması, müvafiq kargüzarlıq işlərinin aparılması vəziyyəti araşdırılmışdır. Araşdırmanın nəticəsi rayon İcra Hakimiyyətinin Başçısı yanında şurada müzakirə edilmiş, nöqsanlara yol vermiş şəxslər barəsində ciddi intizam tədbirləri görülmüşdür. Bu iş nəzarətdə saxlanılır.
Başçı sonda bildirmişdir ki, Prezident İlham Əliyev tərəfindən həyata keçirilən siyasəti birmənalı olaraq dəstəkləyən Qubadlı rayonunun əhalisi, idarə, müəssisə, təşkilat rəhbərləri və fəallarımız bundan sonra da öz mövqelərini qoruyub saxlayacaq və Prezident İlham Əliyevin 2014-cü ilin 9 ayının yekunu ilə əlaqədar etdiyi çıxışdan irəli gələn vəzifələrin həllinə çalışacaqlar.
Sonra yığıncaqda Qubadlı rayon Maliyyə şöbəsinin müdiri Kəmaləddin Rüstəmov, rayon Gənclər və idman idarəsinin rəisi Natiq Abbasov, rayon İcra Hakimiyyəti Başçısının Həmzəli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Qadir Mikayılov çıxış etdilər.
Sonda müvafiq qərar qəbul edildi.

Keçidlər