1 dekabr- Ümumdünya QİÇS-lə mübarizə günü
Hər il, 1988-ci ildən başlıyaraq, dekabr ayının 1-də Ümumdünya QİÇS-lə mübarizə günü qeyd edilir. Bu tarix dünya ictimaiyyətinin diqqətini qlobal pandemiya miqyasını almış İİV-infeksiyasına qarşı mübarizəyə cəlb etmək məqsədilə təsis olunmuşdur. Bu məqsədlə 1 dekabr 2014-cü il tarixində Qubadlı rayon İcra Hakimiyyətini və Qubadlı rayon Gənclər və İdman idarəsinin təşkilatçılığı ilə Ümumdünya QİÇS-lə mübarizə gününə həsr olunmuş tədbir təşkil edilmişdir. Qubadlı rayon Hafiz Quliyev adına Çaytumas məktəb-liseyində keçirilən tədbirdə RİH-nin müavini Xoşqədəm Alıyeva, Rayonun idarə, müəssisə və təşkilatlarının, ictimaiyyətin nümayəndələri, rayon gəncləri və məktəblilər iştirak edirdilər.
Tədbir açıq elan edildikdən sonra “Narkomaniya bəşəriyyatın bəlasıdır” mövzusunda məruzə ilə çıxış edən Qubadlı rayon Gənclər və İdman idarəsinin rəisi N. Abbasov qeyd etdi ki, hər il Ümumdünya QİÇS-lə mübarizə günü hazırda aktual problemləri əks edən müxtəlif şuarlar altında keçirilir. BMT-nin təşəbbüsü ilə, 2011-ci ildən başlayaraq 2015-ci ilə kimi, Ümumdünya QİÇS-lə mübarizə günü "Sıfır məqsədini əldə etməyə doğru " şuarı altında keçirilir. Yəni, sıfır - yeni yoluxma halları, sıfır - İİV-lə yaşayan insanlara qarşı ayrı-seçkilik halları və sıfır - QİÇS -lə bağlı ölüm halları.
Natiq vurğuladı ki, BMT-nin İİV/QİÇS üzrə Birləşmiş proqramının hesabatında göstərilir ki, 2012-ci ildə QİÇS pandemiyasının qarşısının alınmasında bir sıra nailiyyətlər əldə edilmişdir. Belə ki, 2012-ci ilin sonuna xilasedici antiretrovirus-terapiya tətbiq olunan insanların sayı 9,7 milyon təşkil etmişdir və 2011-ci ilə nisbətən 20% artmışdır. Həmin müalicənin nəticəsi kimi 2012-ci ildə QİÇS-lə bağlı ölüm hallarının sayı 2005-ci illə müqaisədə 29% azalmışdır.
Məruzə nitqindən sonra Narkomaniya və QİÇS-in törətdiyi fəsadları əks etdirən video çarx nümayiş etdirildi.
Tədbirdə Qubadlı Rayon polis şöbəsinin rəis müavini Rəsulov İlham, Rayon Mərkəzi Xəstəxanasının həkimi Allahverdiyeva Aygün çıxış edərək bildirdilər ki, dünya miqyasında 2012-ci il ərzində 2001-ci illə müqaisədə böyüklər və yeniyetmələr arasında İİV-ə yeni yoluxma halları 33% azalmışdır, uşaqlar arasında isə 52% azalmışdır.
Eyni zamanda UNAİDS-in hesabatında narahat edici fakt kimi qeyd edilir ki, İİV-ə yeni yoluxma halları Şərgi Avropa və Mərkəzi Asiyada 2006-cı ildən bəri 13% artmışdır, Yaxın Qərb və Şimali Afrikada isə 2001-ci ildən 2 dəfə artmışdır.
UNAİDS-in məlumatına görə, 2012-ci ilin sonuna yer kürəsində İİV-lə yaşayan insanların sayı 35,3 milyon təşkil etmişdir ki, onlardan da 17,7 milyonu qadın, 3,3 milyonu uşaqdır. Dünya üzrə 2012-ci il ərzində İİV-ə yeni yoluxmuş insanların sayı 2,3 milyon, QİÇS-dən vəfat etmiş insanların sayı isə 1,6 milyon olmuşdur.
1 dekabr- Ümumdünya QİÇS-lə mübarizə gününə həsr olunmuş tədbirdə son nitq söyləyən RİH başçısının müavini X. Alıyeva qeyd etdi ki, İİV/QİÇŞ problemi Azərbaycanda da ən aktual problemdir. Azərbaycan İİV-ə yoluxma səviyyəsi aşağı olan ölkələr sırasına daxildir və İİV epidemiyasının müntəzəm aparılan monitorinqi onun əsasən yoluxmaya yüksək riskli əhali qrupuna aid olan inyeksion narkotik istifadəçiləri arasında yayılmasını təsdiqləyir. İndi İİV-ə görə müayinənin əlçatanlığını təmin etmək məqsədi ilə ölkə ərazisində 50 məntəqədən ibarət könüllü məsləhət və müayinə şəbəkəsi yaradılmaqdadır. Əvvəlki illərdə olduğu kimi, 2014-cü ilin 11 ayı ərzində əhali arasında maarifləndirmə tədbirləri davam etdirilmişdir.
Tədbir daha sonra mədəniyyət evinin özfəaliyyət kollektivlərinin hazırladıqları ədəbi, bədii kompazisiya ilə davam etdirildi.
1 dekabr- Ümumdünya QİÇS-lə mübarizə günü tədbirinin
Iş qaydası
1. Qubadlı rayon Gənclər və İdman idarəsinin rəisi Natiq Abbasov –məruzəçi
2. Video çarx
3. Qubadlı Rayon polis şöbəsinin rəis müavini Rəsulov İlham
4. Rayon Mərkəzi Xəstəxanasının həkimi Allahverdiyeva Aygün
5. Mədəniyyət evinin özfəaliyyət kollektivlərinin hazırladıqları ədəbi, bədii kompazisiya
6. Qubadlı RİH başçısının müavini Xoşqədəm Alıyeva