Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycanın Milli Qəhrəmanı Əliyar Əliyevin xatirəsinə həsr edilmiş tədbir haqqında Məlumat

15 dekabr 2014 | 16:00

Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsinə həsr edilmiş tədbirlərin rayonda keçirilməsi bir ənənə halını almışdır. 15 dekabr 2014-cü il tarixində Sumqayıt şəhəri 28 may Mədəniyyət evində Azərbaycanın Respublikasının Milli Qəhrəmanı Əliyar Yusif oğlu Əliyevin xatirəsinə həsr edilmiş mərasim də bu səpkidə keçirilən tədbirlərin davamıdır.
   Keçirilən tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov, RİH-nin məsul nümayəndələri, idarə, müəssisə və təşkilat rəhbərləri, Milli qəhrəmanın döyüş yoldaşları və ailə üzvləri, ictimaiyyət nümayəndələri iştirak edirdilər.
Tədbirin əvvəlində Əliyar Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Sonra Milli Qəhrəmanın keçdiyi şərəfli ömür yolundan bəhs edən  videogörüntü nümayiş etdirildi.
   Anım mərasimində geniş nitq söyləyən Qubadlı rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov qeyd etdi ki, ölkənin müdafiəsi və düşmən tapdağında olan torpaqların azad edilməsi üçün aparılan mübarizədə 238 şəhid verən rayonun sakinlərindən 9-u Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə Milli Qəhrəmanı adına layiq görülmüşdür. Həmin qəhrəmanlardan da biri bu gün xatirəsinə həsr edilmiş tədbirə yığışdığımız Əliyar Əliyevdir.
      Malik İsaqov qeyd etdi ki, rayonun müdafiəsi ilə bağlı aparılan mübarizədən danışanda ilk növbədə xalqımızın, o cümlədən qubadlıların qürur mənbəyi olan, haqqında danışılarkən həmişə ifixar hissi keçirdiyimiz Əliyar Əliyev yada düşür. Vətənpərvərliyi və cəsurluğu ilə çoxlarından fərqlənən Əliyar Əliyev rayonun erməni hücumlarına məruz qaldığı elə ilk gündən torpaqların müdafiəsinə qalxdı. Onun yaratdığı və komandiri olduğu özünümüdafiə batalyonu düşmənə tutarlı zərbələr vurur, Ermənistanın sərhəddə yerləşən şəhər və kəndlərini daima qorxu içərisində saxlayırdı. Əliyar Əliyev həmişə ön cərgədə vuruşaraq döyüşçülərini öz arxasınca aparırdı. Bu xüsusiyyət onu döyüşçülərin sevimlisinə çevirmişdir. 1992-ci ilin oktyabr ayında şəhid olan Əliyar Əliyev 1992-ci ilin noyabr ayında Azərbaycan Respublikasının Milli Qəhrəmanı adına layiq görülmüşdür.
    Başçı vuğuladı ki, dövlətimiz Milli Qəhrəman ailələrinin, o cümlədən şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi üçün mütamadi tədbirlər görür. Onlara təyin edilən Prezident təqaüdü,  mənzil şəraitlərinin yaxşılaşması üçün atılan addımlar həmin ailələrin maddi rifah halının yaxşılaşmasına göstərilən dövlət qayğısının bariz nümunəsidir.
   Tədbirdə Milli Qəhrəmanın döyüş yoldaşları-Vəli Hümbətəliyev, Sadiq Paşayev və digərləri çıxış edərək Əliyar Əliyevin bir komandir kimi təşkilatçılığından, döyüşçü kimi igidliyindən ətraflı bəhs etdilər.
    Qəzyan kənd tam orta məktəbin müəllimi  Nəsibə Aslanova da çıxış edərək işlədiyi məktəbin və Bakı şəhərində küçələrdən birinin Milli Qəhrəman Əliyar Əliyevin adının daşıdığını qeyd edərək Əliyar Əliyevin həyat və fəaliyyəti haqqında qısa məlumat verdi. N. Aslanova çıxışının sonunda erməni təcavüzünün qarşısının alınması məqsədilə yaradılan özünümüdafiə batalyonun komandiri kimi qəhrəmanlıq simvoluna çevrilən və öz ölümü ilə ölümsüzlük qazanan Milli Qəhrəman Əliyar Əliyevin həyat yolunun gənclərə örnək olduğunu və onun xatirəsinin daima ürəklərdə yaşayacağını bildirdi.
    Milli Qəhrəmanın oğlu Emin Əliyev çıxış edərək şəhidlərin xatirəsinə həsr edilmiş tədbirlərə görə minnətdarlığını, eyni zamanda Azərbaycan dövlətinin şəhid ailələrinə göstərdiyi qayğıdan razılığını ifadə etdi.
Anım mərasimində qəhrəmanlıq və vətənpərvərlik hissilərinə həsr olunmuş şeirlər səsləndi, müsiqilər ifa olundu.

Keçidlər