Azərbaycanın Milli Qəhrəmanı Vasili Əliyevin xatirəsinə həsr edilmiş tədbir haqqında Məlumat
Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsinə həsr edilmiş tədbirlərin rayonda keçirilməsi bir ənənə halını almışdır. 16 yanvar 2015-ci il tarixində Sumqayıt şəhəri 28 may Mədəniyyət evində Azərbaycan Respublikasının Milli Qəhrəmanı Vasili Əhməd oğlu Əliyevin xatirəsinə həsr edilmiş mərasim də bu səpkidə keçirilən tədbirlərin davamıdır.
Keçirilən tədbirdə rayon İcra Hakimiyyəti başçısının müavinləri Allahverdi Haxverdiyev, Xoşqədəm Alıyeva, RİH-nin məsul nümayəndələri, idarə, müəssisə və təşkilat rəhbərləri, Milli qəhrəmanın döyüş yoldaşları və ailə üzvləri, ictimaiyyət nümayəndələri iştirak edirdilər.
Tədbirin əvvəlində Vasili Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Sonra Milli Qəhrəmanın keçdiyi şərəfli ömür yolundan bəhs edən video görüntü nümayiş etdirildi.
Anım mərasimində geniş nitq söyləyən Qubadlı rayon İcra Hakimiyyəti başçısının müavini, YAP Qubadlı rayon təşkilatının sədri Allahverdi Haxverdiyev qeyd etdi ki, ölkənin müdafiəsi və düşmən tapdağında olan torpaqların azad edilməsi üçün aparılan mübarizədə 238 şəhid verən rayonun sakinlərindən 9-u Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə Milli Qəhrəman adına layiq görülmüşdür. Həmin qəhrəmanlardan da biri bu gün xatirəsinə həsr edilmiş tədbirə yığışdığımız Vasili Əliyevdir.
Allahverdi Haxverdiyev qeyd etdi ki, rayonun müdafiəsi ilə bağlı aparılan mübarizədən danışanda ilk növbədə xalqımızın, o cümlədən qubadlıların qürur mənbəyi olan, haqqında danışılarkən həmişə ifixar hissi keçirdiyimiz Vasili Əliyev yada düşür. Vətənpərvərliyi və cəsurluğu ilə çoxlarından fərqlənən Vasili Əliyev rayonun erməni hücumlarına məruz qaldığı elə ilk gündən torpaqların müdafiəsinə qalxdı. O, öz dəstəsi ilə düşmənə tutarlı zərbələr vurur, Ermənistanın sərhəddə yerləşən şəhər və kəndlərini daima qorxu içərisində saxlayırdı. Vasili Əliyev həmişə ön cərgədə vuruşaraq döyüşçülərini öz arxasınca aparırdı. Bu xüsusiyyət onu döyüşçülərin sevimlisinə çevirmişdir. 1992-ci ilin oktyabr ayında şəhid olan Vasili Əliyev Azərbaycan Respublikası Prezidentinin 1993-ci ilin 11 may tarixili fərmanı ilə Azərbaycan Respublikasının Milli Qəhrəmanı adına layiq görülmüşdür.
Natiq vuğuladı ki, dövlətimiz Milli Qəhrəman ailələrinin, o cümlədən şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi üçün mütamadi tədbirlər görür. Onlara təyin edilən Prezident təqaüdü, mənzil şəraitlərinin yaxşılaşması üçün atılan addımlar həmin ailələrin maddi rifah halının yaxşılaşmasına göstərilən dövlət qayğısının bariz nümunəsidir.
Tədbirdə Qubadlı rayon Polis şöbəsinin əməkdaşları və Milli Qəhrəmanın digər döyüş yoldaşları çıxış edərək qəhrəmanın döyüşçü kimi igidliyindən, keçdiyi döyüş yolundan ətraflı bəhs etdilər. Qeyd olundu ki, rayonun müdafiəsi uğrunda gedən döyüşlərdə 12 polis nəfəri şəhid olmuşdur ki, onlardan 2-si Milli Qəhrəman adına laiq görülmüşdür.
Sonra çıxış edənlər Vasili Əliyevin həyat və fəaliyyəti haqqında qısa məlumat verdi. Qeyd olundu ki, erməni təcavüzünün qarşısının alınmasında qəhrəmanlıq simvoluna çevrilən və öz ölümü ilə ölümsüzlük qazanan Milli Qəhrəman Vasili Əliyevin həyat yolunun gənclərə örnək olduğunu və onun xatirəsinin daima ürəklərdə yaşayacağını bildirdi.
Milli Qəhrəmanın həyat yoldaşı Sumqayıt şəhər Polis idarəsinin kadrlar şöbəsinin müdiri, polkovnik-leytenant Aygün Əliyeva çıxış edərək şəhidlərin xatirəsinə həsr edilmiş tədbirlərə görə minnətdarlığını, eyni zamanda Azərbaycan dövlətinin şəhid ailələrinə göstərdiyi qayğıdan razılığını ifadə etdi.
Anım mərasimində qəhrəmanlıq və vətənpərvərlik hissilərinə həsr olunmuş şeirlər səsləndi, musiqilər ifa olundu.