Şriftin ölçüsü :

Saytın rəngi :

2014-cü-cü il- hesabat

18 fevral 2015 | 16:00

18 fevral 2015-ci il tarixdə Qubadlı rayonunda “2014-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə dair” rayon İcra hakimiyyəti başçısının hesabatı olmuşdur. Əvvəlcə yığıncaq iştirakçıları binanın foyesində Ümummilli Lider Heydər Əliyevin büstünün üzərinə gül dəstləri qoydular. Yığıncaq iştirakçıları zalın foyesində ilin nailiyyətlərini əks etdirən sərgiyə baxış keçirdilər. Sonra tədbir rayon İcra hakimiyyətinin iclas zalında davam etdirildi. İcra hakimiyyətinin başçısı Malik İsaqov il ərzində görülmüş işlərlə bağlı məruzə etdi. Məruzədə yığıncaq iştirakçılarına ölkədə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında qazanılmış uğurlu nəticələrdən, Azərbaycanın beynəlxalq aləmdə rolunun artmasından geniş məlumat verildi. Rayon İcra hakimiyyətinin başçısı  2014-cü ildə rayonda məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşması, kommunal problemlərinin həlli istiqamətində işlərin görüldüyünü qeyd edərək bildirdi ki, Sumqayıt şəhərində köçkünlərin sıx məskunlaşdıqları “Şəfa” sanatoriyasında, 42-ci məhəllədəki 10 saylı Peşə Liseyində, “İnşaatçılar” qəsəbəsindəki 1 və 8 saylı Peşə Liseylərində ümumi istifadə sahələrində əsaslı təmir işləri aparılmış, qapı və pəncərələr dəyişdirilmişdir. Bunlardan əlavə, il ərzində Sumqayıt şəhərində müxtəlif ünvanlarda məskunlaşmış 7 ailənin mənzilinin, 11-ci və 16-cı mikrorayonlarda, 40-cı məhəllədə, Sarıqaya ərazisində yerləşən Göz xəstəxanasında, İnşaatçılar stadionunda ümumilikdə 5000 m2 sahədə dam örtükləri yumuşaq dam örtüyü materialı ilə təmir edilmişdir. Yolların və həyətlərin abadlaşdırılması məqsədilə  Sumqayıt şəhərindəki 40-cı və 47-ci məhəllələrdə, 11-ci mikrorayonda, İşıqlı, Mahruzlu,  Xocahan kənd tam orta məktəblərin həyətində və Xocahan məktəbinə gedən yolda 14 min 485  m2 asfalt işləri görülmüşdür.  11-ci mikrorayon, 2 b saylı binada  məskunlaşan köçkünlərin məişət qayğılarının yüngülləşdirilməsi üçün həmin binanın qarşısında xalça yuyulması üçün yer düzəldilərək onların istifadəsinə verilmişdir.
47-ci məhəllədə 2 istirahət güşəsi düzəldilmiş, 40-cı məhəllə və 11-ci mikrorayonda köçkünlər yaşayan binaların həyətində 22 oturacaq quraşdırılmış, birləşmiş məhəllənin ərazisində vaqon evdə məskunlaşan Çardaqlı nümayəndəliyindən olan bir ailə üçün həmin əraziyə yaxın yerdə fərdi mənzilin tikintisinə köməklik göstərilmişdir. Sumqayıt şəhəri, 10 saylı Peşə Liseyində mənzil şəraiti darısqal olan bir ailəyə mənzilinin qarşısında əlavə bir otaq tikilmiş, 4 ailəyə müxtəlif tikinti materialları ilə köməklik edilmişdir. Əyin kəndindən olan bir şəhid ailəsinə fərdi mənzilinin  tikintisini başa çatdırması üçün 1500 manat pul vəsaiti verilmiş, daha bir şəhid ailəsinə fərdi mənzilin tikilməsi üçün torpaq sahəsinin ayrılmasına və fərdi tikinti üçün materialla   köməklik edilmişdir. 8 saylı Peşə Liseyində 3 aztəminatlı məcburi köçkün ailəsinin yaşadıqları mənzillərin təmir olunması həyata keçirilmişdir. Rayon İcra hakimiyyətinin köməkliyi ilə 1941-1945-ci il müharibəsinin Xanlıq kəndindən olan  veteranına Mehdiabad qəsəbəsində 4 otaqlı mənzilin verilməsinə köməklik edilmiş, Həmzəli və Dondarlı ərazi nümayəndəliklərindən hər birindən 2 ailə olmaqla cəmi 4 ailə Bakı şəhərində yeni  mənzillə təmin olunmuş, Hacıqabul rayonunun Nəvai qəsəbəsində Tatar kənd sakininə dəyəri 50 min manatdan yuxarı olan fərdi mənzil tikilmişdir. Bundan əlavə, Hacıqabul rayonunda məskunlaşmış 10 ailə mənzillə təmin edilərək köçkünlər üçün salınmış şəhərciyə köçürülmüşdür. 2014-cü ildə Bərdə rayonunda rayondan olan 6 ailə yeni mənzillə təmin edilmişlər. Sumqayıt şəhərində Heydər Əliyev prospektində aparılan yenidənqurma işləri ilə əlaqədar rayon İcra hakimiyyətinin köməkliyi ilə tikinti aparan şirkət tərəfindən həmin ərazidə ictimai binalarda məskunlaşan 7 ailəyə ümumilikdə 458 min manat maliyyə vəsaiti ödənilmiş və həmin ailələr özlərinə yeni mənzillər almışlar. Rayon İcra hakimiyyəti tərəfindən Sumqayıt şəhərində köçürmə ilə əlaqədar bir ailəyə də tikinti aparan şirkətdən 5 min manat verilməsinə köməklik edilmişdir.
Ümumiyyətlə, ötən 2014-cü il ərzində rayon üzrə 86 ailə yeni mənzillə təmin edilmiş, 6 ailəyə də Sumqayıt şəhərindəki “Şəfa” sanatoriyasında mənzil verilmişdir. Bundan əlavə il ərzində yüzlərlə ailənin məişət şəraitinin bu və ya digər dərəcədə yaxşılaşdırılmasına nail olunmuşdur.
2014-cü ildə əhaliyə göstərilən kommunal xidmətlərin yaxşılaşdırılması istiqamətində də işlə davam etdirilmişdir. Rayon İcra hakimiyyətinin köməkliyi ilə 40-cı məhəllədə köçkünlərin yaşadıqları binanın kanalizasiya xətti dəyişdirilmiş, 47-ci məhəllədə mərasim evi tikilərək istilik sistemi quraşdırılmış, həmin ərazidə ümumi istifadə üçün çörəkbişirmə otağı tikilmişdir.  42-ci məhəllədə yerləşən 10 saylı Peşə Liseyinin binasında  200 metr su xətti yenisi ilə əvəz edilmiş, elektirik təminatını yaxşılaşdırmaq məqsədilə 300 metr kabel alınaraq binaya gələn elektirik xətti yeraltı  kabellə  dəyişdirilmişdir.  8 sayı Peşə Liseyində bir məcburi köçkün ailəsinin yaşadığı mənzilin təmirinə maddi köməklik edilmişdir. Bakı şəhərinin Nizami rayonunda Xanlıq kəndindən olan sakinin yanmış evi rayon İcra hakimiyyətinin müraciəti əsasında Qaçqınkom tərəfindən təmir edilmiş, rayon İcra hakimiyyəti tərəfindən zərərçəkmiş ailəyə məişət avadanlıqlarının alınması üçün ona 1000 manat yardım edilmişdir. Sumqayıt şəhərində evləri yanmış Çardaqlı nümayəndəliyinin sakininə 500 manat, Məmər kənd sakininə isə rayon İcra hakimiyyəti və Dövlətqaçqınkom tərəfindən ümumilikdə 3 min 700 manat pul köməkliyi olunmuş, bir nəfər məcburi köçkünə atasının qəbrüstü abidəsinin düzəlməsinə də maddi köməklik edilmişdir. İl ərzində İcra hakimiyyəti tərəfindən daxili imkanlar hesabına yas mərasimlərinin təşkili, müalicə xərclərinin ödənilməsi və digər məsələlərlə bağlı sakinlərə ümumilikdə 80 min manatdan artıq vəsait yardım edilmişdir.
Hesabat dövründə rayonda idarə, müəssisə və təşkilatların iş şəraitlərinin yaxşılaşdırılması istiqamətində də   işlər aparılaraq “İnşaatçılar” qəsəbəsində 2 mərtəbəli ictimai binada əsaslı təmir və yenidənqurma işləri başa çatdırılmışdır. Həmin binada rayonun inzibati ərazi dairələri üzrə nümayəndəlikləri və Qarabağ Müharibəsi Veteranları Cəmiyyətinin rayon şöbəsi yerləşdirilmişdir. Binanın həyətində işçilərin istifadəsi üçün ictimai iaşə obyekti tikilmiş, istirahət guşəsi yaradılmış, abadlıq işləri aparılmışdır
2014-cü il ərzində əhalinin aztəminatlı hissəsi, xüsusi ilə şəhid ailələri diqqətdə saxlanılaraq  onlara 12 ton 630 kq un, 2 ton 526 kq düyü, 2 ton 526 kq şəkər tozu, 250 kq çay, 2 min 526 litr bitgi yağı yardım edilmişdir. Digər kateqoriyadan olan aztəminatlı ailələrə 6 min 580 manatlıq sənaye malı paylanmışdır. Qurban bayramı münasibətilə məktəb yataqxanalrında və yaşayış üçün nəzərdə tutulmayan binalarda məskunlaşan 650 ailəyə yardım edilmişdir. Bundan əlavə rayon İcra hakimiyyəti tərəfindən 250 aztəminatlı ailəyə də Qurban payı verilmişdir. Beynəlxalq Uşaqları Müdafiə Günü ərəfəsində yataq xəstəsi olan 18 əlil uşağa 900 manat məbləğində pul vəsaiti ilə köməklik edilmiş, 173 əlil uşağa yataq dəsti və geyim paltarları paylanmışdır.
Hesabat məruzəsi ətrafında rayon Təhsil şöbəsinin müdiri Afət Allahverdiyeva, Mədəniyyət və Turizm şöbəsinin müdiri İlham Əhmədov, ƏSMM-nin direktoru Fazil Nərimanov, Gənclər və İdman idarəsinin müdiri Natiq Abbasov və Zilanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndə Telman Cabbarov çıxış etmişlər. Yığıncaq iştirakçılarının fəallığı ilə keçirilən tədbirdə müxtəlif təkliflər səsləndirilmişdir. Təkliflər əsasında Tədbirlər planının hazırlanarq təkliflərin icrası nəzərdə tutulmuşdur. Hesabat yığıncağında Prezident Administrasiyasının məsul işçisi Aqşin Əliyev və Milli Məclisin deputatı İmamverdi İsmayılov iştirak etmişlər.
Hesabat yığıncağında qərar layihəsi və Azərbaycan Respublikasının Prezidentinə müraciət qəbul olunmuşdur.

 

Keçidlər