Şriftin ölçüsü :

Saytın rəngi :

12 noyabr - Müstəqil dövlətimizin ilk Konstitusiyasının qəbul edilməsinin 30-cu ildönümü ilə əlaqədar tədbir

12 noyabr 2025 | 11:34

12 noyabr 2025-ci il tarixdə Qubadlı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində 12 noyabr - Müstəqil dövlətimizin ilk Konstitusiyasının qəbul edilməsinin 30-cu ildönümü ilə əlaqədar “Ulu Öndər Heydər Əliyev Azərbaycan Respublikası Konstitusiyasının müəllifidir” mövzusunda Qubadlı Rayon İcra Hakimiyyətinin inzibati binasında tədbir keçirildi. Tədbirdə Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov, hüquq mühafizə orqanları, YAP Qubadlı rayon təşkilatının rəhbərliyi, RİH-in məsul işçiləri, idarə, müəssisə, təşkilat rəhbərləri, RİHB-nın inzibati ərazi dairələri üzrə nümayəndələri iştirak edirdilər.

Tədbir iştirakçıları tərəfindən Ümummilli Lider Heydər Əliyevin bustu önünə gül dəstələri qoyuldu. Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın bütövlüyü uğrunda canından keçmiş vətən oğullarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Tədbirdə çıxış edən Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov 12 noyabr Konstitusiya Günü münasibətilə tədbir iştirakçılarını təbrik edərək qeyd etdi ki, bu gün müstəqil Azərbaycan dövlətinin tarixində mühüm hadisənin, ölkəmizin qanunvericilik sisteminin əsasını təşkil edən Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsindən 30 il ötür. Bu ali qanunvericilik aktının qəbulu xalqımızın növbəti nailiyyətlərindən, tariximizin ən parlaq hadisələrindəndir, məhz bu səbəbdən 12 noyabr 1995-ci il xalqımızın tarixinə qızıl hərflərlə yazılmışdır və bu Konstitusiyanın qəbul olunması istiqamətində Ümummilli Lider Heydər Əliyevin apardığı uğurlu və əvəzolunmaz xidmətlərindən biridir.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunduğunu, 2025-ci ildə Konstitusiyanın qəbul edilməsinin 30-cu və Vətən müharibəsində qələbənin 5-ci ildönümünü nəzərə alaraq Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2025-ci il ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan edilmişdir.

Bu ali sənəd həmçinin 30 ilə yaxın öz yurd-yuvalarından məcburi köçkün düşmüş vətəndaşlarımızın öz torpaqlarına qayıtmasına şərait yaratdı. Rəşadətli Azərbaycan Ordusunun apardığı uğurlu əməliyyatlar xalqımızın əsas konstitusion hüquqlarından biri olan təhlükəsiz yaşamaq hüququnun da bərpa olunmasının əsasını qoydu.

Ümummilli lider Heydər Əliyevin siyasi xəttinin layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən həyata keçirilən siyasət Azərbaycanın demokratik dünya birliyinə inteqrasiyasını sürətləndirdi və bu istiqamət ölkəmizin əsas prioritetidir. Konstitusiyamıza əsasən Azərbaycan Respublikasının ərazisi vahiddir, toxunulmazdır və bölünməzdir.

Bütün Azərbaycan xalqı Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək düşmən üzərində şanlı zəfərə doğru birgə addımlayaraq, işğaldan azad edilmiş torpaqlarımızda dövlət bayrağımızın ucaldılmasına və Azərbaycan Respublikası Konstitusiyasının hüquqi qüvvəsinin bərpasına nail oldu.

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində şanlı Zəfərin qazanılması, antiterror tədbirləri nəticəsində qazanılan Qələbə sayəsində Azərbaycanın ərazi bütövlüyünün tam bərpa olunması ölkəmizin bütün ərazilərində Konstitusiyamızın tətbiqinə imkan yaratdı.

Qalib Azərbaycan Konstitusiyamızın qəbul edilməsinin 30-ci ildönümünü qürur hissi ilə qeyd edir.

Bu gün Azərbaycan xalqı bütün sahələrdə yeni inkişaf tarixinə qədəm qoyub. Artıq dövlət suverenliyimiz tam, ərazilərimiz bütöv, sərhədlərimiz isə toxunulmazdır.

Qubadlı Rayon İcra Hakimiyyəti başçısı aparatının Hüquq şöbəsinin müdiri Azər Qarayev və rayonun Fərrux Mehdiyev adına Qaralar kənd tam orta məktəbinin direktoru Esmira Bayramova məruzə ilə çıxış edərək qeyd etdilər ki, 1991-ci il oktyabrın 18-də qəbul edilmiş “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktında yeni Konstitusiyanın hazırlanması nəzərdə tutulsa da, 1991-1993-cü illərdə hakimiyyətin yarıtmaz fəaliyyəti cəmiyyət həyatının bütün sahələrində kəskin böhrana, ölkədə anarxiyanın yaranmasına gətirib çıxarmış, dövlət idarəçiliyi mexanizmləri formalaşdırılmamış, qanunçuluğun, vətəndaşların azad, təhlükəsiz yaşamaq hüququnun təmin edilməsi mümkün olmamışdır.

Yalnız 1993-cü ildə xalqın tələbi ilə yenidən hakimiyyətə qayıtmış Ümummilli Lider Heydər Əliyevin böyük xilaskarlıq missiyası sayəsində ölkəmizdə cərəyan edən təhlükəli proseslərin qarşısı alındı, ictimai-siyasi sabitlik təmin edildi və müasir dövlət quruculuğu üçün etibarlı zəmin yarandı. Müstəqil dövlət qarşısında duran ən vacib məsələlərdən biri yeni Konstitusiya layihəsinin hazırlanması oldu.

Ulu Öndərin bilavasitə rəhbərliyi ilə hazırlanmış yeni Konstitusiya 5 bölmə, 12 fəsil, 158 maddə, preambula və keçid müddəalarından ibarət olmaqla 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi- referendum yolu ilə qəbul edilmişdir, 1995-ci il noyabrın 27-də isə qüvvəyə minmişdir. İlk Konstitusiyanın milli dövlətçilik tarixində müstəsna əhəmiyyəti nəzərə alınaraq, Ulu Öndər Heydər Əliyevin 1996-cı il 1 noyabr tarixli Fərmanınaa əsasən, hər il noyabrın 12-si Azərbaycan Respublikasında Konstitusiya Günü elan edilmişdir.

Bu Ali Sənədi hazırlayarkən Ulu Öndər ölkəmizin gələcəyinin uğurlu olacağına inanırdı. Bunun üçün Heydər Əliyev dövlətçiliyin möhkəmləndirilməsinin, Azərbaycanın pozulmuş ərazi bütövlüyünün bərpasının vacib amillər olduğunu vurğulayırdı. Dəyişilən sosial-siyasi reallıq səbəbindən və əldə olunan uğurların möhkəmləndirilməsi məqsədilə Azərbaycan Konstitusiyasında bir neçə dəfə dəyişikliklər edilib və əlavələr olunub. 2002-ci il avqustun 24-də referendum yolu ilə Konstitusiyanın 24 maddəsində 29, 2009-cu il martın 18-də isə 25 maddəyə 30-dan artıq əlavə və dəyişiklik olunub. Bu dəyişikliklər Azərbaycan dövlətinin sosial-iqtisadi bazasının daha da güclənməsindən, vətəndaşların hüquq və azadlıqlarına daha etibarlı təminat verilməsindən, sosial dövlət prinsiplərini təsbit etmək imkanlarının daha da genişlənməsindən irəli gəlirdi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə 2016-cı il sentyabrın 26-da keçirilmiş referendumla Konstitusiyada üçüncü dəfə əlavələr və dəyişikliklər edilib. Konstitusiyanın 29 maddəsində edilən 41 əlavə və dəyişiklik müxtəlif sahələri əhatə etməklə, ali dövlət hakimiyyəti, məhkəmə hakimiyyəti orqanlarının və bələdiyyələrin işinin təkmilləşdirilməsinə, insan hüquqları və azadlıqlarının daha səmərəli təmin edilməsinə, hüquq və azadlıqların müdafiəsində dövlət və bələdiyyələrin məsuliyyətinin artırılmasına yönəlmişdir.

Bu gün Azərbaycan Respublikası xalqımızın milli maraqlarını rəhbər tutaraq, Konstitusiyanın tələblərinə və öz suveren hüquqlarına əsaslanaraq, qarşıda duran strateji hədəflərə doğru inamla irəliləyir.

 

Keçidlər