“8 Mart Beynəlxalq Qadınlar Günü ”
6 Mart 2015-ci il tarixində Qubadlı Rayon təhsil şöbəsinin akt zalında “8 Mart Beynəlxalq Qadınlar Günü” münasibəti ilə tədbir keçirildi. Qubadlı rayon İcra hakimiyyəti tərəfindən təşkil olunan tədbirdə əksəriyyəti qadınlar olmaqla RİH başçısının müavini Xoşqədəm xanım Alıyeva, idarə, müəssisə və təşkilat rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak edirdi.
Rayon Təhsil şöbəsinin müdiri Afət xanım Allahverdiyeva tədbiri açıq elan edərək, bütün Azərbaycan qadınlarını təbrik etdi. Vurğuladı ki, Azərbaycan xalqının mənəvi dəyərlərinin formalaşması, inkişafı və qorunmasında qadınlarımızın müstəsna rolu olmuşdur.
Sonra qısa məruzə ilə Rayon İcra Hakimiyyəti başçısının müavini Xoşqədəm Alıyeva çıxış etdi. Məruzəçi qadınları bu xoş gün münasibəti ilə təbrik edərək qeyd etdi ki, mürəkkəb və keşməkeşli həyat yolu keçmiş, tarixin sınaqlarından alnıaçıq, üzüağ çıxmış Azərbaycan qadını müstəqil respublikamızda bərqərar olmuş demokratik cəmiyyətin fəal üzvü kimi çıxış etmək imkanı əldə etmişdir. Ümummili Lider Heydər Əliyevin siyasətində qadına diqqət və qayğının mühüm bir istiqamət təşkil etdiyini bildirən natiq qeyd etdi ki, həmin siyasət bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Milli-əxlaqi dəyərlərimizin, adət və ənənələrimizin keşiyində şərəflə dayanan qadınlarımız Azərbaycanımızı çiçəklənən, inkişaf edən, firəvan və qüdrətli bir dövlətə çevirmək yolunda əlindən gələni əsirgəmirlər. Dövlət quruculuğumuzun bütün istiqamətlərində xüsusi xidmətləri olan Azərbaycan qadınları ölkəmizdə ictimai siyasi sabitliyin və əmin-amanlığın qorunması, milli dövlətçiliyimizin daha da möhkəmləndirilməsi, mədəniyyətimizin inkişaf etdirilməsi üçün bu gün də var qüvvələrini sərf edirlər. Xoşqədəm xanım xüsusi ilə vurğuladı ki, Azərbaycan xalqının tarixi-mədəni irsinin öyrənilməsində, xalqımızın dərin köklərə malik mədəniyyətinin təbliğində Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın fəaliyyətini qadınlarımız örnək kimi qəbul edir. Öz xidmətləri ilə Azərbaycan qadınının, Azərbaycan xanımının obrazını canlandıran, UNESKO və İSESKO-nun xoşməramlı Səfiri, Azərbaycanın birinci xanımı Mehriban xanım Əliyevanın gördüyü işlər beynəlxalq miqyasda da yüksək qiymətləndirilir.
Tədbirdə sonra nitq söyləyən rayon ağsaqqallar şurasının sərdi Həsənov Əvəz və digər çıxış edənlər razılıqla qeyd etdilər ki, müstəqil dövlətimizin qayğısından bəhrələnən, məcburi köçkün ömrü yaşayan Qubadlı qadınları da bu gün öz missiyasını ləyaqətlə yerinə yetirir, ölkəmizdə aparılan siyasətin fəal müdafiəçiləridir.
Sonra rayonun ictimai-siyasi həyatında fəal iştirak edən bir qrup qadına Rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanları təqdim edildi.