Şriftin ölçüsü :

Saytın rəngi :

31 mart Azərbaycanlıların Soyqırımı günüdür

30 mart 2015 | 15:00

Qubadlı rayonunun idarə, müəssisə və təşkilatlarında, təhsil ocaqlarında Azərbaycanlıların Soyqırımı günü münasibəti ilə müxtəlif səpkili tədbirlər qeyd  edilmişdir.
Bu silsilədən olan daha bir tədbir 30 mart 2015-ci il tarixdə Rayon İcra Hakimiyyəti və YAP Qubadlı rayon təşkilatının təşəbbüsü ilə Qubadlı rayonu Icra Hakimiyyətinin inzibati binasında keçirilmişdir. Tədbirdə İcra Hakimiyyətinin məsul şəxsləri, rayonunun idarə, müəssisə və təşkilatlarının rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak edirdi.
Tədbiri giriş sözü ilə Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı cənab Malik İsaqov açdı. 1918-ci il martda baş verən hadisələr haqqında geniş məlumat verən başçı bildirdi ki, həmin hadisələr əslində bolşeviklərin daşnaklarla birlikdə azərbaycanlılara qarşı həyata keçirdikləri milli qırğın siyasəti idi. 1918-ci ili mart-aprel aylarında Bakı, Şamaxı, Quba, Lənkəran və digər ərazilərdə həyata keçirilən bu qırğın nəticəsində erməni faşistləri on minlərlə azərbaycanlını qətlə yetirmiş, öz torpaqlarından qovmuşlar.
Sonra tədbirdə RIH-nin məsul işçisi Həsənov Məhəmməd “Soyqırım: Qubadli bölgəsində erməni vəhşilikləri”, Yuxarı Mollu kənd tam orta məktəbinin müəllimi Quliyev Vahid “1920-ci il aprel işğalına qədər ermənilərin Azərbaycan xalqına qarşı törətdikləri soyqırımlar”, Xıdırlı kənd tam orta məktəninin tarix müəllimi İmanov Savalan “Azərbaycanlılara qarşı represiya və deportasiya aktlarının həyata keçirilməsi və ya soyqırımın yeni adı” və Zilanlı kənd tam orta  məktəbinin müəllimi Həsənova Ayna “XX əsrin 80-ci illərin sonları, 90-cı illərin əvvəllərində Azərbaycanın ərazi bütövlüyünə soyqırımla müşahidə olunan yeni qəsdlər” mövzularında məruzələr etdilər. Məruzəçilər çıxış edərək 1918-ci ilin mart ayında erməni daşnaklarının törətdikləri soyqırımına, erməni vəhşiliyinə dair məqamlara bir daha diqqət yönəldərək bildirdilər ki, bəlkə də, bizim belə faciələrə dövrü olaraq məruz qalmağımızın başlıca səbəblərindən biri unutqanlığımız, bu istiqamətlərdə məlumatların zamanında öyrənilərək ictimaiyyətə çatdırılması sahəsində işlərimizdəki sistemsizlikdir. Amma Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən imzalanmış “1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyası haqqında” 18 dekabr 1997-ci il tarixli və “Azərbaycanlıların soyqırımı haqqında” 26 mart 1998-ci il tarixli fərmanları bu sahədə çox dərin və dəyərli elmi mənbə olmaqla həm də hər birimiz üçün aktuallığını heç zaman itirməyən fəaliyyət proqramıdır.
Qeyd olundu ki, bu gün erməni böhtanlarının ifşası, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətlərinə çatdırılması istiqamətində Prezident İlham Əliyev cənabları tərəfindən ardıcıl və prinsipial siyasət həyata keçirilir.
Bu sahədə Heydər Əliyev Fondunun misilsiz xidmətləri vardır.
Sonda çıxışlarda vurğulandı ki, biz mənfur qonşularımızın böhtan və şayələrinə, hər cür həmlələrinə hazır olmaq üçün məhz tariximizin qaranlıq sahələrini öyrənməli və öyrətməliyik.

Keçidlər