Qubadlı rayon Icra Hakimiyyətində 18 aprel 2015-ci il tarixində Kamran Əsəd oğlu Hüseynovun xatirəsinə həsr olunmuş “Ömrün 100 anı” kitabının təqdimat tədbiri haqqında məlumat
18 aprel 2015-ci il tarixində Etibar Babayevin müəllifi olduğu, Kamran Əsəd oğlu Hüseynovun xatirəsinə həsr olunmuş “Ömrün 100 anı” kitabının təqdimat tədbiri keçirilmişdir. Qubadlı RİH-nin akt zalında təşkil olunmuş tədbirdə Qubadlı rayon Icra Hakimiyyətinin başçısı cənab Malik İsaqov, RİH-nin məsul işçiləri, rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, respublikanın tanınmış elm xadimləri, alimlər, ictimaiyyət nümayəndələri və Kamran Hüseynovun ailə üzvləri iştirak edirdilər.
Tədbirdə ilk öncə iştirakçılar Kamran Əsəd oğlu Hüseynova həsr olunmuş kitab və Kamran Əsəd oğlu Hüseynovun fotoşəkillərindən ibarət sərgi ilə tanış oldular. Sonra tədbir akt zalında davam etdirildi.
Tədbirdə Kamran Əsəd oğlu Hüseynovun həayından bəhs edən video çarx nümayiş etdirildi. Sonra RİH-nin başçısı cənab Malik İsaqov Kamran Əsəd oğlu Hüseynovun şərəfli həyat yolundan və ictimai fəaliyyətindən söz açdı. O bildirdi ki, Kamran Əsəd oğlu Hüseynov 15 dekabr 1913-cü iidə Zəngəzur qəzasının Çərəli kəndində anadan olmuşdur. O, əmək fəaliyyətinə gənc yaşlarından başlamış, 1934-cü ildən etibarən isə Bakı neft sənayesində müxtəlif vəzifələrdə çalışmışdır. Kamran Hüseynov 1938-1940-cı illərdə Xarkov İnşaat Mühəndisləri İnstitutunda, 1940-1941-ci illərdə Azərbaycan Sənaye Akademiyasında təhsil almışdır. O, 1949-cu ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun tarix fakültəsini və respublika Ali Partiya Məktəbini bitirmişdir.
Qeyd olundu ki, Kamran Hüseynov Sumqayıt Rayon Partiya Komitəsinin sənaye və kadr işləri üzrə katibi, indiki Binəqədi Rayon Partiya Komitəsinin birinci katibi, Neftçala Rayon Partiya Komitəsinin birinci katibi, Sumqayıt Şəhər Partiya Komitəsinin birinci katibi vəzifələrində çalışmışdır. Eyni zamanda o, respublika Həmkarlar İttifaqları Şurasının sədri olmuş, Moskva şəhərində Ümumittifaq Həmkarlar İttifaqları Mərkəzi Şurasının katibi işləmişdir. 1968-1980-ci illərdə Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini, respublika Ticarət və Sənaye Palatasının sədri, 1993-cü ildən isə Ticarət və Sənaye Palatasının müşaviri vəzfəsində xidmət göstərmişdir.
Başçı vurğuladı ki, Kamran Hüseynov Azərbaycanın ictimai-siyasi həyatında uzun illər səmərəli fəaliyyət göstərən şəxsiyyətlərdən idi. Onun dövlət idarəçiliyi və iqtisadiyyatın müxtəlif sahələrində gördüyü işlər böyük bir dövrü əhatə edir. O, sıravi fəhləlikdən başlamış strateji əhəmiyyətli mühüm dövlət obyektlərinin tikilib istismara verilməsinə qədər çalışdığı bütün sahələrdə yüksək peşəkarlıq, fədakarlıq və yüksək təşkilatçılıq qabiliyyəti nümayiş etdirmişdir. Azərbaycanda yeni yaşayış məntəqələrinin salınmasında, onların sənaye mərkəzlərinə çevrilərək inkişaf etməsində Kamran Hüseynovun xidmətləri təqdirəlayiqdir. Tutduğu vəzifələrdən, gördüyü işlərdən asılı olmayaraq, onun mövqeyi daim öz vətənpərvərlik ruhu ilə səciyyələnmişdir. O, 1967- ci ildə tarix elmləri doktoru elmi dərəcəsi almışdır.
Sonra başçı Kamran Əsəd oğlu Hüseynovun şəxsiyyətinin böyüklüyünü əks etdirən “Ömrün 100 anı” kitabı haqqında fikir söyləyərək bildirdi ki, bu kitab bacarıqlı təşkilatçı öz zəngin bilik və bacarığı sayəsində Azərbaycan Respublikası Ali Sovetinin, eləcə də RSFSR Ali Sovetinin deputatı pilləsinədək yüksələn həmyerlimizin unudulmaz xatirəsinə bir ərmağan, gəncliyimiz üçün həyat dərsliyi adlandırdı.
Malik İsaqov Azərbaycanda elm, mədəniyyət xadimlərinə, həyatını bütünlüklə xalq işinə həsr edən ziyalılara, dövlət və ictimai xadimlərə sayğı göstərilməsindən söz açaraq qeyd etdi ki, bu ənənə Ulu Öndər Heydər Əliyevdən gəlir. Bu bir həqiqətdir ki, hər hansı xalq, hər hansı cəmiyyət o vaxt xoşbəxtdir ki, onun milli dəyərlərinin, milli dəyərləri yaradan insanların qədir-qiyməti bilinsin. Ölkənin beynəlxalq nüfuzunu, hərtərəfli inkişafını təmin edən lideri, dövlət başçısı olsun. Fəxr edirik ki, Azərbaycanı gələcəyə inamla aparan, milli dəyərlərimizi həmişə uca tutan ölkə başçımız, Prezidentimiz var. Bu cür tədbirlərin keçirilməsi də milli dəyərlərimizə, elmə, elm adamlarına, vaxtilə xalqa sədaqətlə xidmət etmiş şəxsiyyətlərə verilən qiymətin bariz nümunəsidir. Bütün bunlara görə Azərbaycan Respublikasının Prezidenti Möhtərəm İlham Əliyev Əliyev cənablarına rayonumuzun bütün ictimaiyyətinin, Kamran Hüseynovun bütün həmyerlilərinin sonsuz minnətdarlığını bildirdi.
Sonra tədbirdə çıxış edən “Əməkdar müəllim” B. Məmmədov adına Fərcan kənd tam orta məktəbinin müəllimi Ədalət Əsədov, “Yurddaşlar və yaddaşlar”kitabının müəllifi, rayon Mədəniyyət və turizm şöbəsinin işçisi Eldar Xanlaroğlu, Hafiz Quliyev adına Çaytumas məktəb liseyinin direktoru Şamama Həsənova, Əməkdar müəllim Çimnaz Kərimova, tədqiqatçı alim Razim Əliyev, ziyallı ağsaqqallardan Şahmar Hüseynov, Süleyman Rüstəmov, Azad Hacıyev, Hüseyn Əsədov, Piriyev Müslim və digərləri Kamran Hüseynovun təkcə böyük İctimai xadim deyil, həm də böyük insan kimi xarakterizə etdilər. Qeyd olundu ki, Kamran Hüseynov Azərbaycanın ictimai-siyasi həyatının fəal iştirakçısı kimi yaxşı tanınırdı. O, uzun illər Azərbaycan Respublikası Ali Sovetinin, eləcə də RSFSR Ali Sovetinin deputatı kimi səmərəli fəaliyyət göstərmişdir. Kamran Hüseynovun xidmətləri dövlət tərəfindən yüksək qiymətləndirilmişdir. O, bir sıra orden və medallara layiq görülmüş, o cümlədən Qırmızı Əmək Bayrağı ordeni, eyni zamanda müstəqil Azərbaycan Respublikasının ali mükafatı - «Şöhrət» ordeni ilə təltif edilmişdir.
Sonra çıxış edənlər bu dəyərli kitaba görə Etibar Babayeva qubadlılar adından təşəkkür və minnətdarlıqlarını çatdırdılar.
Sonda Kamran Hüseynovun ailəsi adından çıxış edən Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova atasinin xatirəsinə göstərilən hörmət və ehtirama görə ailə üzvləri adından tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirdi.