Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə Qubadlı rayonunda keçirilən tədbir haqqında məlumat

07 may 2015 | 15:00

Qubadlı rayonunda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə silsilə tədbirlər keçirilmiş, rayon məktəbliləri arasında inşa yazı, musiqi məktəblərinin şagirdləri arasında mahnı müsabiqələri, idman yarışları təşkil edilmişdir.
7 may 2015-ci il tarixində isə Qubadlı rayon  İcra Hakimiyyəti tərəfindən Ulu Öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə ümumrayon tədbiri  keçirildi. Tədbirdə rayon icra hakimiyyətinin başçısı cənab Malik İsaqov, RİHB aparatının məsul şəxsləri, idarə, müəssisə, təşkilat rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak edirdilər. Əvvəlcə iştirakçılar Ulu Öndərin rayon İcra Hakimiyyəti binasının foyesində qoyulmuş büstünün önünə gül dəstələri qoydular.
Sonra tədbir Sumqayıt şəhərində yerləşən “28 may mədəniyyət evində” davam etdirildi. Tədbir öncəsi iştirakçılar  Ulu Öndərin doğum günü münasibətilə təşkil olunan sərgi ilə tanış oldular. Sərgidə Heydər Əliyevin kitabları, Ümummilli Lider haqqında yazılan çap materialları, həmçinin,  Qubadlı rayon məktəblilərinin rəsm əsərləri və əl işləri nümayiş etdirildi.
Tədbir açıq elan edildikdən sonra Rayon mədəniyyət şöbəsinin hazırladığı Ümummilli Liderin həyatından bəhs olunan video çarx nümayiş olundu.
Sonra tədbirdə geniş nitq söyləyən Qubadlı rayon  İcra Hakimiyyətinin başçısı cənab Malik İsaqov  məruzə ilə çıxış edərək Ümummilli Liderin fəaliyyətindən bəhs etdi. Ulu Öndərin fəaliyyətinin hər bir sahəsinin fundamental tədqiqat mövzusu olduğunu qeyd edən başçı bildirdi ki, hələ sovet dövründə Azərbaycana məharətlə rəhbərlik edən Heydər Əliyev ölkəni sürətli inkişaf yoluna çıxarmaqla güclü elmi, iqtisadi və mənəvi potensial yarada bilmişdi, başlıcası isə xalqın qəlbində, arzu və istəklərində, yüz illərlə yaşayan azadlıq və müstəqillik ideyalarının həyati tələbat kimi formalaşmasına zəmin yaratmışdı. Xalqın tələbi ilə müstəqil Azərbaycan respublikasına rəhbərliyi qəbul edən Ulu Öndərin o ağır günlərdəki, illərdəki fəaliyyətinin xronikasını nəzərdən keçirən hər kəs onun sarsılmaz siyasi iradəsinə, idarəçilik məharətinə, müdrik qərarlar qəbul etmək səriştəsinə heyran qalmaya bilmir. Heydər Əliyev Azərbaycanın müstəqil dövlətçiliyinə qənim kəsilən xarici və daxili qüvvələri məharətlə zərərsizləşdirdi. Müstəqil dövlətin əsl mənada qurulması, iqtisadi, hərbi, mədəni potensiallarının hərəkətə gətirilməsi üçün vacib şərt olan əmin-əmanlıq şəraiti yaratdı. Dövrün burulğanlı, təlatümlü çağında böyük siyasi müdrikliyi, siyasi məharəti, gözlənilməz siyasi gedişləri ilə tarixin yaddaşında əbədi yaşayacaq liderin fəaliyyəti zaman keçdikcə öz dəyərini göstərməkdədir və bunlar zaman-zaman elmi araşdırmaların mövzusu, predmeti olacaqdır.
Sonra başçı qeyd etdi ki, ölkənin iqtisadi inkişafı ilə yanaşı xalqın mədəni səviyyəsinin yüksəldilməsi Ulu Öndərin siyasətində həmişə öncül yerdə dayanmışdır. O, öz xalqının dünya xalqları içərisində ön, qabaqcıl yerdə qərar tutmasının yolunu mədəniyyətin inkişafında görürdü. Bu gün cənab Heydər Əliyev siyasi irsinin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən Ulu Öndərin  ideya və strategiyasının yeni tarixi şəraitə uyğun yaradıcılıqla həyata keçirməsi ölkəmizi çiçəklənən bir diyara çevirmişdir.
Sonra Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə təşkil edilmiş rayon məktəbliləri arasında inşa yazı, musiqi məktəblərinin şagirdləri arasında mahnı müsabiqələri, bilik və idman yarışları, şagirdlərin rəsm və əl işlərindən ibarət sərgi-müsabiqələrinin qalibləri mükaftlandırıldı.
Tədbir sonra  musiqili konsert proqrami ilə davam etdirildi.

Keçidlər