2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat
30 iyul 2015-ci il tarixində Qubadlı rayon icra hakimiyyətinin iclas zalında 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş yığıncaq keçirilmişdir. Yığıncaqda rayon icra hakimiyyətinin nümayəndələri, rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak edirdilər.
Tədbiri rayon icra hakimiyyətinin başçısı cənab Malik İsaqov açıq elan edərək qeyd etdi ki, bu hesabat dövrü ilk Avropa Oyunlarının keçirilməsi zamanına təsadüf etmişdir. Respublikamızda keçirilən bu tədbirin möhtəşəmliyi, təşkilatçılığı, təqdimatı və oyunların keçirildiyi idman meydançalarının qısa bir müddət ərzində beynəlxalq standartlara uyğun hazırlanması ölkəmizin bütün sahələrdə əldə etdiyi uğurların: iqtisadi inkişafın, daxili sabitliyin, zəngin və qədim mədəniyyətin, eyni zamanda, idmanın inkişafının parlaq təzahürüdür. Azərbaycan 21-i qızıl olmaqla, ümumilikdə 56 medalla ikinci yerə çıxaraq tarixi bir uğura imza atdı. Əlbəttə, qazanılan bu qələbə Azərbaycan xalqının kimliyini və müstəqil Azərbaycan dövlətinin qüdrətini bir daha bütün dünyaya nümayiş etdirdi. Prezident cənab Ilham Əliyevin dediyi kimi: “Birinci Avropa Oyunlarının keçirilməsi tarixi hadisə idi, bu Oyunlar Olimpia Oyunları səviyyəsində keçirildi. Bu isə ölkəmizin potensialını və gücünü göstərdi”.
Sonra başçı qeyd etdi ki, 2015-ci ilin birinci yarımilliyi iqtisadi baxımdan da ölkəmiz üçün çox uğurlu olmuşdur. Ilin altı ayı ərzində iqtisadiyyat 5,7 faiz, qeyri-neft sektoru 9,2 faiz, sənaye istehsalı 4 faiz, qeyri-neft sənayesi 14 faiz, kənd təsərrüfatı 7,3 faiz artmışdır. Sosial sahədə qazanılan nailiyyətlərin də uğurlu olduğu, birinci yarımildə 60 minə yaxın iş yerlərinin açıldığı, onlardan 48 mininin daimi iş yerləri olduğu, eyni zamanda son 12 ildə 1 milyon 400 min iş yeri yaradıldığı, bunun nəticəsində işsizliyin 5 faiz səviyyəsində olduğu qeyd olunmuşdur.
Sonra hesabat yığıncağında məruzə ilə çıxış edən RİH- başçısının müavini Sahib Əliyev qeyd etdi ki, 2015-ci ilin birinci yarımilində rayonda da müəyyən işlər görülmüş, qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsinə çalışılmışdır. Cari ilin 01 iyul tarixinə rayon əhalisinin sayı 36 min 400 nəfər olmuşdur. Təbii artım 70 nəfər olmuşdur. 2015-ci ilin altı ayında rayon üzrə məşğul əhalinin sayı 11 min 257 nəfər olmuşdur ki, onlardan büdcə təşkilatlarında çalışanların sayı 3 min 62 nəfər təşkil edir. 1046 nəfər orta aylıq əmək haqqı alır. Son altı ayda 54 yeni iş yeri açılmış, ümumilikdə, yeni yaradılan iş yerlərinin sayı 3 min 210-a çatdırılmışdır.
Qeyd olundu ki, birinci yarımildə Beyləqan rayonunda məskunlaşan 1 ailə, Saatlı rayonunda isə 5 ailə yeni mənzilə köçmüşdür. Qışa hazırlıq məqsədilə dam örtüklərinin təmir olunması İcra hakimiyyətinin əsas diqqət göstərdikləri sahələrdən olduğundan bu iş hesabat dövrü də davam etdirilmişdir. İcra hakimiyyəti binasının qarşısındakı istirahət parkında əsaslı yenidənqurma aparılaraq yeni fəvvarə quraşdırılmışdır. Hesabat dövrü əhalinin aztəminatlı hissəsi də diqqətdən kənar qalmamışdır. Rayon İcra hakimiyyətinin daxili imkanları hesabına 2015-ci ilin birinci yarısında yas mərasimlərinin təşkilinə, xəstələrin müalicəsinə və sair məsələlərlə bağlı aztəminatlı ailələrə 36 min 800 manat pul köməkliyi edilmiş, “Novruz bayramı” münasibəti ilə 600 aztəminatlı ailəyə 12 min manat dəyərində ərzaq bağlaması, şəhid ailələrinin 631 nəfər ailə üzvlərinə ümumilikdə 6310 kq un, 1262 kq düyü, 1262 kq şəkər tozu, 126 kq çay və 1262 litr bitgi yağı paylanmışdır. Bunlardan əlavə rayon İcra hakimiyyətində Böyük Vətən Müharibəsində qələbənin 70 illiyi münasibətilə tədbir keçirilmiş, müharibə iştirakçılarının şərəfinə bayram süfrəsi təşkil edilərək 16 nəfər müharibə veteranının hər birinə 200 manat olmaqla ümümilikdə onlara 3 min 200 manat pul yardımı verilmişdir.
Hesabat dövrü üçün rayon büdcəsinin gəliri 5 milyon 359 min 660 manat proqnozlaşdırılmışdır. 6 ayda büdcə xərcləri 77,2 faiz, yaxud 4 milyon 135 min 128 manat icra edilmişdir.
Məruzəçi vurğuladı ki, 2015-ci ilin birinci yarımilində Qubadlı rayon Əhalinin Sosial Müdafiəsi Mərkəz tərəfindən 186 ailənin hər bir üzvünə 34,36 manat, hər bir ailəyə isə 136,11 manat məbləğində yardım təyin olunmuşdur. Əhalinin Sosial Müdafiəsi Mərkəzinin Sosial Məişət Xidməti Sektorunda 360 nəfər tənha-ahıl və əlil qocalara sosial xidmət göstərilir. 2015-ci ilin birinci yarısında 9 nəfər Qarabağ müharibəsi əlili, 2 nəfər Böyük Vətən Müharibəsi əlili və 1 nəfər Çernobıl əlili yenidən avtomaşın alınması üçün növbəyə qəbul edilmişlər.
Təhsil şöbəsi də cari ilin birinci yarımilində öz üzərinə düşən vəzifələri yerinə yetirməyə çalışmışdır. Rayon məktəblərində mərkəzləşdirilmiş buraxılış imtahanlarının nəticələri 9-cu siniflər üzrə 79 faiz, 11-ci siniflər üzrə isə 86 faiz olmuşdur. Bu il məktəbi bitirən 400 məzunun 339-u, yaxud 85 faizi ali məktəbə sənəd vermişdir. Ali məktəblərə qəbulun nəticələri hələ tam dəqiqləşmədiyindən bu sahədəki fəaliyyət qarşıdakı rübdə ətraflı təhlil ediləcəkdir. Lakin, Aşağı Mollu kənd tam orta məktəbinin məzunu Nihad Abbasovun I ixtisas qrupu üzrə 700 bal toplaması, eyni zamanda Yuxarı Mollu, Xələc, Zilanlı, Qaralar, Aşağı Mollu və Çaytumas məktəblərinin məzunları olan daha altı nəfərin 600-dən yuxarı bal toplaması onu deməyə əsas verir ki, təlim-tərbiyyə işinin düzgün qurulması, çəkilən zəhmət mütləq öz bəhrəsini verir.
Bu ilin birinci yarımilində Mərkəzi xəstəxana əhalinin tibbi müayinədən keçirilməsi ilə bağlı Prezident tapşırığının yerinə yetirilməsini təmin etməyə çalışmışdır. 10 min 656 nəfəri Bakı şəhərində, 22 min 849 nəfəri Sumqayıt şəhərində, 2 min 649 nəfəri isə digər rayonlarda, ümumilikdə isə rayon üzrə 32 min 542 nəfər tibbi müayinədən keçirilməsi təmin edilmişdir.
Səfərbərlik və Hərbi Xidmətə Çağrış üzrə Dövlət Xidmətinin Rayon Bölməsi də hesabat dövrü üzərinə düşən vəzifəni yerinə yetirmişdir. Birinci yarım ildə 38 nəfər hərbi xidmətə yola salınmış, 310 nəfər gənc ilkin qeydiyyata alınmışdır.
Ilin ötən dövrü ərzində rayonumuzun ictimai-siyasi həyatında elə bir dəyişiliklik baş verməmişdir. Fəaliyyət göstərən partiyalar arasında aparıcı rol Yeni Azərbaycan Partiyasının Qubadlı rayon təşkilatına məxsusdur. Hazırda bu partiyanın üzvlərinin sayı 3 min 365-ə çatmışdır.
Yığıncaqda məruzə ilə çıxış edən Qubadlı rayon Maliyyə şöbəsinin müdiri Kəmaləddin Rüstəmov, Qubadlı rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin direktoru Fazil Nərimanov, Qubadlı rayon Vergilər idarəsinin rəisi Əhliman Qasımov və Yuxarı Mollu kənd inzibati ərazi dairəsi üzrə nümayəndə Rafiq İsmayılov cari ilin 1-ci yarım ili ərzində ölkədə, o cümlədən rayonda görülən işlərdən bəhs edərək qeyd etilər ki, bu gün inamla demək olar ki, ölkəmiz hərtərəfli inkişaf yolundadır. İndi ölkə əhalisinin hər bir vətəndaşı yaxşı başa düşür ki, inkişafın qarantı ölkədə yaradılmış ictimai-siyasi sabitlikdən və hər bir kəsin üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməsindən çox asılıdır. Əminliklə vurğulandı ki, həmişə dövlətçilik ənənələrinə sədaqəti ilə seçilən rayon sakinləri, eyni zamanda, rayonun idarə, müəssisə və təşkilatlarının bütün əməkdaşları bundan sonra da Prezident cənab İlham Əliyevin qarşıya qoyduğu vəzifələrin uğurla yerinə yetirilməsində var qüvvələri ilə çalışacaqlar.
Sonda 22 iyun 2015-ci il tarixli “Dövlət qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı” na əsasən “Tərəqqi” medalı ilə təltif olunmuş Yuxarı Mollu kənd inzibati ərazi dairəsi üzrə nümayəndə Rafiq Hüseyn oğlu İsmayılova “Tərəqqi” medalı təqdim olundu.