“14 iyul 1969-cu il: Müstəqil və qüdrətli Azərbaycanın təməlinin qoyulduğu gün”
2023-cü il 14 iyul tarixində Qubadlı Rayon İcra Hakimiyyətinin inzibati binasında Ulu Öndərin Azərbaycanda birinci dəfə siyasi hakimiyyətə gəlişi ilə bağlı “14 iyul 1969-cu il: Müstəqil və qüdrətli Azərbaycanın təməlinin qoyulduğu gün” mövzusunda dəyirmi masa keçirildi. TədbirdəRİH-in məsul şəxsləri, YAP Qubadlı rayon təşkilatının rəhbərliyi, ziyalılar, ağsaqqallar, idarə, müəssisə, təşkilat rəhbərləri, RİHB-nin inzibati ərazi dairəsi üzrə nümayəndələri iştirak edirdilər.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və dövlətçiliyimiz, ərazi bütövlüyümüz uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbirdə Umummilli Lider Heydər Əliyevin həyat yolundan bəhs edən videoçarx nümayiş olundu.
Tədbiri giriş nitqi ilə açan Rayon İcra Hakimiyyəti başçısının müavini Allahverdi Haxverdiyev qeyd etdi ki, ölkəmizin çoxəsrlik dövlətçilik tarixində Heydər Əliyev epoxasının müstəsna yeri vardır. Ulu Öndərin Heydər Əliyevin Azərbaycanda birinci dəfə siyasi hakimiyyətə gəldiyi 1969-cu ilin 14 iyul günü xalqımızın tarixi taleyində oynadığı misilsiz rolu ilə daim xatırlanır. Bu tarix Azərbaycanın xilasının birinci mərhələsi, xalqın özünə qayıdış tarixidir. Dünya şöhrətli siyasi xadim öz müdrik fəaliyyəti ilə müasir tariximizin ən şanlı və parlaq salnaməsini yaradıb. Ulu öndər Heydər Əliyevin 1969- cu ilin iyul ayının 14-də Azərbaycan Respublikasına rəhbər təyin edilməsini taleyin Azərbaycan xalqına bir bəxşişi kimi dəyərləndirilir. Bu hadisə ölkəmizin tarixində uzunmüddətli və sürətli inkişafın əsasını qoydu. Sovеt rеjiminin bütün xüsusiyyətlərinə dərindən bələd olan Hеydər Əliyеv Azərbaycanı düşmüş olduğu ağır vəziyyətdən çıxarmaq üçün qətiyyətli addımlar atmağa başladı. Ulu öndər 1969-1982-ci illərdə milli kadr hazırlığı məsələsinin həllinə, təhsil şəbəkələrinin genişləndirilməsinə, bu sahənin maddi-texniki bazasının möhkəmləndirilməsinə nail oldu. 1969-1982-ci illərdə Hеydər Əliyеv bütün sahələrdə digər sovеt rеspublikaları ilə muqayisədə dəfələrlə gеri qalan bir rеspublikanı dirçəltmək missiyasını yеrinə yеtirməli oldu.Azərbaycana rəhbər təyin olunan Heydər Əliyev respublikanın geriqalma səbəblərini dərindən araşdıraraq, dahiyanə uzaqgörənliklə ölkənin uzunmüddətli, dinamik və hərtərəfli inkişafını təmin edən kompleks inkişaf proqramları hazırlatdı və onların icrasına başlandı. Cəmiyyətin sağlam qüvvələrini, mövcud resursları səfərbər edərək respublikanı tərəqqi və inkişaf yoluna çıxardı.
Ulu öndər Heydər Əliyev 1969-1982-ci illərdə Azərbaycan Sovet Sosialist Respublikasına, 1993-cu ilin iyunundan 2003-cü il oktyabrınadək Müstəqil Azərbaycan Respublikasına rəhbərlik etmişdir. İstər Sovetlər Birliyi, istərsə də Mustəqil Azərbaycan Respublikası dövründə Vətəninə, xalqına sədaqətlə, ləyaqətlə xidmət Heydər Əliyevin mubarizə devizi və həyat idealı olmuşdur.
YAP Qubadlı rayon təşkilatının sədri Təhmasib Rüstəmov bildirdi ki, 1969-cu ilin 14 iyulu tarixə Azərbaycanın özünə qayıdışının, dirçəliş və inkişaf yolunun başlanğıcı kimi düşüb. Çünki məhz həmin tarixdən etibarən Azərbaycana rəhbərlik edən ulu öndər Heydər Əliyev qüdrətli dövlət xadimi, mahir siyasətçi kimi Azərbaycanı nəinki keçmiş SSRİ-də və dünyada tanıdıb, həm də milli varlığımızı qoruyub saxlayıb. O illərin rəşadəti və şöhrəti XX əsr tariximizə qızıl hərflərlə yazılıb. Buna görə də 14 iyul tarixi xalqımızın qəlbində həm də milliliyin, Azərbaycançılığın, tarix səhifəsində milli dövlətçiliyimizin əbədi mövcudiyyət günü kimi qəbul edilir. Ulu Öndərin nəsillərə nümunə olan həyat yolu xalqa təmənnasız xidmətdən keçib. O, nəinki müstəqil Azərbaycan dövlətçiliyinin əbədiliyini təmin edib, həm də müstəqil, milli dövlətçiliyin əsasını qoyub, yeni idarəçilik məktəbi formalaşdırıb. Xalqın təkidli tələbi ilə Azərbaycanda ikinci dəfə siyasi hakimiyyətə qayıdan Ulu Öndər tariximizin olduqca məsuliyyətli və taleyüklü mərhələsində ölkəni məhv olmaqdan qurtardı.
Dahi şəxsiyyət özünün qurub-yaratdığı, şah əsəri olan müstəqil Azərbaycanın taleyini bu məktəbin layiqli davamçısı olan Prezident İlham Əliyevə əmanət edib. Bu gün ölkəmiz Heydər Əliyev siyasətini uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi altında yeni nailiyyətlər qazanır.
“Bu gün ölkəmizin sosial-iqtisadi, elmi və mədəni həyatında gedən proseslərin kökündə fəal yaradıcı gücə malik olan Heydər Əliyev milli dövlətçilik konsepsiyası, inkişafın Heydər Əliyev modeli dayanır. Gecəli-gündüzlü fədakar əməyi ilə müstəqil Azərbaycan dövlətini yaradan, Azərbaycanı öz həyatının mənası bilən Ulu Öndərin xalqımız qarşısında xidmətləri unudulmazdır. Özündən sonra qüdrətli Azərbaycan adlı möhtəşəm abidə qoyub gedən Ümummilli Lider Heydər Əliyevin adı, siyasi və dövlətçilik fəaliyyəti müstəqil Azərbaycanla birgə yaşayır və yaşayacaqdır!”
Daha sonra Süleyman Rəhimov adına Mahruzlu kənd tam orta məktəbin tarix müəllimi Günel Həmidova və Xıdırlı kənd tam orta məktəbin direktoru Savalan İmanov Ulu Öndər Heydər Əliyevin Azərbaycan tarixində fenomen şəxsiyyət olduğunu vurğulayaraq ətraflı məruzə etdilər.
Qeyd etdilər ki,Azərbaycanı bu gün bütün dünyada özünəməxsus milli-mənəvi keyfiyyətlərə, adət-ənənələrə, mədəni dəyərlərə malik ölkə, qüdrətli sənaye respublikası, yüksək intellektual səviyyəsi, bütün müsəlman Şərqinə örnək olan müstəqil ölkə kimi tanınması məhz UluÖndər Heydər Əliyevin fəaliyyətinin nəticəsidir. Zaman keçdikcə Heydər Əliyev şəxsiyyətinin böyüklüyü və əzəməti, onun xalqımızın naminə gördüyü xilaskarlıq və quruculuq işlərinin möhtəşəmliyi daha aydın görünür. Hər bir Azərbaycan vətəndaşı müstəqil və demokratik dövlətdə yaşadıqlarına, bütün demokratik dəyərləri özündə əks etdirən vətəndaş cəmiyyətində fəaliyyət göstərdiklərinə, xoşbəxt gələcəklərinin sahibləri olduqlarına görə Heydər Əliyev şəxsiyyətini heç zaman unutmayacaqdır!.