Şriftin ölçüsü :

Saytın rəngi :

Əliquluuşağı məktəbi- 100 illik yubileyi

30 dekabr 2015 | 16:00

26 dekabr 2015-ci il tarixində Qubadlı rayon İcra Hakimiyyətinin təşəbbüsü və təşkilatçılığı ilə rayonun ilk tarixi məktəblərindən biri olan Əliquluuşağı məktəbinin 100 illik yubileyi münasibətilə Sumqayıt şəhəri 28 May mədəniyyət evində tədbir keçirilmişdir. Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı cənab Malik İsaqov, Milli Məclisin deputatı İmamverdi İsmayılov, Təhsil nazirliyinin rəsmisi Aydın Əhmədov, RİH-nin məsul nümayəndələri,  Əliquluuşağı məktəbinin kollektivi, idarə müəssisə və təşkilat rəhbərləri, ictimaiyyət nümayəndələri və qonaqlar iştirak edirdilər.
Tədbir açıq elan edildikdən sonra Əliquluuşağı məktəbinin və kəndinin tarixi haqqında video çarx nümayiş olundu.
Sonra tədbirdə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov qeyd etdi ki, Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin sənədlərinə əsaslananaraq 2015-ci il rayonun ilk tarixi məktəblərindən biri olan Əliquluuşağı məktəbinin yaranmasının 100 ili tamam olur. Hələ 1913-cü ildən bu məktəbin açılması üçün 1876-cı ildən Əliquluuşağı kəndində fəaliyyət göstərən mədrəsədə ətraf kəndlərin də uşaqları cəlb olunmaqla dini təhsil verən Molla Səfərin və onun oğlu molla Əlinin xüsusi fəallıqları olmuşdur. Kənd mədrəsəsi o zamanki Rus İmperiyası tabeçiliyində olan ucqar əyalətlərdə idarəetməni asanlaşdırmaq üçün yazı-pozu bacaran, yerli kiçik məmurların hazırlanması məqsədi ilə az sinifli rus-tatar məktəbləri açdırmaq niyyətinin həyata keçirilməsində əsaslı zəmin, əlverişli şərait yaradırdı. Odur ki, kəndin mütərəqqi, maarifpərvər adamları bu fürsəti qaçırmayaraq öz kəndlərində, hətta öz hesablarına olmuş olsa belə az sinifli məktəblərin açılmasına çalışmışlar. Zəngəzur qəzası vasitəsi ilə Yelizavetpol quberniyasına çoxlu sayda müraciət xarakterli məktublar göndərmişlər. Nəhayət, 1914-cü ilin sentyabr ayının 1-dən məktəbin açılmasına o şərtlə razılıq verilir ki, məktəb üçün bina və müəllim təmin edilsin. Lakin bu təminat vaxtında yaradıla bilmədiyi üçün məktəbin açılması ləngidilir. Məktəb yalnız 15 sentyabr 1915-ci il tarixdən fəaliyyətə başlamalı olmuşdur.
Vurğulandı ki, məktəb həm Əliquluuşağı kəndində, həm də həmin əraziyə yaxın kəndlərdə yaşayan əhalinin savadlanmasında, yəni savadsızlığın ləğvində əvəzsiz rol oynamışdır. Məktəbin yaratdığı mühitin burada təhsil alan məzunlarda xalqa, hökumətə, dövlətə sadiqlik, özünə və ətrafındakılara tələbkarlıq, ciddi, savadlı bir insan kimi yetişmələrində böyük təsiri olmuşdur. İllər ötdükcə məktəb rayonun şimal hissəsində olan kəndlər üçün bir növ təhsil, mədəniyyət mərkəzinə çevrilmiş, diqqət çəkən məktəblərdən biri olmuşdur.
Məktəbin insan həyatındaki əvəzolunmaz rolundan bəhs edərək bildirildi ki, keyfiyyətli təhsil məktəb məzunlarının adlı-sanlı, elm, təhsil sahəsində görkəmli şəxsiyyətlər kimi formalaşmasında böyük əhəmiyyət kəsb edir. Əliquluuşağı məktəbinin də bu sahədə rolu danılmazdır. Beləki,  bu məktəb dövrünün sayılıb-seçilən məzunları Pənahəli Abbasov (30-35-ci illərdə Azərbaycan Respublikasının   Mərkəzi Komitəsinin məsul işçisi- vəfat etmişdir), Əhliman Axundov (görkəmli folklorşunas alim- vəfat etmişdir), Salam Adıgözəlov (Qubadlı rayon Partiya İcraiyyə komitəsinin sədri- vəfat etmişdir), Zakir Məmmədov (Yəmən Respublikasında Səfirlikdə diplomat -vəfat etmişdir), Hüseyn Quliyev- (İran və Türkiyədə səfirliklərdə  diplomat-vəfat etmişdir), İsaq Məmmədov- (görkəmli pedaqoq və tədqiqatçı, əməkdar elm xadimi- vəfat etmişdir), Əli İldırımoğlu (Şöhrət ordenli yazıçı-publisist, əməkdar jurmalist), Baxış Hüseynov ( tibb elmləri doktoru) və bu kimi digər məzunlarının yetişdirmiş və onların fəaliyyətindən həmişə qürür düymuş, onlarla fəxr etmişdir.
Başçi qeyd etdi ki, fəaliyyəti dövründə dəfələrlə həm mənəvi, həm fiziki zərbə alan digər məktəblər kimi Əliquluuşağı məktəbi də 1993-cü ildə daha ağır zərbəyə məruz qalmışdır. Məcburi köçkünlük həyatı yaşamalı olmuşdur. Sumqayıt şəhərinin 17 saylı məktəbinin ayrıca korpusunda fəaliyyətini çox çətinliklə də olsa bərpa edə bilmişdir. Hazırda məktəb nisbətən az kontingenti ilə adi həyatını yaşayır. Məktəbin 21 nəfərdən ibarət pedaqoji heyəti təhsil müvəffəqiyyətləri əldə etmək üçün bütün imkanlardan istifadə edirlər. Mərkəzləşdirilmiş buraxılış imtahan nəticələri, məzunlarının yüksək balla ali məktəblərə qəbulu, respublika səviyyəli müsabiqələdə şagirdlərin iştirakı məktəbin bu gün də öz fəaliyyətini günün tələblərinə uyğun qurmağa çalışmasından xəbər verir.
Sonra tədbirdə çıxış edən Azərbaycan Respublikası Təhsil Nazirliyinin Məktəbəqədər və Ümumtəhsil şöbəsinin rəisi Aydın Əhmədov sürətli tərəqqi yolunda olan respublikamızda təhsil sisteminin yüksək səviyyədə olmasından danışdı.Bildirdi ki, Çağdaş dövrdə qloballaşan dünyanın çağırışlarına uyğun olaraq,  təhsil sisteminin yeni, daha yüksək səviyyəyə qaldırılması, təhsilin keyfiyyətinin artırılması modernləşdirmə, müasirləşdirmə mərhələsinə qədəm qoymuş Azərbaycanın başlıca hədəflərindəndir.
Tədbirdə məktəbin tarxindən, məktəb illərindəki təəsüratlarıdan geniş məruzə nitqi ilə çıxış edən yazıçı, filologiya elmləri doktoru Əliağa Cəfərov “Arzular, ümidlər məktəbi” adlı kitabını məhz bu məktəbin 100 illik yubiliyinə həsr etdiyini bildirdi.
Rayon Təhsil şöbəsinin müdiri Afət xanım Allahverdiyeva və digər çıxış edənlər dövlətin siyasətində təhsilin mühüm yer tutduğunu, rayonda həyata keçirilən uğurlu təhsil islahatlarından, dövlətin təhsilə, təhsil işçilərinə göstərdiyi qayğıdan bəhs etdilər.
Çıxışlardan sonra Azərbaycan Respublikası Prezidentinə müraciət məktubu oxundu, Rayon İcra Hakimiyyəti və Təhsil Nazirliyi tərəfindən məktəbin bir neçə müəlliminə fəxri fərmanlar və hədiyyələr təqdim olundu.
Sonra tədbir rayon Mədəniyyət və Turizm şöbəsinin hazırladığı musiqili  proqramla davam edirildi.

Keçidlər