Şriftin ölçüsü :

Saytın rəngi :

Qubadlı rayonunda “2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə dair” rayon İcra hakimiyyəti başçısının hesabatı

09 fevral 2016 | 16:00

09 fevral 2016-ci il tarixdə Qubadlı rayonunda “2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə dair” rayon İcra hakimiyyəti başçısının hesabatı olmuşdur. Yığıncağında Prezident Administrasiyasının məsul işçisi Ağa-Əli Əhmədov, Milli Məclisin deputatı İmamverdi İsmayılov, rayonun idarə müsəsisə və təşkilat rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak edirdilər.
İclas acıq elan edildikdən sonra rayon İcra hakimiyyətinin başçısı Malik İsaqov il ərzində görülmüş işlərlə bağlı məruzə etdi. Məruzədə yığıncaq iştirakçılarına Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkədə qazanılmış uğurlu nəticələrdən, Azərbaycanın beynəlxalq aləmdə rolunun artmasından geniş məlumat verildi. Rayon İcra hakimiyyətinin başçısı  2015-ci ildə rayonda məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşması, kommunal problemlərinin həlli istiqamətində işlərin görüldüyünü qeyd edərək bildirdi ki, il ərzində 26 ailənin mənzil şəraiti yaxşılaşdırılmış, sakinlərin sıx məskunlaşdığı ərazilərdə binaların və mənzillərinin dam örtükləri təmir edilmiş, bir neçə ailəyə mənzillərinin təmiri üçün maliyyə vəsaiti verilmiş, çoxlu sayda kommunal problemlər aradan qaldırılmışdır. Qeyd olunmuşdur ki, köçkünlərin kütləvi məskunlaşdığı bir neçə yataqxanada ümumi istifadə sahələri əsaslı təmir edilərək təmir işləri aparılmışdır.
Məruzədə vurğulanmışdır ki,İnşaatçılar qəsəbəsində köhnə yeməkxana binasının həyətində 435 kv.metr, Aşağı Mollu məktəbinin həyətinə 786 kv. metr, İnşaatşılar qəsəbəsindəki yola 1500 kv. metr sahəyə asfalt örtük çəkilmiş, köhnə sürücülük məktəbinin həyətində 50 metr məsafədə ümumi istifadə üçün kanalizasiya xətti çəkilmiş, İcra hakimiyyəti binasının qarşısındakı istirahət parkında əsaslı yenidənqurma aparılaraq, yeni fəvvarə quraşdırılmış, abadlıq işləri görülmüş, məktəblərin, idarə və müəssisələrin həyətlərində 1375 ədəd ağac əkilmişdir.
Hesabat dövrü əhalinin aztəminatlı hissəsi də diqqətdə saxlanıldığı qeyd olunmuşdur. Bildirilmişdir ki,  rayon İcra hakimiyyətinin daxili imkanları hesabına 2015-ci il ərzində yas mərasimlərinin təşkilinə, xəstələrin müalicəsinə, bayram tədbirlərinə və sair məsələlərlə bağlı aztəminatlı ailələrə daxili imkanlar hesabına 79 min manat pul köməkliyi edilmiş, “Novruz bayramı” münasibəti ilə 600 aztəminatlı  ailəyə ərzaq bağlaması, şəhid ailələrinə il ərzində dörd dəfə müxtəlif  ərzaqlardan ibarət yardım paylanmışdır. Böyük Vətən Müharibəsində qələbənin 70 illiyi münasibətilə tədbir keçirilərək 16 nəfər müharibə veteranının hər birinə  200 manat pul yardımı verilmişdir. Bunlardan əlavə “Qurban bayramı” ilə əlaqədar rayondan olan 800 aztəminatlı ailəyə “Qurban” əti paylanmışdır.
İl ərzində rayon üzrə 341 ailəyə ünvanlı sosial yardım ödənilmiş, hər ailəyə ödənilən məbləğin miqdarı 141manat təşkil etmişdir. Hesabat dövrü rayon sakinləri arasında işsizliyin aradan qaldırılması istiqamətində işlər davam etdirilərək 181 yeni iş yerləri yaradılmışdır.
Özlərindən asılı olmadan iş yerlərini itirən 1034 nəfərə orta aylıq əmək haqqı  ödənilmişdir.
2015-ci ildə rayon məktəblərini bitirən 400 məzundan 196 nəfəri ali məktəblərə qəbul olaraq tələbə adını qazanmışdır. Rayon sakini Nihad Abbasov ən yüksək nəticə hesab olunan 700 bal toplamış,  Qəziyan kənd tam orta məktəbi “İlin ən yaxşı məktəb”i adına layiq görülmüşdür.
Rayon Mədəniyyət və Turizm idarəsi də öz işini müvafiq iş planına uyğun qurmağa  çalışmışdır. 2015-ci il ərzində şöbə tərəfindən ümumilikdə 149 tədbir keçirilmiş, tədbirlərə 7 mindən artıq tamaşaçı cəlb edilmişdir.
Hesabat ilində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən əhalinin kütləvi profilaktik tibbi müayinədən keçməsi işi uğurla həyata keçirilmişdir. Rayon üzrə müayinədən keçən 32 min 542 nəfərdən 22 min 849 nəfəri rayon Poliklinikasının xidmətindən yararlanmışdır. Ötən ildə poliklinikanın texniki imkanlarının genişləndirilməsi istiqamətində də işlər görülmüş, 1 saatda 60 müayinə aparmaq qabiliyyətində olan aparat alınaraq istifadəyə verilmişdir.  Xəstəxananın qeydiyatında olan  409  nəfər şəkərli diabeti olan xəstələr vaxtlı-vaxtında dərman pereparatları ilə təmin olunmuşdur.
Hesabat məruzəsi ətrafında idarə, müəssisə və təşkilat rəhbərləri çıxış edərək fəaliyyət sahələri üzrə görülən işlər barədə yığıncaq iştirakçılarına məlumat vermişlər.
Yığıncaq iştirakçılarının fəallığı ilə keçirilən tədbirdə müxtəlif təkliflər səsləndirilmiş, il ərzində görülmüş işlər qənaətbəxş qiymətləndirilmişdir.
Hesabat yığıncağında Prezident Administrasiyasının məsul işçisi Ağa-Əli Əhmədov və Milli Məclisin deputatı İmamverdi İsmayılov geniş nitq söylədilər.
Sonda hesabat yığıncağında qərar layihəsi və Azərbaycan Respublikasının Prezidentinə müraciət qəbul olunmuşdur.

Keçidlər