2016-ci ilin birinci rübün sosial-iqtisadi inkişafın yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı
15 aprel 2016-ci il tarixdə Qubadlı rayon İcra hakimiyyətində 2016-ci ilin birinci rübün sosial-iqtisadi inkişafın yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilmişdir. Hesabat yığıncağında rayon İcra hakimiyyətinin başçısı Malik İsaqov, İcra hakimiyyətinin məsul işçiləri, idarə, müəssisə rəhbərləri, və ictimaiyyət nümayəndələri iştirak etmişlər.
Hesabat yığıncağı Rayon İcra Hakimiyyətinin başçısı cənab Malik İsaqov tərəfindən açıq elan edildi. Sonra başçı qeyd etdi ki, əvvəlki dövrlərdə olduğu kimi cari ilin birinci rübündə də ölkəmizin sosial-iqtisadi inkişafı uğurla davam etmiş, iqtisadi siyasətin inkişaf istiqamətləri üzrə əhəmiyyətli işlər görülmüş, nəticədə ölkə əhalisinin rifah halı xeyli dərəcədə yaxşılaşmışdır. 2016-ci ilin aprel ayının 9-da Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyev cənablarının sədrliyi ilə Nazirlər Kabinetinin birinci rübünün sosial-iqtisadi inkişafın yekunlarına həsr edilmiş yığıncağı da bunu bir daha təsdiq etmişdir. Yığıncaqda dövlətimizin başçısı dərin təhlilə söykənən çox əhatəli nitq söyləyərək ilin üç ayında görülən işlərdən bəhs etmiş, ölkənin sosial-inkişaf sahəsindəki vəziyyətini ətraflı təhlil etmiş, qarşıda duran vəzifələri müəyyənləşdirmişdir. Prezidenti İlham Əliyev əhatəli və dərin məzmunlu çıxışında Dağlıq Qarabağ ətrafında gedən proseslər, cəbhə xəttində gedən döyüşlər və onun nəticələri barədə məlumat verərək qeyd etmişdir ki, aprel ayının əvvəlində Ermənistan Azərbaycana qarşı növbəti silahlı təxribat törətmişdir. Qeyd olunmuşdur ki, ordumuz tərəfindən bu təxribatın qarşısı alınaraq düşmənə sarsıdıcı zərbə vurulmaqla onun uzun illər boyu möhkəmləndirdiyi istehkam xətləri dağıdılaraq yaşayış məntəqələrimizi daima atəş altında saxlamağa imkan verən strateji yüksəkliklər geri qaytarılmışdır.
Sonra 2016-ci ilin birinci rübündə rayonda görülmüş işlərdən bəhs edən məruzə ilə çıxış edən başçının müavini Sahib Əliyev rayonda məcburi köçkünlərin mənzil-məişət şəraitlərinin yaxşılaşması, kommunal problemlərinin həlli istiqamətində görülmüş işləri qeyd edərək bildirdi ki, rayon İcra hakimiyyətinin təşəbbüsü ilə Dövlətqaçqınkom tərəfindən Sumqayıt şəhər 10 saylı Peşə Liseyində Xanlıq kənd sakini Gülzar Abbasovaya 2 otaqlı mənzil tikilmişdir. 47-ci məhəllə və 12-ci mikrorayon ərazisində rayon İcra hakimiyyəti tərəfindən əvvəllər tikilmiş sosial obyektlərdə layihələndirmə işləri aparılaraq qaz sayğacının quraşdırılması təmin edilmişdir. Muradxanlı və Qubadlı şəhər ərazi nümayəndəliklərindən olan iki ailəyə tikinti materialları ilə köməklik edilmiş, İnşaatçılar stadionunda bir ailənin mənzilinin dam örtüyü təmir olunmuşdur. Bunlardan əlavə bir nəfər köçkün ailəsinə Kimyaçılar qəsəbəsində idarə binasında, bir ailəyə də Şəfa sanatoriyasında mənzil verilmişdir. “Sumqayıt” mehmanxanasında yanğın nəticəsində zərər çəkən Xanlıq ərazi dairəsi üzrə nümayəndəliyin bir sakininə 500 manat pul yardım edilmişdir. Rayon İcra hakimiyyətinin müraciəti əsasında Sabirabad rayonunda məskunlaşan Mahruzlu ərazi nümayəndəliyinin 3 ailəsi də dövlət tərəfindən yeni mənzillə təmin olunmuşdur. Hesabat dövrüdə Qubadlı şəhər ərazi nümayəndəliyin bir sakininin mənzilinə elektrik xətti çəkilməsi üçün Sumqayıt Elektrik Şəbəkəsindən razılıq alınaraq ona bir ədəd sayğac və 150 metr elektrik kabeli verilmişdir. 10 saylı Texniki Peşə Liseyinin həyətinə 400 kv. metr asfalt örtük çəkilmişdir. Bundan əlavə rayon İcra hakimiyyətinin köməkliyi ilə hazırda Azərsu Açıq Səhmdar Cəmiyyəti tərəfindən 40-cı məhəllədə məcburi köçkünlər yaşayan binada su və kanalizasiya xətlərinin əsaslı təmiri işləri aparılır.
Məruzədə qeyd olundu ki, cari ilin birinci rübü Binəqədi rayonu, Sarıqaya ərazisində məcburi köçkünlərin məskunlaşdığı Kondinsionerlər zavodunun sanatoriya binasında yanğın hadisəsi baş vermiş və orada Qubadlı rayonundan məskunlaşan 14 ailəyə xeyli maddi ziyan dəymişdir. Rayon İcra hakimiyyəti 2 ay müddətində onların mənzilləri təmir edilənədək kirayə haqlarının ödənilməsi üçün həmin ailələrin hər birinə daxili imkanlar hesabına 500 manat olmaqla ümumilikdə, 7 min manat pul köməkliyi etmişdir. Eyni zamanda orada yaşayan ailələrə dəymiş ziyanın ödənilməsi üçün Nazirlər Kabinetinin qərarına əsasən hər bir ailəyə 5 min manat vəsait ayrılmışdır. Yanğın nəticəsində yararsız hala düşmüş sanatoriya binası hazırda Qaşqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin aidiyyəti idarəsi tərəfindən əsaslı şəkildə təmir edilir.
Rayon İcra hakimiyyətinin daxili imkanları hesabına rüb ərzində yas mərasimlərinin təşkilinə, xəstələrin müalicəsinə və sair məsələlərlə bağlı aztəminatlı ailələrə 27 min manat pul köməkliyi edilmiş, “Novruz bayramı” münasibəti ilə 700 aztəminatlı və 180 nəfər şəhid ailəsinə ərzaq bağlaması paylanmışdır.
Hesabat dövrü rayon İcra hakimiyyətinin fəaliyyət istiqamətlərindən biri də vətəndaşların qəbulu, onların müraciətlərinə baxılması işi təşkil etmişdir. Rüb ərzində İcra hakimiyyətinə dövlət orqanlarından və vətəndaşlardan ümumilikdə 35 müraciət daxil olmuşdur. Rayon İcra hakimiyyəti başçısı tərəfindən rüb ərzində keçirilən 5 səyyar qəbulda qeydə alınan 22 müraciətin 20-si müsbət həll edilmiş, 2-ə müvafiq izahat verilmişdir. Hesabat dövrü İcra hakimiyyətində İcra hakimiyyətinin başçısı tərəfindən keçirilən 10 qəbulda 174 vətəndaş qəbul edilmişdir. 91 vətəndaşın müraciəti müsbət həll edilmiş, 69 vətəndaşa müvafiq izahat verilmiş, 14 müraciət isə icraata götürülmüşdür. Məcburi köçkünlərin həyat səviyyəsinin yüksəldilməsi, onların yaşayış yerlərinin abadlaşdırılması rayon İcra hakimiyyətinin əsas fəaliyyət istiqamətlərindən biridir. Rayon İcra hakimiyyətinin bu istiqamətdə apardığı işlərə görə qəbullar zamanı vətəndaşların minnətdarlıq ifadələri görülən işlərin sakinlər tərəfindən yüksək qiymətləndirilməsinin əyani təzahürüdür.
Qeyd olundu ki, 2016-cı ildə rayon üzrə birinci rüb üzrə Rayon Vergilər Şöbəsi rüb üzrə qarşıya qoyulan tapşırıqları 120,2 % yerinə yetirmiş, Rayon Əhalinin Sosial Müdafiə Mərkəzində 360 ailənin hər birinə 143 manat, yaxud, 1455 ailə üzvünün hər birinə 36 manat ünvanlı sosial yardım ödənilmiş, Rayon Məşğulluq Mərkəzinin göndərişi ilə 97 nəfər ölkənin müxtəlif təşkilatlarda işlə təmin olunmuşdur.
Ölkə Prezidentinin tapşırığına əsasən 15 fevral 2016-cı il tarixindən əhalinin tibbi müayinədən keçirilməsi işinə başlanmışdır. Ümumilikdə 17 mindən artıq məcburi köçkünün tibbi müayinədən keçirilmişdir ki, onlardan da 5 min 334 nəfərinin müayinəsi rayon Mərkəzi Xəstəxanasının Poliklinika şöbəsi tərəfindən həyata keçirilmişdir.
Mədəniyyət və Turizm idarəsi də işlərini günün tələbləri səviyyəsində qurmağa çalışmış, əlamətdar və tarixi günlərlə bağlı bir sıra tədbirlər keçirilmişdir.
Hesabat məruzəsi ətrafında müzakirələrdə Məşğulluq mərkəzinin direktoru Əkbər Qurbanəliyevin, Rayon Əhalinin Sosial Müdafiə Mərkəzin direktoru Fazil Nərimanov və rayon İcra hakimiyyəti başçısının Qubadlı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi İlyas Süleymanovun çıxışları dinlənilmişdir.
Sonda yığıncaqda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Nazirlər Kabinetinin 9 aprel 2016-ci il tarixli iclasındakı nitqində qarşıya qoyulan vəzifələrdən ətraflı bəhs edilmiş, rayonun bütün icra sturukturlarına qarşıya qoyulmuş vəzifələrin uğurla yerinə yetirilməsi üçün konkret tapşırıqlar verilmiş, gündəlikdəki məsələ ilə bağlı qərar layihəsi qəbul edilmişdir.