Zərifə Əliyeva - 93
27 aprel 2016-ci il tarixində Qubadlı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın anadan olmasının 93-cü ildönümünə həsr olunmuş dəyirmi masa keçirilib. Qubadlı rayon Mərkəzi xəstəxanasının Poliklinika şöbəsində keçirilən tədbirdə rayon İcra Hakimiyyətinin müavini Xoşqədəm Alıyeva, rayonun səhiyyə işçiləri, ictimaiyyət nümayəndələri iştirak edirdilər.
Tədbiri açıq elan edən rayon Mərkəzi xəstəxanasının poliklinika şöbəsinin baş həkimi Nüslət Əhmədov akademik Zərifə Əliyevanın həyat və fəaliyyətindən bəhs edərək, alimin Azərbaycan tibb sahəsinə bəxş etdiyi dəyərli töhfələri elmimizin yüksək nailiyyəti kimi qiymətləndirdi. Qeyd olundu ki, oftolmoloq alim Zərifə xanım Əliyeva göz xəstəliklərinin öyrənilməsi, profilaktikası və müalicəsinə, habelə oftalmologiyanın müasir problemlərinə dair bir çox sanballı tədqiqatların, o cümlədən "Terapevtik oftalmologiya", "İridodiaqnostikanın əsasları" kimi nadir elmi əsərlərin müəlliflərindən biri, 12 monoqrafiya, dərslik və dərs vəsaitinin, 150-yə yaxın elmi işin, 1 ixtira və 12 səmərələşdirici təklifin müəllifidir. Z.Əliyeva yüksək ixtisaslı səhiyyə kadrları hazırlanmasına böyük əmək sərf etmişdir.
Sonra nitq söyləyən Xoşqədəm xanım Alıyeva qeyd etdi ki, Zərifə xanım Əliyeva Əziz Əliyev kimi görkəmli dövlət xadimi, elm ictimaiyyətinin tanınmış nümayəndəsinin ailəsində anadan olmuş, insanlarla həssas ünsiyyətə xüsusi diqqət yetirmişdir. Zərifə xanım Heydər Əliyevlə ailə həyatı qurduqdan sonra mürəkkəb, mürəkkəb olduğu qədər də şanlı bir həyat yaşayıb. O, xalqımıza İlham Əliyev kimi şəxsiyyət bəxş edib. Xanım Alıyeva akademik Zərifə Əliyevanın həyat yolundan, elmi-pedaqoji və ictimai fəaliyyətindən, səhiyyədə atdığı uğurlu addımlardan danışaraq bildirdi ki, şərəfli ömür sürən mərhum tibb elminin ən yüksək zirvəsinə ucalmiş, onun müəllifi olduğu əsərlər bu gün də öz aktuallığını qoruyub saxlamişdir. Xoşqədəm xanım Alıyeva xüsusilə vurğuladı ki, məhz Zərifə Əliyeva ən mötəbər mükafat olan SSRİ Tibb Elmləri Akademiyasının M.İ.Averbax adına mükafatına SSRİ-də layiq görülən ilk qadın alim kimi oftalmologiya elminin tarixinə düşüb. Bütün bunlarla kifayətlənməyən akademik yüksəkixtisaslı gənc alim kadrların yetişdirilməsinə və oftalmoloq-həkimlərin ixtisaslarının artırılması işinə də öz tövhəsini vermişdir.
Sonra tədbirdə çıxış edən səhiyyə şöbəsinin əməkdaşları – şöbə müdiri Hüsniyə Adıgözəlova, göz həkimi Aygün Allahverdiyeva və digərləri bildirdilər ki, Zərifə xanım Əliyeva dünyada ilk dəfə görmə orqanının peşə patologiyasını araşdıran elmi tədqiqat laboratoriyası yaradıb və praktik olaraq elm aləmində yeni bir istiqamətin – "peşə oftalmologiyası"nın əsasını qoymuşdur. Alimin müxtəlif göz xəstəliklərinin diaqnostikası, profilaktikası və müalicəsi ilə bağlı dərin elmi araşdırmalar apardığını diqqətə çatdırıldı. Xüsusuilə qeyd olundu ki, insanlara nur bəxş edən akademik Zərifə Əliyevanın ömür yolu hər bir həkim üçün həyat və mənəviyyat dərsidir.