28 May Respublika günüdür
27 may 2016-ci il tarixdə Qubadlı rayon icra hakimiyyətinin təşkilatçılığı ilə Sumqayıt şəhərində yerləşən 28 May mədəniyyət evində 28 May Respublika günü münasibəti ilə tədbir keçirildi. Rayon icra hakimiyyətinin başçısı Malik İsaqovun, RİH-nin məsul işçilərinin, idarə və müəssisə rəhbərlərinin və ictimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbirdə Azərbaycan Xalq Cümhuriyyətinin dövlətçilik tarixindəki rolundan bəhs edən videoçarx nümayiş olundu. Sonra məruzə ilə çıxış edən Qubadlı Rayon İcra Hakimiyyəti başçısının müavini Xoşqədəm Alıyeva qeyd etdi ki, Azərbaycan Xalq Cümhuriyyətinin dövlətçilik tariximizdə mühüm yeri vardır. Şərqdə ilk parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyəti gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə çəmi 23 ay fəaliyyət göstərsə də, onun qısa müddətdə həyata keçirdiyi tədbirlər xalqımızın tarixində silinməz iz buraxmış, milli dövlətçilik ənənələrimizin bərpası işində böyük rol oynamışdır.
Natiq vurğuladı ki¸həmin dövrdə demokratik dövlət quruculuğu, iqtisadiyyat, mədəniyyət, təhsil, səhiyyə, hərbi quruculuq sahələrində mühüm addımlar atılmışdır.
Qeyd olundu ki, 1991-ci ildə Azərbaycan yenidən öz müstəqilliyinə qovuşdu. Lakin 1991-1993-cü illər Azərbaycanın müstəqillik tarixinə durgunluq, özbaşınalıq, hakimiyyət daxili hərc-mərclik illəri kimi həkk olundu. Azərbaycan özünün əsl müstəqilliyini ümummilli lider Heydər Əliyevin qayıdışından sonra əldə etdi. 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə hakimiyyətə gələn Heydər Əliyev özü ilə bərabər Azərbaycana həqiqi müstəqillik gətirdi. Əgər 1993-cü ildə Heydər Əliyev hakimiyyətə gəlməsəydi, Azərbaycan Respublikasının taleyi də Azərbaycan Cümhuriyyətinin taleyi kimi olacaqdı. Ümummilli Liderin hakimiyyətə qayıdışı ilə ölkənin ictimai- siyasi, elmi- mədəni həyatında, beynəlxalq əlaqələrdə dönüş yarandı. Ümummilli lider Heydər Əliyevin qətiyyətli səyləri nəticəsində 1994-cü il oktyabr və 1995-ci ilin dövlət çevrilişi cəhdlərinin qarşısı alındı.
Qürur hissi ilə qeyd edildi ki, Müstəqil Azərbaycan Respublikasının banisi görkəmli dövlət xadimi Heydər Əliyevin Azərbaycan Demokratik Respublikası haqqında söylədiyi fikirlər bütün zamanlar üçün aktuallığını saxlamaqdadır: ”Bu gün tam qətiyyətlə demək olar ki, Azərbaycan dövləti, Müstəqil Azərbaycan Respublikası 1918-ci ildə yaranmış Xalq Cümhuriyyətinin varisidir. Biz bu varisçilik prinsipini şərəflə, sədaqətlə yerinə yetiririk və yetirəcəyik ”. Ümummilli Lider Heydər Əliyevin şah əsəri olan müasir Azərbaycan hazırda Prezident İlham Əliyev cənablarının rəhbərliyi altında dünyanın ən dinamik inkişaf edən ölkələri sırasında layiqli yer tutur. Bu gün məhz cənab İlham Əliyevin uğurlu siyasəti nəticəsində ölkəmiz iqtisadi artım tempinə görə dünya dövlətləri arasında ön mövqelərə çıxmış, regionun lider dövlətinə çevrilmişdir.
Sonra tədbir rayon mədəniyyət şöbəsinin hazırladığı konsert proqramı ilə davam etdirildi, Azərbaycan, vətənpərvərlik mövzuzunda şeirlər səsləndirildi, mahnılar oxundu.