Son zəng və Qurtuluş günü münasibətilə Qubadlı rayonunda keçirilən tədbirlər haqqında məlumat
Son zəng və Milli Qurtuluş günü ilə əlaqədar olaraq Qubadlı rayonunun bütün ümumtəhsil məktəblərində tədbirlər keçirilir. Bu səpkidən olan tədbirlərdən biri də 14 iyun 2016-ci il tarixdə rayonun S.Rəhimov adına Mahruzlu kənd tam orta məktəbində keçirildi. Tədbirdə Qubadlı rayon icra hakimiyyətinin başçısı Malik İsaqov, Təhsil şöbəsinin rəhbərliyi, ictimaiyyət nümayəndələri, məktəbin şagird və müəllim kollektivi iştirak edirdilər. Tədbir məktəbin direktoru Xəyalə Yusifova tərəfindən giriş nitqi ilə açıq elan edildikdən sonra çıxış edən Qubadlı rayon icra hakimiyyətinin başçısı Malik İsaqov son zəng günü münasibətilə məktəbin müəllim və şagird kollektivini təbrik etdi. Məzunlara yeni başlayacaqları həyatda uğurlar arzulayan başçı vurğuladı ki, onların cəmiyyətdə layiqli vətəndaş kimi formalaşması, bilikli və bacarıqlı mütəxəssis kimi yetişmələri hər birimizin ən böyük arzusudur. Daha sonra rayon İcra Hakimiyyətinin başçısı rayonda təhsilin maddi-texniki bazasının yaxşılaşdırılması işlərindən danışdı və qeyd etdi ki, şagirdlərin yaxşı təhsil almaları üçün rayon İcra Hakimiyyəti bundan sonra da əməli fəaliyyətini davam etdirəcəkdir. Son zəng gününün Qurtuluş günü ərəfəsində qeyd olunduğundan 1993-cü ilin iyun ayının əvvəllərində baş verən proseslərə diqqəti çəkən RİH başçısı Azərbaycanın müstəqillik tarixinin ilk illərində cərəyan edən ictimai-siyasi proseslər haqqında danışaraq, o zamankı rəhbərlərin səriştəsizliyi və naşılığı üzündən dövlət müstəqilliyimizin təhlükə ilə qarşılaşdığını qeyd etdi. Bildirdi ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə gəlişi ölkəni parçalanmaqdan xilas etdi. Suverenliyin itirilməsinə aparan bütün təhlükələr aradan qaldırıldı. Tarixi əhəmiyyətli beynəlxalq layihələr həyata keçirilərək Azərbaycanın inkişafının təməli qoyuldu. RİH başçısı qeyd etdi ki, Hazırda Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Əlavə etdi ki, həmişə dövlətçilik ənənələrinə sadiq olan rayon əhalisi bu gün də dövlət rəhbərinin apardığı siyasəti tam dəstəkləyir və inanırlar ki, ölkə Prezidenti cənab İlham Əliyevin apardığı məqsədyönlü siyasət bütün məcburi köçkünlərin doğma torpaqlara qayıtmasını təmin edəcəkdir.
Sonra tədbir məktəblilərin hazırladıqları konsert proqramı ilə davam etdirildi. Sonda məktəbin müəllim və şagird kollektivinə fəxri fərman verildi.