Silahlı Qüvvələr Günü münasibətilə tədbir
23 iyun 2016-cı il tarixində Qubadlı rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Füzuli rayonunda yerləşən N saylı hərbi hissədə 26 iyun Silahlı Qüvvələr Günü münasibətilə tədbir keçirilmişdir. Tədbirdə Qubadlı rayon İcra Hakimiyyətinin başçısı cənab Malik İsaqov,Füzuli rayon İcra Hakimiyyətinin başçısı cənab Alı Alıyev, Xocavənd rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov və Qubadlı RİH-nin məsul nümayəndələri,hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatının rəhbərləri, ictimaiyyət nümayəndələri, hərbçilər iştirak edirdilər.
Tədbir açıq elan edildikdən sonra dövlət himni səsləndirildi və döyüşlərdə şəhid olmuş əsgər və zabitlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. N saylı hərbi hissənin komandiri general-mayor Mais Şükürov qonaqları salamladı daha sonra əsgər və zabitləri peşə bayramları münasibətilə təbrik etdi,müasir Azərbaycan ordusunun təməlini qoyan ulu öndər Heydər Əliyevdən və onun layiqli davamçısı olan ölkə başçısı ali baş komandan İlham Əliyevin orduya göstərdiyi qayğı və diqqətdən bəhs etdi və əsgərlərlə görüşə gəldikləri üçün qonaqlara minnətdarlığını bildirdi.
Tədbirdə təbrik nitqi söyləyən Qubadlı rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov bildirdi ki, Azərbaycan Prezidentinin 22 may 1998-ci il tarixli qərarına əsasən, 26 iyun Azərbaycan Silahlı Qüvvələri Günü kimi qeyd edilir. Başçı qeyd etdi ki, ordu quruculuğu məsələsi çox çətin və mürəkkəb bir prosesdir.
Bildirdi ki, Sovet dövründə azərbaycanlı gənclər hərbi xidmətə çağrılsalarda onlar döyüş üçün nəzərdə tutulmuş hərbi hissələrdə yox, əsasən tikinti batalyonlarında xidmət edirdilər. Məqsəd aydın idi - azərbaycanlılar arasında hərb elminə dərindən yiyələnən, müasir silahlarla rəftar etməyi bacaran hərbçilərin yetişdirilməsinə imkan verməmək. Bu siyasətin mahiyyətini yaxşı başa düşən Heydər Əliyev Azərbaycanda hakimiyyətə gəldikdən sonra, 1971-ci il iyunun 20-də C. Naxçıvanski adına ixtisaslaşdırılmış hərbi məktəb təşkil etdi. Daha sonra Ulu öndər azərbaycanlı gənclərin Bakı Ali Birləşmiş Komandanlıq və Bakı Ali Hərbi Dənizçilik məktəblərinə, eləcə də SSRİ-nin digər hərbi məktəblərinə güzəştli şərtlərlə qəbul olunmasına, hərbi təhsil almasına nail oldu.
Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdikdən sonra milli ordunun yaradılması günün ən vacib məsələsinə çevrilmişdi. Lakin hələ 1991-ci il sentyabrın 5-də Müdafiə Nazirliyinin yaradılması barədə qərarın və həmin ilin oktyabrın 9-da Azərbaycan Respublikasının Ali Soveti tərəfindən silahlı qüvvələrin yaradılması haqqında qanunun qəbul edilməsinə baxmayaraq, o dövrün Respublika rəhbərliyi bu qərarların həyata keçirilməsi üçün heç bir səy göstərmirdi. Ordu quruculuğuna yalnız 1993-cü ildən, ulu öndərin yenidən hakimiyyətə qayıdışından sonra başlamaq mümkün oldu. Azərbaycan Xalqının Ümummilli Lideri Heydər Əliyev hərbi təhsil sisteminin daha da inkişaf etdirilməsi məqsədi ilə 1999-cu il yanvarın 20-də Hərbi Akademiyanın yaradılması haqqında fərman imzaladı. Bu kimi tədbirlər kadr hazırlığının təkmilləşdirilməsidə əvəzsiz rol oynadı.
Başçı xüsusilə vurğuladı ki, bu gün Azərbaycan Silahlı Qüvvələrinin quruculuğu prosesi davam etdirilir və ordumuz inkişaf, təkmilləşmə dövrünü yaşayır. 2016-cı ilin aprel ayında dördgünlük döyüş Azərbaycan ordusunun qüdrətini bir daha sübut edərək göstərdi ki, bu ordu nəinki ölkəmizin ərazi bütövlüyünü mənfur düşməndən qorumağa, həmdə çox az müddətdə işğal olunmuş ərazilərimizi düşməndən azad etməyə qadirdi.Qeyd olundu ki, Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən Aprel döyüşlərində fərqlənən rayon sakinlərimiz Həmidov Şükür Nəriman oğluna Azərbaycan Respublikasının Milli Qəhramanı və Bərxudarov Mais Şükür oğluna general-mayor hərbi rütbəsi verilmişdir.RİH başçısı bildirdi ki, aprel döyüşlərindən sonra hər iki həmyerlimizin yüksək fəxri ad və hərbi rütbə alması rayon sakinlərinin hədsiz sevincinə səbəb olmuşdur.Əlavə etdi ki, yaxın gələcəkdə möhtərəm Prezidentimizin uğurlu siyasi fəaliyyəti sahəsində torpaqlarımız işğaldan azad olunacaq və üçrəngli bayrağımız Qarabağda dalğalanacaqdır.
Tədbirdə Füzili rayon icra hakimiyyətinin başçısı cənab Alı Alıyev,Xocavənd rayon icra hakimiyyətinin başçısı Eyvaz Hüseynov və Qubadlı rayon ağsaqqalları adından Şükür Bərxudarov və Nəriman Həmidov çıxış edərək silahlı qüvvələr günü münasibətilə əsgər və zabitləri təbrik etdilər və onlara uğurlar dilədilər.
Tədbir konsert proqramı ilə davam etdirildi.
Sonda Qubadlı rayon İcra başçısı Malik İsaqov arxa cəbhədə xidməti vəzifəsi layiqincə yerinə yetirilməsinə görə hərbi hissənin komandiri tərəfindən fəxri fərmanla təltif edildi.