Şriftin ölçüsü :

Saytın rəngi :

2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş rayon yığıncağı

26 iyul 2016 | 16:00

26 iyul 2016-ci il tarixində Qubadlı rayonunda 2016-cı  ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş ümumrayon toplantısı keçirilmişdir. Rayon icra Hakimiyyətinin iclas zalında təşkil olunmuş yiğincaqda rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov, RİH aparatının məsul nümayəndələri, idarə, müəssisə və təşkilat rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak edirdilər.
Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov cənabları iclası açıq elan edilərək bildirdi ki, hər il ənənəvi olaraq ökəmizdə keçirilən hesabat yığıncaqlarında rüblər üzrə görülmüş işlər təhlil edilir, iqtisadi,sosial və mədəni sahədə əldə edilən nailiyyətlər qeyd olunmaqla yanaşı qarşıda duran vəzifələr müəyyənləşdirilir. Cari ilin 10 iyul tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş yığıncağı da bu cəhətdən xarakterik olmuşdur. Yığıncaqda əhatəli və dərin təhlilə əsaslanan çıxışında ölkə Prezidenti ilin birinci yarısında dünyanın müxtəlif bölgələrində münaqişələrin genişləndiyi, iqtisadi böhranın dərinləşdiyi bir vaxtda ölkəmizdə təhlükəsizliyin yüksək səviyyədə qorunduğu, ictimai-siyasi sabitliyin möhkəmləndiyi,  ümumiyyətlə,  Azərbaycanın inamla inkişaf etdiyini əminliklə qeyd etmişdir. Qarabağ münaqişəsindən, Ermənistanın törətdiyi təxribatlardan bəhs edən Prezident bildirdi ki, Ermənistanın növbəti silahlı təxribatı bu ilin aprel ayının əvvəlində baş vermişdir və bu təxribat beynəlxalq təşkilatların iştirakı ilə aparılan danışıqları pozmaq, status-kvonu əvvəlkitək saxlamaq məqsədi daşıyırdı. Ancaq, Azərbaycan Ordusu sürətli əks-hücum əməliyyatı keçirərək düşmənə layiqli cavab vermiş, 2 min hektar ərazini, o cümlədən bir neçə strateji yüksəkliyi geri qaytararaq böyük bir əraziyə nəzarəti bərpa etmişdir.
Sonra toplantıda məruzə ilə çıxış edən rayon İcra Hakimiyyəti başçısının müavini Sahib Əliyev 2016-cı ilin birinci yarımilində rayonda da müəyyən işlər görüldüyünü qeyd edərək bildirdi ki, qarşıya qoyulmuş vəzifələrin yerinə yetirilməsinə və yuxarı dövlət orqanlardan verilən tapşırıqların icrasına  çalışılmışdır.
  Məruzədə göstərildi ki, birinci yarımildə rayon üzrə məşğul əhalinin sayı 12 min 248 nəfərdir. Cari ilin birinci yarısında 144  yeni iş yeri açılmışdır. Hesabat dövrü Rayon Məşğulluq Mərkəzinin göndərişi ilə  117 nəfər ölkənin müxtəlif təşkilatlarda işlə təmin olunmuşdur.
İlin birinci yarısında rayon əhalisinin məskunlaşma yerlərində həyat şəraitinin yaxşılaşdırılması, qarşıya çıxan çətinliklərin aradan qaldırılması istiqamətində işlər davam etdirilmişdir. Dövlət Proqramının icrasına müvafiq olaraq, eyni zamanda Rayon İcra Hakimiyyətinin bilavasitə köməkliyi ilə Saatlı rayonunda məskunlaşan 2 ailəyə, Sabirabad rayonunda isə 3 ailəyə yeni mənzil verilmişdir. Rayon İcra hakimiyyətinin müraciəti əsasında Dövlətqaçqınkom tərəfindən Sumqayıt şəhər 10 saylı Peşə Liseyində hər birinə 2 otaq olmaqla 3 ailəyə  hər bir şəraiti olman 3 mənzil tikilmişdir. Bir nəfər köçkün ailəsinə  Kimyaçılar qəsəbəsində idarə binasında, bir ailəyə də Şəfa sanatoriyasında mənzil verilmişdir.  47-ci məhəllə və 12-ci mikrorayon ərazisində rayon İcra hakimiyyəti tərəfindən əvvəllər tikilmiş sosial obyektlərdə layihələndirmə işləri  aparılaraq qaz sayğacının quraşdırılması təmin edilmiş, qazın müntəzəm verilməsi ilə bağlı olan problemlər birdəfəlik aradan qaldırılmışdır. Rayon İcra Hakimiyyəti tərəfindən imkan daxilində əhaliyə tikinti materialları ilə də köməklik göstərilmişdir. “Sumqayıt” mehmanxanasında yanğın nəticəsində zərər çəkən bir sakinə  500 manat pul yardım edilmiş, Qubadlı şəhər ərazi nümayəndəliyin bir sakininin mənzilinə elektrik xətti çəkilməsi üçün bir ədəd sayğac və 150 metr elektrik kabeli  alınıb verilmişdir. 10 saylı Texniki Peşə Liseyinin həyətinə 400 kv. metr asfalt örtük çəkilmişdir.
Məskunlaşma yerlərində yaşayış şəraitlərinin  yaxşılaşdırılması Rayon İcra Hakimiyyəti tərəfindən  daima diqqətdə saxlanılır və bu məqsədlə müəyyən layihələrin həyata keçməsi təmin edilir. Cari ildə rayon İcra hakimiyyətinin təşəbbüsü ilə Sumqayıt şəhəri, 15-ci məhəllədə köçkünlərin məskunlaşdığı  7 yataqxanada Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu tərəfindən ümumi istifadə sahələrində, Azərsu Açıq Səhmdar Cəmiyyəti tərəfindən 40-cı məhəllədə məcburi köçkünlər yaşayan binada su və kanalizasiya xətlərinin əsaslı təmiri işləri aparılırdı.  Hazırda Sarıqaya ərazisindəki xəstaxana binasında, 40-cı məhəllədə köçkünlərin məskunlaşdığı binalarda dam örtüklərinin təmiri işləri həyata keçirilir. Bundan əlavə daha 7 yerdə köçkünlərin yaşayış şəraitlərinin yaxşılaşdırılması məqsədilə fərdi yaşayış yerlərində təmir-bərpa işləri aparılır.
Binəqədi rayonu, Sarıqaya ərazisində məcburi köçkünlərin məskunlaşdığı  Kondinsionerlər zavodunun sanatoriya binasında yanğın hadisəsi baş vermiş və orada Qubadlı rayonundan olan 14 ailəyə maddi ziyan dəymişdir. Rayon İcra hakimiyyəti 2 ay müddətində onların mənzilləri təmir edilənədək kirayə haqlarının ödənilməsi üçün həmin ailələrin hər birinə daxili imkanlar hesabına  500 manat olmaqla  ümumilikdə, 7 min manat pul köməkliyi etmişdir. Bundan əlavə Nazirlər Kabinetinin qərarına əsasən hər bir ailəyə 5 min manat vəsait ayrılmışdır. Həmin vəsait bankomatlar vasitəsi ilə zərər çəkmiş ailələrə ödənilmişdir. Yanğın nəticəsində yararsız hala düşmüş sanatoriya binası qısa müddətdə əsaslı şəkildə təmir edilərək sakinlərin istifadəsinə verilmişdir.
Hesabat dövrü əhalinin aztəminatlı hissəsi də diqqətdə saxlanılmışdır. Rayon İcra hakimiyyətinin daxili imkanları hesabına birinci yarımildə yas mərasimlərinin təşkilinə, xəstələrin müalicəsinə və sair məsələlərlə bağlı aztəminatlı ailələrə 61 min 987 manat pul köməkliyi edilmişdir. “Novruz bayramı” münasibəti ilə 700 aztəminatlı  ailəyə 14 min manat dəyərində ərzaq bağlaması, şəhid ailələrinin 631 nəfər ailə üzvlərinə ümumilikdə 3155 kq un, 631 kq düyü, 631 kq şəkər tozu, 63,1 kq çay və 631 litr bitgi yağı paylanmışdır. Bunlardan əlavə cari ilin iyun ayının sonunda 1400 ailəyə yataq dəsti və digər sənaye malları ilə köməklik göstərilmişdir.
Hesabat dövrü rayon İcra hakimiyyətinin fəaliyyət istiqamətlərindən biri də vətəndaşların qəbulu, onların müraciətlərinə baxılması işi təşkil etmişdir. Yarım il ərzində İcra hakimiyyətinə dövlət orqanlarından  və vətəndaşlardan ümumilikdə 72 müraciət daxil olmuşdur. Həmin müraciətlərin  21-i müsbət həll edilmiş, 2-i qismən həll edilmiş, 33-ə  müvafiq izahat verilmiş, 5-nin  icrası nəzərdə tutulmuş, 3-ü baxılmaq üçün aidiyyəti orqanlara göndərilmiş, 5-i əsassız sayılmış, 3-i isə icradadır. İlin birinci yarısında keçirilən 18 səyyar qəbulda qeydə alınan 77 müraciətin 65-i müsbət həll edilmiş, 12-ə müvafiq izahat verilmişdir. Hesabat dövrü Rayon İcra Hakimiyyətinin başçısı cənab Malik İsaqov tərəfindən keçirilən 20  qəbulda 287 vətəndaş qəbul edilmişdir. 124 vətəndaşın müraciəti müsbət həll edilmiş, 124 vətəndaşa müvafiq izahat verilmiş, 39 müraciət isə icraata götürülmüşdür.
Hesabat dövrü ərzində rayonun idarə, müəssisə və təşkilatları da üzərlərinə düşən vəzifələri yerinə yetirməyə çalışmışlar.
  Rayon Vergilər Şöbəsi yarım il üzrə qarşıya qoyulan tapşırıqları vaxtında yerinə yetirməyə çalışmış, 1 milyon 31 min 500 manat proqnoza qarşı 1 milyon 293 min 100 manat vəsait toplamışdır. Şöbə tərəfindən tapşırığa 125,4% əməl edilərək  261 min 600 manat artıq vəsait toplanmışdır.
Birinci yarım ildə Dövlət Sosial Müdafiə Fondunun rayon şöbəsində və Əhalinin Sosial Müdafiəsi Mərkəzində birlikdə 7812 nəfər pensiyaçı qeydiyyatda olmuş, orta aylıq pensiyanın məbləği 178,71 manat təşkil etmişdir. Pensiya və müavinətlərin vaxtlı-vaxtında verilməsi təmin edilmişdir.
  Rayon Əhalinin Sosial Müdafiə Mərkəzində cari ildə ünvanlı sosial yardım almaq üçün  90 ailəyə yeni təyinat aparılmışdır. Ümumilikdə yarım ildə 366 ailənin hər birinə təqribən 143 manat ünvanlı sosial yardım ödənilmişdir. Hesabat dövrü ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində 24 nəfər Qarabağ müharibəsi əlili, 2 nəfər hərbi xidmət vaxtı yaralanan, 1 nəfər Çernobıl əlili avtomaşın alınması üçün növbəyə götürülmüşdür. Şöbə tərəfindən 31 nəfər əlil vətəndaş sanator-kurort və istirahət mərkəzlərinə göndərilmiş, 79 nəfər güzəştli vəsiqə ilə təmin olunmuşdur.
Rayon Mərkəzi Xəstəxanasının Poliklinika şöbəsi hesabat dövrü əhalinin sağlamlığının qorunması istiqamətində fəaliyyətini davam etdirmişdir. Poliklinika şöbəsi və 3 tibb məntəqəsində ümumilikdə 8 min 997 nəfər ambulator xəstə qəbulu olmuş, qeydiyyatda olan 448 nəfər şəkərli diabet olan xəstə vaxtaşırı olaraq dərman pereparatları və tibbi ləvazimatla təmin edilmişlər. Ölkə Prezidentinin tapşırığına əsasən əhalinin kütləvi tibbi müayinədən keçirilməsi işi ikinci rüb ərzində uğurla başa çatdırılmışdır. Tibbi müayinədən keçən 22 min 655 nəfər əhalidən 13 min 993 nəfəri Sumqayıt şəhərində fəaliyyət göstərən rayon Poliklinikasının xidmətindən istifadə etmişdir.
Cari ilin birinci yarısında Mədəniyyət və Turizm idarəsi də işlərini günün tələbləri səviyyəsində quraraq əlamətdar və tarixi günlərlə bağlı bir sıra tədbirlər keçirilmişdir.
Hesabat dövrü hüquq-mühafizə orqanları da  üzərlərinə düşən vəzifələri yerinə yetirmişlər. Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin rayon bölməsi tərəfindən 38  nəfər hərbi xidmətə göndərilmiş, 308 nəfər gənc isə ilkin hərbi qeydiyyata alınmışdır. 3  nəfər gənc könüllü olaraq müddətdən artıq həqiqi hərbi xidmətə yola salınmışdır.
İlin birinci yarısı dərs ilini 7 min 961 nəfər şagird başa vurmuşdur. Buraxılış siniflərindən müvəffəqiyyət IX -cu siniflər üzrə 78%, XI-ci siniflər üzrə isə 84% olmuşdur. XI-ci  siniflər üzrə məktəbləri 367 nəfər şagird bitirmişdir ki, onların 81%-i ali məktəblərə sənəd vermişlər. Tədris ilində Respublika fənn olimpiadalarında rayon şagirdlərin iştirakı təmin edilmiş, Qəziyan kənd tam orta məktəbin şagirdi olimpiadanın bürünc medalını qazanmışdır.
Gənclər siyasətinin rayonda ardıcıl həyata keçirilməsi üçün müntəzəm iş aparılır. Birinci yarım ildə rayonun 24 idmançısı müxtəlif idman növləri üzrə Azərbaycan birinciliyinin və Respublika turnirlərinin qalibi olmuş, 3 idmançı isə Beynəlxalq yarışlarda birinci yerə layiq görülmüşdür.
Yığıncaqda çıxış edən Rayon Təhsil şöbəsinin müdir müavini Kamil Əhmədov,  rayon Kommunal müəsisələr Kombinatının direktoru İlham Hümbətov, rayon İcra Hakimiyyətinin başçısının Başarat kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Nəriman Əsadov və digərləri hesabat dövründə görülən işlərdən bəhs edərək qeyd etdilər ki, cari ilin 6 ayının yekunları, qazanılan nailiyyətlər, həyata keçirilən islahatlar onu deməyə əsas verir ki, qarşıdakı illərdə də bu siyasət möhtərəm Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilərək, ölkəmizin hərtərəfli inkişafı təmin ediləcəkdir. Həmişə olduğu kimi dövlətçilik ənənələrinə inam və sədaqətləri ilə tövhə verən sakinlərimiz bundan sonra da ölkəmizin uğurlu inkişafına fəaliyyətləri ilə yardımçı olacaqlar.
Sonda 2016-cı  ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasına dair qərar qəbul olundu.

Keçidlər