2016-cı ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş toplantı
14 oktyabr 2016-ci il tarixində Qubadlı rayon icra hakimiyyətinin iclas zalında 2016-cı ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş yığıncaq keçirilmişdir. Yığıncaqda rayon icra hakimiyyətinin başçısı Malik İsaqov, RİH-nin nümayəndələri, rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak edirdilər.
Tədbiri rayon icra hakimiyyətinin başçısı cənab Malik İsaqov açıq elan etdi. Başçı qeyd etdi ki, artıq neçə illərdir ki, ölkəmizin sosial-iqtisadi, mədəni inkişaf sahələrində yeni-yeni uğurlar qazanması bir ənənəyə çevrilmişdir. Hər birimizə aydındır ki, bu inkişafın təməlində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yürütdüyü şaxələndirilmiş iqtisadi siyasət, yaradılmış daxili sabitlik dayanır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycan dövlətinin hərtərəfli inkişafı, dünya dövlətləri içərisində mövqeyinin möhkəmlənməsi, xalqın güzəranının yaxşılaşması üçün apardığı ardıcıl, səmərəli fəaliyyət və yürütdüyü qətiyyətli siyasət 2016-cı ilin III rübündə də öz müsbət nəticələrini vermişdir. Dünya iqtisadiyyatında baş verən böhrandan bəhs edən başçı iqtisadi böhranla yanaşı dünyada siyasi və hərbi böhranın da davam etdiyi zamanda mədəniyyətlərarası dialoqun gücləndirilməsinin vacib olduğunu və Azərbaycanın bu sahədə dünya üçün örnək olduğunu vurğulamışdır. Bariz nümunə olaraq bu yaxınlarda 80 ölkədən olan 400-ə yaxın tanınmış xadimlərin iştirakı ilə keçirilən V Bakı Beynəlxalq Humanitar Forumunda Azərbaycanda multukultralizmlə bağlı görülmüş işlərin yüksək qiymətləndirildiyi diqqətə çatdırılmışdır. 2016-cı ildə 500 milyon auditoriyası olan “Formula-1” yarışmasının, Ümumdünya Şahmat Olimpiadasının Bakı şəhərində keçirilməsinin ölkəmizin beynəlxalq aləmdə mövqeyinin möhkəmlənməsi və çəkisinin daha da artması kimi xarakterizə olunmuş, Braziliyada keçirilən Yay Olimpia Oyunlarında ölkəmizin 18 medalla dünyada 14-cü, Avropada 7-ci, MDB məkanında isə 2-ci yeri tutması idmançılarımızın böyük qələbəsi kimi qiymətləndirilmişdir. Başçı xüsusilə qeyd etdi ki, ölkəmizdə cari ilin ən böyük siyasi hadisələrindən biri Azərbaycan Respublikasının Konstitusiyasında islahatların aparılması ilə əlaqədar 26 sentyabr 2016-cı il tarixində keçerilən ümumxalq səsverməsi olmuşdur. Rayonda olan seçicilər bu siyasi kompaniyada fəallıqla iştirak etmiş, onların böyük əksəriyyəti Konstitusiyada edilən dəyişikliklərə öz müsbət münasibətlərin bildirmişlər.
Sonra 2016-cı ilin 9 ayında rayonda görülmüş işlərdən bəhs edən məruzə ilə çıxış edən Sosial İqtisadi inkisafin təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini,YAP Qubadlı rayon təşkilatının sədri Allahverdi Haxverdiyev rayonda məcburi köçkünlərin mənzil-məişət şəraitlərinin yaxşılaşması, kommunal problemlərinin həlli istiqamətində görülmüş işləri qeyd edərək bildirdi ki, İcra hakimiyyətinin bilavasitə müraciəti əsasında Saatlı rayonunda məskunlaşan 2 ailə, Sabirabad rayonunda isə 3 ailə yeni mənzillə təmin edilmiş, Dövlətqaçqınkom tərəfindən Sumqayıt şəhər 10 saylı Peşə Liseyində 3 ailəyə şəraiti olan mənzillər tikilmişdir. Bir nəfər köçkün ailəsinə Kimyaçılar qəsəbəsində idarə binasında, bir ailəyə də Şəfa sanatoriyasında mənzil verilmişdir. 47-ci məhəllə və 12-ci mikrorayon ərazisində rayon İcra hakimiyyəti tərəfindən əvvəllər tikilmiş sosial obyektlərdə layihələndirmə aparılaraq qaz sayğacının quraşdırılması təmin edilmiş, “Sumqayıt” mehmanxanasında, 10 saylı Texniki Peşə Liseyinin zirzəmisində və Beton-zavod ərazisində 12 ailənin məskunlaşdığı idarə binasının həyətində olan su təmizlənmiş, Ələt qəsəbəsində Mədəniyyət Evində məskunlaşan bir ailənin mənzilinə qaz xətti çəkilməsinə köməklik edilmiş, İnşaatçılar qəsəbəsində 8 saylı yataqxanadakı su mühərriki təmir edilərək işlək vəziyyətə gətirilmişdir. Rayon İcra hakimiyyəti tərəfindən Abşeron rayonu, Saray qəsəbəsində 3 köçkün ailəsinə fərdi mənzil tikməsinə, “Yaşma” yaşayış sahəsində 2 ailənin, “Stansı Summqayıt” yaşayış sahəsində 2 ailənin, Yaşıldərə yaşayış sahəsində 5 ailənin, Xəzər bağlarında 2 ailənin, Sarıqaya ərazisində 1 ailənin fərdi mənzilin tikilməsinə icazə alınmasına köməklik göstərilmişdir. Hesabat dövrü rayon İcra hakimiyyəti tərəfindən tikinti materiallarına ehtiyacı olan 6 ailəyə də imkan daxilində köməklik göstərilmişdir. Bunlardan əlavə İnşaatçılar stadionunda bir ailənin, 76-cı məhəllədə Məlikəhmədli kəndindən olan bir ailənin, 42-ci məhəllədə 35 saylı Texniki Peşə Liseyində Xanlıq kəndindən olan bir şəhid ailəsinin, 21-ci məhəllədə Novlu kəndindən olan bir ailənin, 11-ci mikrorayonda Çaytumas kəndindən olan bir ailənin, Sarıqaya ərazisindəki xəstaxana binasında 2 ailənin, 40-cı məhəllədə köçkünlər yaşayan binada isə 5 ailənin mənzillərinin dam örtüyü, məcburi köçkünlərin məskunlaşdığı Türk Liseyinin və “Sumqayıt” mehmanxanasının damındakı su novları daxili imkanlar hesabına təmir olunmuşdur. 10 saylı Texniki Peşə Liseyinin həyətinə 400 kv. metr asfalt örtük çəkilmiş, “Şəfa” sanatoriyasındakı məclis evində və həyətində təmir, abadlıq işləri aparılmışdır. Ümumiyyətlə, məskunlaşma yerlərində yaşayış şəraitlərinin yaxşılaşdırılması, köçkün ailələrinin üzləşdikləri çətinliklərin aradan qaldırılması Rayon İcra Hakimiyyətinin əsas fəaliyyət istiqamətlərindən birini təşkil etdiyindən bu sahə daima diqqətdə saxlanılır və müəyyən layihələrin həyata keçməsi təmin edilir. Cari ildə rayon İcra hakimiyyətinin təşəbbüsü ilə Sumqayıt şəhəri, 15-ci məhəllədə köçkünlərin məskunlaşdığı 7 yataqxanada Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu tərəfindən ümumi istifadə sahələrində, Azərsu Açıq Səhmdar Cəmiyyəti tərəfindən 40-cı məhəllədə məcburi köçkünlər yaşayan binalarda su və kanalizasiya xətlərinin əsaslı təmiri işləri başa çatdırılmışdır. Sarıqaya ərazisində Kondinsionerlər zavodunun sanatoriya binasında yanğın zamanı yararsız hala düşmüş bina qısa vaxt ərzində əsaslı təmir edilərək yenidən köçkünlərin istifadəsinə verilmişdir. Rayon İcra hakimiyyəti tərəfindən yanğından zərər çəkən 14 ailənin hər birinə daxili imkanlar hesabına 500 manat, Nazirlər Kabinetinin xətti ilə isə 5 min manat pul köməkliyi edilmişdir. “Sumqayıt” mehmanxanasında yanğın nəticəsində zərər çəkən bir ailəyə 500 manat, İnşaatçılar qəsəbəsində yaşayan bir şəhid ailəsinin mənzilinin təmiri üçün isə 150 manat pul yardımı verilmişdir. Rayon İcra hakimiyyətinin daxili imkanları hesabına yas mərasimlərinin təşkilinə, xəstələrin müalicəsinə və sair məsələlərlə bağlı aztəminatlı ailələrə 85 min 497 manat pul köməkliyi edilmişdir. Bunlardan əlavə ümumilikdə, 1080 ailəyə müxtəlif ərzaq yardımı, 1400 ailəyə yataq dəsti və digər sənaye malları ilə köməklik göstərilmişdir.
Rayonda ötən 9 ay ərzində 110 ailəyə ünvanlı sosial yardım təyin edilmişdir. Ümumilikdə isə rayon üzrə 366 ailənin hər birinə 142,8 manat ünvanlı sosial yardım ödənilir. Hesabat dövründə rayonda 183 yeni iş yeri yaradılmışdır.
2015-2016-cı tədris ilində 32 ümumtəhsil məktəblərində 7949 nəfər şagird təhsil almışdır. XI- sinifləri bitirən 367 nəfərin 303 nəfəri ali məktəblərə sənəd vermiş, onların 183 nəfəri tələbə adını qazanmışdır. Qəbul olunanların 14 nəfəri 600-700 arası bal toplamışlar. Cari tədris ilində rayon məktəblərində 8468 şagird təhsil alır.
Mərkəzi Xəstəxananın Poliklinika şöbəsi də öz işini günün tələbləri səviyyəsində qurmağa çalışmışdır. Poliklinika şöbəsində və 2 tibb məntəqəsində 11535 ambulator xəstə qəbul edilmişdir.
Gənclər siyasətinin rayonda ardıcıl həyata keçirilməsi üçün müntəzəm iş aparılır. Cari ildə rayonun 28 idmançısı müxtəlif idman növləri üzrə Azərbaycan birinciliyinin və Respublika turnirlərinin qalibi olmuş, 3 idmançı isə Beynəlxalq yarışlarda birinci yerə layiq görülmüşdür. Bu idmançılar arasında İslam Abbasov Yunan-Roma güləş növü üzrə 4-cü dəfə dünya cempionu adını qazanmışdır.
Hesabat yığıncağında rayon Mərkəzi Xəstəxanasının baş həkimi Nüsrət Əhmədovun, Rayon Təhsil şöbəsinin müdiri Afət xanım Allahverdiyeva, Rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri İlham Əhmədov və Mahmudlu kənd inzibati ərazi dairəsi üzrə nümayəndə Azər Eminovun çıxışları dinlənilmişdir. Sonda yığıncaqda 2016-cı ilin 9 ayının yekunları ilə əlaqədar Nazirlər Kabinetində Prezident İlham Əliyevin proqram xarakterli nitqində rayonun bütün icra sturukturlarına qarşıya qoyulmuş vəzifələrin uğurla yerinə yetirilməsi üçün konkret tapşırıqlar verildi və gündəlikdəki məsələ ilə bağlı qərar layihəsi qəbul edildi.