Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümü

18 oktyabr 2016 | 16:00

18  oktyabr 2016-cı il tarixində Qubadlı rayon İcra Hakimiyyətinin və YAP Qubadlı rayon təşkilatının təşkilatçılığı ilə Qubadlı rayon icra hakimiyyətinin iclas zalında Dövlət Müstəqilliyinin 25-ci il dönümü münasibətilə tədbir keçirildi. Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov, Milli Məclisin deputatları İmamverdi İsmayılov və Fəzail İbrahimli, RİH-nin nümayəndələri, rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak edirdilər.
Tədbir açıq elan edildikdən sonra tədbirdə çıxış edən rayon İcra Hakimiyyətinin  başçısı Malik İsaqov qeyd etdi ki, 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikası Ali Sovetinin sessiyasında "Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı" qəbul olundu. Bununla da 1991-ci ildə Azərbaycan yenidən öz müstəqilliyinə qovuşdu. Lakin 1991-1993-cü illər Azərbaycanın müstəqillik tarixinə durğunluq, özbaşınalıq, hakimiyyət daxili hərc-mərclik illəri kimi həkk olundu. Azərbaycan özünün əsl müstəqilliyini ümummilli lider Heydər Əliyevin qayıdışından sonra əldə etdi. 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə hakimiyyətə gələn Heydər Əliyev özü ilə bərabər Azərbaycana həqiqi müstəqillik gətirdi. Heydər Əliyevin 1993-cü ildə Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial, iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrdə dönüş yaranmış, elmi əsaslara, beynəlxalq norma və prinsiplərə uyğun müstəqil dövlət quruculuğu prosesi başlanmışdır. Heydər Əliyevin həyata keçirdiyi təxirəsalınmaz tədbirlərin nəticəsi kimi, bir tərəfdən, Milli Ordunun formalaşdırılması, Azərbaycanın milli mənafelərini qorumağa qadir nizami silahlı qüvvələrin yaradılması, torpaqlarımızın müdafiə olunması ilə bağlı mühüm addımlar atılmış, digər tərəfdən, atəşkəsə nail olmaq üçün bütün siyasi və diplomatik vasitələr işə salınmış, bunun da nəticəsində 1994-cü ilin mayında ölkəmiz üçün həyati əhəmiyyət kəsb edən atəşkəsə nail olunmuşdur.Əgər 1993-cü ildə Heydər Əliyev hakimiyyətə gəlməsəydi, Azərbaycan Respublikasının taleyi də Azərbaycan Cümhuriyyətinin taleyi kimi olacaqdı. Ümummilli lider Heydər Əliyevin qətiyyətli səyləri nəticəsində 1994-cü il oktyabr və 1995-ci ilin dövlət çevrilişi cəhdlərinin qarşısı alındı. Heydər Əliyev ideyaları, siyasi xətti bu gün də yaşayır, qalib gəlir və bu siyasi kursun layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan son on üç ildə sürətlə inkişaf edərək regionun lider dövlətinə çevrilmişdir.
Yığıncaqda nitq söyləyən Milli Məclisin deputatı Fəzail İbrahimli əminliklə vurğuladı ki, Azərbaycan Respublikasının Azərbaycan Xalq Cümhuriyyətinin varisi olaraq öz dövlət müstəqilliyini bərpa etdiyi tarixi gündən 25 il keçir. Müsəlman Şərqində ilk demokratik respublika olmuş Cümhuriyyətin bayrağını, himni və gerbini öz dövlət atributları kimi qəbul etməsi və 28 May gününün dövlət bayramı səviyyəsində qeyd edilməsi Azərbaycan Respublikasının 1918-ci ildə imzalanmış İstiqlal bəyannaməsinə və Azərbaycan Xalq Cümhuriyyətinin dövlət quruculuğu sahəsindəki xidmətlərinə dərin hörmət və ehtiramının təzahürüdür. Əsrlər boyu müstəqillik arzusu ilə yaşamış xalqımız ayrı-ayrı dövrlərdə müxtəlif imperiyaların və böyük dövlətlərin tərkibində olmasına baxmayaraq, hər bir xalqın milli varlığının mahiyyətini təşkil edən amilləri – dilini, milli-mənəvi dəyərlərini və mədəniyyətini göz bəbəyi kimi qoruyub saxlamaqla yanaşı, dünya mədəniyyəti xəzinəsinə də misilsiz töhfələr vermişdir. Dövlət müstəqilliyimizin bərpası bizə azərbaycançılıq məfkurəsi ətrafında sıx birləşərək beynəlxalq hüququn subyektinə çevrilmək və demokratik, hüquqi, dünyəvi dövlət qurmaq imkanı yaratmışdır. Ötən 25 il ərzində Azərbaycan xalqı dövlət quruculuğu prosesində ən ümdə amal, arzu və niyyətlərini gerçəkləşdirərək bütün sahələrdə əldə etdiyi nailiyyətlərlə haqlı olaraq fəxr edə bilər. Uğurlu daxili və xarici siyasətimiz sayəsində dövlətçilik ənənələrimiz möhkəmlənmiş, iqtisadiyyatımız inkişaf etmiş, mədəniyyətimiz zənginləşmişdir. Natiq xüsusilə qeyd etdi ki, respublikamızda keçirilən mötəbər beynəlxalq sammit, forum, sərgi, müsabiqə və yarışlar beynəlxalq aləmdə qazandığımız böyük etimadın təzahürüdür.
Sonda 18  oktyabr Dövlət Müstəqilliyi gününə həsr olunmuş videoçarx nümayiş olundu.

Keçidlər