Şriftin ölçüsü :

Saytın rəngi :

Qubadlı rayonunda Azərbaycan Respublikası Prezidentinin “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” 23 yanvar 2017-ci il tarixli Fərmanının icrası ilə əlaqədar müşavirə keçirildi

27 yanvar 2017 | 16:00

27 yanvar 2017-ci il tarixdə Qubadlı Rayon İcra Hakimiyyətində Rayon İcra Hakimiyyətinin başçısı cənab Malik İsaqovun sədrliyi ilə Azərbaycan Respublikası Prezidentinin    “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” 23 yanvar 2017-ci il tarixli Fərmanının icrası ilə əlaqədar müşavirə keçirildi. Müşavirə Rayon İcra Hakimiyyətinin başçısı, RİH-nin nümayəndələri, rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak edirdilər.
Tədbiri Rayon İcra Hakimiyyətinin başçısı cənab Malik İsaqov açıq elan edərək qeyd etdi ki, cənab Prezident İlham Əliyev hər zaman sosial məsələlərin həllini xüsusi olaraq diqqət mərkəzində saxlayır və onların həllinə nail olur. Dövlətimizin başçısının müvafiq Fərmanı ilə məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi həyata keçirilən uğurlu sosial siyasətin davamıdır. “Qaçqın və məcburi köçkünlərə diqqət və qayğı daim dövlət siyasətinin əsasında dayanıb. Bu siyasi kursun təməli ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. Ulu Öndərin ideyalarını layiqincə davam etdirən Prezident İlham Əliyev mütəmadi olaraq qaçqın və məcburi köçkünlərlə görüşür, onları düşündürən məsələlərlə yaxından maraqlanır və həlli barədə müvafiq göstərişlər verir. Bu günlərdə dövlətimizin başçısının Fərmanı ilə məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinət müəyyən edildi. Məqsəd dövlət büdcəsindən məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi üçün ayrılan vəsaitin ünvanlılığının təmin edilməsi və çatdırılma mexanizminin sadələşdirilməsidir. Bu Fərman məcburi köçkünlərə dövlət qayğısının növbəti təzahürüdür .
Rayon İcra Hakimiyyətinin başçısı cənab Malik İsaqov   Azərbaycan Respublikası Prezidentinin  “İşğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında”  24 yanvar 2017-ci il tarixli Sərəncamı haqqında da danışaraq bildirdi ki, Sərəncama əsasən Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı görüləcək işlər çərçivəsində birinci mərhələdə 50 fərdi yaşayış evinin, məktəb binasının və müvafiq infrastrukturun tikintisi üçün Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə ilkin olaraq 4 milyon manat ayrılıb.

Çıxışlarda qeyd olundu ki, dövlətimizin başçısının müvafiq Sərəncam və  Fərmanı biz məcburi köçkünlər tərəfindən çox yüksək səviyyədə qarşılanıb və biz Qubadlılar hər zaman cənab Prezidentin apardığı  siyasətin ən fəal müdafiəçiləriyik. Biz inanırıq ki, cənab Prezidentin uğurlu daxili və xarici siyasəti bizi tezliklə öz doğma yurdumuza aparacaqdır.

  Azərbaycanın sosial müdafiə siyasətində ünvanlılıq və səmərəlilik hər zaman  ön planda olub, bu mənada qaçqın və məcburi köçkünlərə edilən bu güzəştlərin pul kompensasiyası şəklində ünvanlı olaraq özlərinə çatdırılması bir tərəfdən onlara ayrılan vəsaitin özlərinin istədiyi kimi, səmərəli şəkildə istifadəsinə şərait yaradır, digər tərəfdən bu prosesin səmərəliliyini artırır.
Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov müşavirəyə yekun vuraraq, Fərmanının icrası ilə əlaqədar yerlərdə əhali arasında izahat və maarifləndirmə işləri aparmaq və görüləcək işlərin operativliyini təmin etmək məqsədilə aidiyyəti üzrə müvafiq tapşırıq və tövsiyələrini verdi.
Müşavirənin sonda Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevə müraciət qəbul edildi.

Keçidlər