“8 Mart Beynəlxalq Qadınlar Günü ”
7 Mart 2017-ci il tarixdə Sumqayıt şəhərində yerləşən 28 May mədəniyyət evində “8 Mart Beynəlxalq Qadınlar Günü” münasibəti ilə tədbir keçirildi. Qubadlı rayon İcra hakimiyyəti tərəfindən təşkil olunan tədbirdə RİH başçısı Malik İsaqov, Rayon icra hakimiyyətinin məsul işçiləri, idarə, müəssisə və təşkilat rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak edirdi.
Tədbir açıq elan edildikdən sonra məruzə ilə Rayon İcra Hakimiyətinin Ərazi idarəetmə və yerli özünü idarəetmə Orqanları ilə iş şöbəsinin müdiri Məhəmməd Həsənov çıxış etdi. Məruzəçi qadınları bu xoş gün münasibəti ilə təbrik edərək qeyd etdi ki, mürəkkəb və keşməkeşli həyat yolu keçmiş, tarixin sınaqlarından alnıaçıq, üzüağ çıxmış Azərbaycan qadını müstəqil respublikamızda bərqərar olmuş demokratik cəmiyyətin fəal üzvü kimi çıxış etmək imkanı əldə etmişdir. Eyni zamanda vurğulandı ki, Azərbaycan xalqının mənəvi dəyərlərinin formalaşması, inkişafı və qorunmasında qadınlarımızın müstəsna rolu olmuşdur. Məhəmməd Həsənov qeyd etdi ki, müstəqil dövlətimizin qayğısından bəhrələnən, məcburi köçkün ömrü yaşayan Qubadlı qadınları da bu gün öz missiyasını ləyaqətlə yerinə yetirir və ölkəmizdə aparılan siyasətin fəal müdafiəçiləridirlər. Qubadlı qadınlarının dövlətə və dövlətçiliyə göstərdikləri məhz bu xidmətləri Azərbaycan Respublikasının Prezidenti tərəfindən yüksək qiymətləndirilmiş, 4 nəfərə “Əməkdar müəllim” fəxri adı verilmiş, 2 nəfər qadın isə “Tərəqqi medalı” ilə təltif olunmuşdur.
Sonra tədbirdə təbrik nitqi söyləyən Qubadlı rayon İcra Hakimiyyətinin başçısı cənab Malik İsaqov bütün Azərbaycan qadınlarını təbrik etdi.
Ümummili Lider Heydər Əliyevin siyasətində qadına diqqət və qayğının mühüm bir istiqamət təşkil etdiyini bildirən natiq qeyd etdi ki, həmin siyasət bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Milli-əxlaqi dəyərlərimizin, adət və ənənələrimizin keşiyində şərəflə dayanan qadınlarımız Azərbaycanımızı çiçəklənən, inkişaf edən, firəvan və qüdrətli bir dövlətə çevirmək yolunda əlindən gələni əsirgəmirlər. Dövlət quruculuğumuzun bütün istiqamətlərində xüsusi xidmətləri olan Azərbaycan qadınları ölkəmizdə ictimai siyasi sabitliyin və əmin-amanlığın qorunması, milli dövlətçiliyimizin daha da möhkəmləndirilməsi, mədəniyyətimizin inkişaf etdirilməsi üçün bu gün də var qüvvələrini sərf edirlər. Azərbaycan xalqının tarixi-mədəni irsinin öyrənilməsində, xalqımızın dərin köklərə malik mədəniyyətinin təbliğində Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın fəaliyyətini qadınlarımız örnək kimi qəbul edir. Öz xidmətləri ilə Azərbaycan qadınının, Azərbaycan xanımının obrazını canlandıran, Azərbaycan Respublikasının 1-ci Vitse-Prezidenti, UNESKO və İSESKO-nun xoşməramlı Səfiri, Azərbaycanın birinci xanımı Mehriban xanım Əliyevanın gördüyü işlər beynəlxalq miqyasda da yüksək qiymətləndirilir.
Sonra rayonun ictimai-siyasi həyatında fəal iştirak edən bir qrup qadına Rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərman və hədiyyələri təqdim edildi və tədbir musiqili konsert proqrami ilə davam etdirildi.