Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr edilmiş elmi-praktiki konfrans.
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibətilə Qubadlı rayonunda silsilə tədbirlər keçirilir. Bu səpkidən olan tədbirlərdən biri də 6 may 2017-ci il tarixdə Qubadlı rayon İcra Hakimiyyətində təşkil edilmiş elmi-praktiki konfrans olmuşdur. Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı cənab Malik İsaqov, RİH aparatının məsul şəxsləri, idarə, müəssisə, təşkilat rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak edirdilər.
Əvvəlcə tədbir iştirakçıları Ulu Öndərin rayon İcra Hakimiyyəti binasının foyesində qoyulmuş büstünün önünə gül dəstələri qoydular. Rayon İcra Hakimiyyətində davam edən tədbirdə ümummilli liderin həyat və fəaliyyətindən bəhs edən film nümayiş edildi.
Tədbirdə Qubadlı rayon İcra Hakimiyyətinin başçısı cənab Malik İsaqov çıxış edərək Ümummilli Liderin Azərbaycan dövlətinin möhkəmlənməsi və inkişafı yolundakı fəaliyyətindən bəhs etdi. Ulu Öndərin fəaliyyətinin hər bir sahəsinin fundamental tədqiqat mövzusu olduğunu qeyd edən başçı bildirdi ki, hələ sovet dövründə Azərbaycana məharətlə rəhbərlik edən Heydər Əliyev ölkəni sürətli inkişaf yoluna çıxarmaqla güclü elmi, iqtisadi və mənəvi potensial yarada bilmişdi, başlıcası isə xalqın qəlbində, arzu və istəklərində, yüz illərlə yaşayan azadlıq və müstəqillik ideyalarının həyati tələbat kimi formalaşmasına zəmin yaratmışdı. Qeyd olundu ki, xalqın tələbi ilə müstəqil Azərbaycan respublikasına rəhbərliyi qəbul edən Ulu Öndərin o ağır günlərdəki, illərdəki fəaliyyətinin xronikasını nəzərdən keçirən hər kəs onun sarsılmaz siyasi iradəsinə, idarəçilik məharətinə, müdrik qərarlar qəbul etmək səriştəsinə heyran qalmaya bilmir. Heydər Əliyev Azərbaycanın müstəqil dövlətçiliyinə qənim kəsilən xarici və daxili qüvvələri məharətlə zərərsizləşdirdi. Müstəqil dövlətin əsl mənada qurulması, iqtisadi, hərbi, mədəni potensiallarının hərəkətə gətirilməsi üçün vacib şərt olan əmin-əmanlıq şəraiti yaratdı. RİH-nin başçısı vurğuladi ki, dövrün burulğanlı, təlatümlü çağında böyük siyasi müdrikliyi, siyasi məharəti, gözlənilməz siyasi gedişləri ilə tarixin yaddaşında əbədi yaşayacaq liderin fəaliyyəti zaman keçdikcə öz dəyərini göstərməkdədir və bunlar zaman-zaman elmi araşdırmaların mövzusu, predmeti olacaqdır. Başçı bildirdi ki, Ulu Öndər məcburi köckünlərin də əsl himayəçisi idi. Məcburi köckünlərin həyat şəraitlərinin yaxsılaşması, məhz Heydər Əliyevin adı ilə bağlıdır. Dahi rəhbərin həyata kecirdiyi siyasət nəticəsində qaçqın və köçkünlərin problemləri öz həllini tapdı.
Rayon İcra hakimiyyətinin başçısı Malik İsaqov cənabları çıxışında qeyd etdi ki, bu gün Heydər Əliyev siyasi irsinin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Ulu Öndərin ideya və strategiyasının yeni tarixi şəraitə uyğun yaradıcılıqla həyata keçirməsi ölkəmizi çiçəklənən bir diyara çevirmişdir. Biz inanırıq ki, yaxın gələcəkdə məhz bu siyasətin nəticəsində torpaqlarımız işğaldan azad olunacaq və məcburi köckünlər öz doğma yurd yuvalarına qayıdacaqlar.
Tədbirdə Saray kənd tam orta məktəbinin dil-ədəbiyyat müəllimi Gülşən Allahverdiyeva “Milli –mənəvi dəyərlərin qorunması və inkişafında Heydər Əliyevin rolu”, Xocahan kənd tam orta məktəbin tarix müəllimi Müşfiq Hüseynov “Tolerant və Multikultiral dəyərlər Heydər Əliyev siyasətinin əsas istiqamətlərindən biri kimi” , Mərdanlı kənd tam orta məktəbinin tarix müəllimi Minurə Salmanova “ Heydər Əliyevin iqtisadi inkişaf strategiyası” mövzularında məruzələr etdilər.
RİH başçısı Malik İsaqov Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr edilmiş elmi-praktiki konfransı yekunlaşdırır.