Şriftin ölçüsü :

Saytın rəngi :

Son zəng günü münasibətilə Qubadlı rayonunda keçirilən tədbirlər haqqında məlumat

14 iyun 2017 | 16:00

14 iyun 2017-ci il tarixdə “son zəng” günü ilə əlaqədar olaraq Qubadlı rayonunun bütün ümumtəhsil məktəblərində tədbirlər keçirildi. Qubadlı rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov, Azərbaycan Respublikası Təhsil Nazirinin müavini cənab Firudin Qurbanov, Təhsil Şöbəsinin rəhbərliyi, ictimaiyyət nümayəndələri, məktəbin şagird və müəllim kollektivi rayonun  Qara İlyasov adına Qubadlı şəhər 1 saylı və Hafiz  Quliyev adına Çaytumas kənd məktəb liseyində keçirilən son zəng tədbirində iştirak etdilər. Tədbir açıq elan edildikdən sonra  çıxış edən Qubadlı rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov “son zəng” günü  münasibətilə  məktəbin müəllim və şagird kollektivini təbrik edərək bildirdi ki, Azərbaycan Respublikası prezidenti cənab İlham Əliyevin   ölkə təhsilinə diqqət və qayğısı bu gün Qubadlı rayonunun təhsildə qazandığı uğurlarda da özünü göstərir. Belə ki, rayonda müasir dövrün tələbləri səviyyəsində  32 ümumtəhsil məktəbi fəaliyyət göstərir. Hazırda rayon ümumtəhsil məktəblərində 975 nəfər müəllim, 8847 nəfər şagirdin təlim tərbiyyəsi ilə məşğul olur. Son illər  ərzində 21 məktəb binası yenidən qurulmuş və əsaslı təmir edilmişdir. Hal-hazırda Xanlıq kənd ümumi orta məktəbi üçün 96 yerlik 2 mərtəbəli bina inşa edilir. Başçı qeyd etdi ki, rayonda təhsilin maddi-texniki bazasının yaxşılaşdırılması və şagirdlərin yaxşı təhsil almaları üçün rayon İcra Hakimiyyəti bundan sonra da əməli fəaliyyətini davam etdirəcəkdir.
Aparılan uğurlu təhsil siyasəti nəticəsində son illər ərzində rayon məktəbləri bitirən 1700 nəfərdən çox şagird yüksək bal toplayaraq respublikanın müxtəlif ali məktəblərinə qəbul olub, onlardan 267 nəfəri 500 dən yüksək bal toplamışdır, 5 nəfər şagirdimiz isə daha yüksək bal toplayaraq Prezident təqaüdünə layiq görülmüş, 8 nəfər əməkdar müəllim adına layiq görülüb, 7 nəfər müəllim isə tərəqqi medalı ilə təltif olunmuşdur.
Cari tədris ilində rayonun ümumtəhsil məktəblərini  bitirən  494 şagirddən 419 nəfəri qəbul  imtahanın I mərhələsində iştirak etmiş və uğurlu nəticələr əldə etmişdilər.  
Məzunlara yeni başlayacaqları həyatda uğurlar arzulayan başçı vurğuladı ki, onların cəmiyyətdə layiqli vətəndaş kimi formalaşması, bilikli və bacarıqlı mütəxəssis kimi yetişmələri hər birimizin ən böyük arzusudur.
Tədbirdə çıxış edən Azərbaycan Respublikası Təhsil Nazirinin müavini cənab Firudin Qurbanov “son zəng” münasibətilə bütün müəllim və şagirdləri, ictimaiyyət nümayəndələrini təbrik etdi. Natiq  Azərbaycanda sürətlə inkişaf edən iqtisadiyyatdan, elm və təhsilə göstərilən dövlət qayğısından danışdı. Prezident İlham Əliyevin  təhsilə xüsusi qayğısını minnətdarlıqla qeyd edən nazir müavini ölkə təhsilinin inkişafında Azərbaycan Respublikasının 1-ci vitse prezidenti Mehriban xanım Əliyevanın  əvəzsiz xidmətlərini də vurğuladı. 
Sonra tədbir məktəblilərin hazırladıqları konsert proqramı ilə davam etdirildi. Sonda məktəbin müəllim və şagird kollektivinə fəxri fərman verildi.

Keçidlər