Şriftin ölçüsü :

Saytın rəngi :

Qubadlı rayonunun işğalının 24-cü ildönümü

01 sentyabr 2017 | 16:00

Qubadlı rayonunun işğalının 24-cü ildönümü ilə əlaqədar tədbir keçirilmişdir
Ermənistanın hərbi təcavüzü nəticəsində Qubadlı rayonunun işğalının 24-cü ildönümü ilə əlaqədar olaraq 31 avqust 2017- ci il tarixdə Sumqayıt şəhərində yerləşən “Şəhidlər Xiyabanında” tədbir keçirilmişdir. Tədbirdə Qubadlı rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov, Milli Məclisin deputatı İmamverdi İsmayılov, rayon ictimaiyyəti, idarə, müəssisə və təşkilatların nümayəndələri, respublikanın digər qurumlarından olan qonaqlar iştirak edirdilər. Şəhidlər Xiyabanındakı abidənin önünə əklil qoyulduqdan sonra tədbir iştirakçıları xiyabandakı məzarları ziyarət edərək, şəhidlərin məzarları üzərinə qərənfil dəstələri qoydular.
Tədbirdə Qubadlı rayon İcra Hakimiyyətinin başçısı cənab Malik İsaqov nitq söyləyərək qeyd etdi ki, bu gün Qubadlının işğalının 24-cü ili tamam olur. Zəngin tarixə malik olan rayonun bütün əmlakı erməni işğalçıları tərəfindən talan edilmişdir. Düşmənlə mübarizədə 238 nəfər Qubadlı sakini şəhid olmuş, 200 nəfərə yaxın ağır yaralanmış, 300-dən artıq rayon sakini əlil olmuş, 100 nəfərdən çox itgin düşmüşdür. 11 nəfər Milli Qəhrəman adına layiq görülmüşdür. Hal hazırda 37 min  nəfərdən artıq Qubadlı sakini respublikamızın 42 rayonunda məcburi köçkün ömrü yaşayır. Rayon əhalisinin əksəriyyəti Sumqayıt və Bakı şəhərlərində məskunlaşıb. Hansı bölgədə məskunlaşmağından asılı olmayaraq rayon əhalisinin problem və çətinlikləri yerli icra strukturlarının diqqətindədir. Bu isə əsası Ulu Öndər tərəfindən qoyulan və bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları tərəfindən uğurla davam və inkişaf etdirilən siyasətin yerlərdə layiqincə icrasının təzahürüdür. Rayon İcra Hakimiyyətinin başçısı qeyd etdi ki, 24 il ərzində torpaq həsrəti bir an da olsun əhalimizi tərk etməyib. Dövlətimiz və hökümətimiz məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması, məşğulluğunun təmini sahəsində kompleks tədbirlər həyata keçirmişdir. Bütün bu diqqət və qayğını minnətdarlıqla qarşılayan əhalimiz doğma yurda qayıtmaq istəyi ilə yaşayır. Rayon əhalisi hər zaman Azərbaycan dövlətinə sadiqdir və qəti əmindir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə doğma Qubadlıya qayıdacağımız gün uzaqda deyil. Başçı qeyd etdi ki, orduda döyüş qabiliyyəti, mənəvi-psixoloji durum, vətənpərvərlik ruhu çox yüksəkdir. Bu gün Azərbaycan Silahlı Qüvvələrinin quruculuğu prosesi davam etdirilir və ordumuz inkişaf, təkmilləşmə dövrünü yaşayır. 2016-cı ilin aprel döyüşləri Azərbaycan ordusunun qüdrətini bir daha sübut edərək göstərdi ki, bu ordu nəinki ölkəmizin ərazi bütövlüyünü mənfur düşməndən qorumağa, həmdə çox az müddətdə işğal olunmuş ərazilərimizi düşməndən azad etməyə qadirdir. Xüsusilə qeyd olundu ki, Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən Aprel döyüşlərində fərqlənən rayon sakinlərinə - Həmidov Şükür Nəriman oğluna Azərbaycan Respublikasının Milli Qəhrəmanı və Bərxudarov Mais Şükür oğluna general-mayor hərbi rütbəsi verilmiş, Qasımov Faiq Qaçay oğlu “Azərbaycan Bayrağı” ordeninə layiq görülmüşdür. RİH başçısı bildirdi ki, aprel döyüşlərindən sonra həmyerlilərmizin yüksək fəxri ad və hərbi rütbə alması rayon sakinlərinin hədsiz sevincinə səbəb olmuşdur. Əlavə olundu ki, yaxın gələcəkdə möhtərəm Prezidentimizin uğurlu siyasi fəaliyyəti sayəsində torpaqlarımız işğaldan azad olunacaq və üçrəngli bayrağımız Qarabağda dalğalanacaqdır.
Digər çıxış edənlər 24 il ərzində vətən həsrəti ilə məcburi köçkünlük ömrü yaşayan Qubadlı əhalisinin nümayiş etdirdiyi dözümlülüyün və dövlətə sadiqliyin örnək olduğunu bildirdilər. Bütün çətinliklərə rəğmən bu müddətdə rayon əhalisi Azərbaycanda vüsət almış quruculuq işlərində fəal iştirak etmişlər. Sonra Ermənistanın təcavüzkar siyasətinə beynəlxalq güclərin yetərincə təzyiq etməməsinin təəssüf doğurduğunu bildirilərək,  Azərbaycan Prezidenti İlham Əliyev cənablarının rəhbərliyi ilə doğma torpaqlarımıza qayıdacağımıza olan sonsuz inam ifadə olundu.

Keçidlər