Qəbul imtahanlarında yüksək bal toplayan Qubadlı gəncləri ilə görüş
Qəbul imtahanlarında yüksək bal toplayan Qubadlı gəncləri ilə görüş
09 sentyabr 2017-ci il tarixində Qubadlı rayon İcra Hakimiyyətində qəbul imtahanlarında yüksək bal toplayan rayon gəncləri ilə görüş keçirilmişdir. Görüşdə rayon İcra Hakimiyyətinin başçısı cənab Malik İsaqov, RIH-i aparatının məsul nümayəndələri, idarə, müəssisə və təşkilat rəhbərləri, ictimaiyyət nümayəndələri və məzunlar iştirak edirdilər.
Tədbir açıq elan edildikdən sonra tələbə adını qazanan gəncləri təbrik edən RİH-nin başçısı Malik İsaqov qeyd etdi ki, Ulu öndərimiz Heydər Əliyevin dediyi kimi təhsil hər bir xalqın gələcəyidir. Təhsilsiz inkişaf ola bilməz. Bu mənada elm, təhsil hər bir ölkənin inkişafının əsasını təşkil edir. Ölkəmizdə təhsilin inkişafı Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilib. Bütövlükdə son illər təhsilin inkişafına xidmət göstərən 16 Dövlət Proqramı qəbul edilmişdir. Bu Proqramlar məktəbəqədər təhsil, texniki peşə, orta ümumtəhsil və ali məktəblərin inkişafını nəzərdə tutan dövlət əhəmiyyətli fəaliyyət istiqamətlərini müəyyənləşdirir. Bu gün Qubadlı rayonunda da bu işlər uğurla davam etdirilir. Rayonda 32 ümumtəhsil məktəbi fəaliyyət göstərir ki, onlardan 11-i yeni tikilmiş, 21-i əsaslı təmir olunmuşdur. Eyni zamanda 2017-ci ildə Qubadlı rayon Xanlıq kənd məktəbi üçün yeni bina tikilərək şagird və müəllim kollektivinin istifadəsinə verilmişdir. Cari ildə 491 məzundan 419-u sənəd vermiş və onlardan 301-i ali məktəblərə qəbul olublar. Qəbul imtahanlarında iştirak edən 49 məzun 500-600 arası, 16 məzun isə 600-dən yuxarı bal toplayıb. Butün bunlar cənab Prezident İlham Əliyevin və Birinci-vitse prezident Mehriban xanım Əliyevanın həyata keçirdiyi uğurlu təhsil siyasətinin nəticəsidir.
Sonra çıxış edən Qubadlı rayon təhsil şöbəsinin müdiri Fuad Bədəlov, Qubadlı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndə İlyas Süleymanov, və digərləri gənclərlə görüşün təşkilinə, göstərilən diqqət və qayğıya görə ölkə və rayon rəhbərliyinə minnətdarlıqlarını bildirdilər. Sonda yüksək bal toplamış gənclərə RİH –tərəfindən mükafatlar verildi.