2017-ci ilin 9 ayının yekunlarına həsr olunmuş hesabat yığıncağı
2017-ci ilin 9 ayının yekunlarına həsr olunmuş
hesabat yığıncağı
17 oktyabr 2017-ci il tarixində Qubadlı rayon Icra Hakimiyyətində cari ilin 9 ayının yekunlarına həsr olunmuş hesabat yığıncağı keçirilmişdir.Yığıncaqda rayon İcra Hakimiyyətinin Başçısı cənab Malik İsaqov, rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak edirdilər.
Yığıncağı açıq elan edən rayon İcra Hakimiyyətinin Başçısı cənab Malik İsaqov ölkədə 2017-ci ilin 9 ayı ərzində əldə olunan nəticələrdən bəhs edərək bildirdi ki, ölkə uğurla inkişaf edərək nəzərdə tutulmuş proqnozların yerinə yetirilməsi təmin edilmişdir.Bunlarla yanaşı, Azərbaycanda bir neçə möhtəbər tədbir keçirilmişdir. Xüsusi önəm daşıyan V Qlobal Bakı Forumu, IV Mədəniyyətlərarası Dialoq Forumu, IV İslam Həmrəyliyi Oyunları ən yüksək səviyyəli tədbirlərdəndir. Ən önəmlisi budur ki, Azərbaycan milli komandası bu oyunlarda birinci yeri tutmuşdur. Buda onu göstərir ki, Azərbaycan güclü idman dövlətidir.
Başçı qeyd etdi ki, Erməni işğalından azad edilmiş “Böyük qayıdış”ın ilk mərhələsi olan Cocuq Mərcanlının bərpa edilməsi bütün ölkə əhalisi kimi məcburi köçkünlərin də sevincinə səbəb olmuşdur.Bundan sonra da işğal altında olan bütün torpaqların azad edilməsi inamı bir daha artaraq belə bir fikir formalaşmışdır ki, müvəqqəti itirilmiş torpaqlar qüdrətli Milli Ordumuz tərəfindən azad ediləcək və bərpa işləri həmin ərazilərdə də aparılacaqdır.
Nazirlər Kabinetinin iclasında Azərbaycan Respublikasının Prezidenti tərəfindən cari ildə məcburi köçkünlər üçün Sumqayıtda, Bakıda , Masazırda, Ramanada yeni şəhərciklərin salınması layihələri də icra olunmaqdadır. Artıq demək olar ki , Xəzər və Xətai rayonlarında yarımçıq tikilmiş binalarda məskunlaşan 214 ailə Masazır, Ramana və Mehdiabad qəsəbələrində yeni inşa olunmuş mənzillərə köçürülür. Bu ilin may ayında paytaxtın Qaradağ rayonunda Birinci vitse-prezident Mehriban xanım Əliyevanın iştirakı ilə məcburi köçkünlər üçün2 bloklu, 9mərtəbəli, 11 binadan ibarət 1026 ailəlik yeni yaşayış kompleksinin təməlqoyma mərasimi keçirilib.
5 oktyabr 2017-ci tarixdə “Beynəlxalq Müəllimlər günü” Azərbaycan Respublikasının birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın iştirakı ilə Ramana qəsəbəsində müasir tələblərə cavab verə biləcək Qubadlı rayon Xanlıq kənd ümumi orta məktəbin açılış mərasimi keçirilmişdir. Bu qürurverici hadisə biz Qubadlılarda böyük fərəh hissi yaratmış və bu əlamətdar hadisə ilə bağlı olaraq ölkə Prezidenti cənab İlham Əliyevə və onun xanımı Birinci vitse-prezident Mehriban xanım Əliyevaya Qubadlı rayon ictimaiyyəti, ağsaqqaları və təhsil işçiləri adından çoxsaylı təşəkkür teleqramları göndərilmişdir.
Sonra RİH başçısının müavini Xoşqədəm Alıyeva “Rayonda cari ilin 9 ayı ərzində görülmüş işlər barədə” məruzə ilə çıxış etdi. Qeyd olundu ki, 2017-ci ilin doqquz ayında sakinlərimizin məskunlaşma yerlərində yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində də işlər görülmüş və davam etdirilməkdədir.Rayon İcra hakimiyyətinin köməkliyi ilə Bakı şəhəri, Xəzər rayonunda sanatoriya binasında məskunlaşan 8 ailəmizə Abşeron rayonu, Masazır qəsəbəsində yeni mənzillər verilmiş, həmin ailələrin mənzil problemi aradan qaldırılmışdır. Fərdi evlərin tikintisi üçün 16 müxtəlif yerlərdə rayon icra hakimiyyəti tərəfindən icazə alınmışdır.
Diqqətə çatdırıldı ki, 2017-ci ilin avqust ayında Sumqayıt Dövlət Unversitetinin yataqxanasında baş vermiş yanğın hadisəsi zamanı zərər çəkmiş ailələrə Qaçqın və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsi tərəfindən hər bir ailəyə 2 min manat pul , hər bir ailə üzvünə isə 100 manat yemək xərci verilmişdir. Qubadlı rayonundan olan 5 ailəyə isə rayon İcra Hakimiyyəti başçısı tərəfindən hər bir ailəyə 500 manat pul yardımı edilmişdir.
Hesabat dövrü əhalinin aztəminatlı hissəsi də diqqətdə saxlanılmışdır. Rayon İcra hakimiyyətinin daxili imkanları hesabına 9 ay ərzində yas mərasimlərinin təşkilinə, xəstələrin müalicəsinə və sair məsələlərlə bağlı aztəminatlı ailələrə 51 min 20 manat pul köməkliyi edilmişdir.
Məlumat verildi ki, hesabat dövründə rayonun ümumi gəlirlərinin proqnoz məbləği 1milyon 718 min 651 manat proqnoz rəqəminə qarşı 1 milyon 980 min 409 manat və ya 1,1 dəfə çox icra olunmuşdur ki, bu da nəzərdə tutulduğundan 261min 758 manat çox vəsait daxil olması deməkdir.
Cari ilin 9 ayının yekunlarının təhlili göstərmişdir ki, rayonda 7951 pensiyaçı qeydiyyatda olmuşdur ki, onların 2512 nəfəri yaşa görə, 3970 nəfəri əlilliyə görə, 418 nəfəri ailə başçısın itirməyə görə, 1051 nəfəri isə sosial vəziyyətə görə pensiya alır. Pensiyaların orta aylıq məbləği 186 manat təşkil etmişdir. DSMF-nin Qubadlı rayon şöbəsi tərəfindən 329 ailəyə, hər bir ailəyə də orta hesabla 144 manat olmaqla ünvanlı sosial yardım təyin olunmuşdur.
Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən buraxılış imtahanlarının nəticələri də uğurlu və ürək açan olmuşdur. İmtahanlarda iştirak edən 619 nəfər IX və 491 nəfər XI sinif şagirdlərinin göstəriciləri uyğun olaraq 80% və 84,7% olmuşdur. İlk dəfə olaraq IX siniflərdə 6 nəfər, XI siniflərdə isə 26 nəfər məzun fərqlənmə attestatlarına layiq görülmüşdür. Bu il məktəbi bitirən 491 məzundan 419 nəfəri ali məktəblərə qəbul imtahanlarında iştirak etmişdir. Onlardan 301 nəfəri yəni 71,8 faiz ali məktəblərə qəbul olmuş, qəbul olanların 49 nəfəri 500-600 arası bal, 16 nəfəri isə 600-700 arası bal toplamışdır. Rayon İcra Hakimiyyətinin səyi və yaxından köməkliyi nəticəsində rayonun 5 məktəbinin, Xanlıq-3, Qəzyan, Xıdırlı kənd tam orta məktəblərində aparılan əsaslı təmir işlərinin yaxın vaxtlarda başa çatdırılması, Şəhər-4saylı və Kavdadıq kənd tam orta məktəblərinin təmiri nəzərdə tutulmuşdur.
Rayon Mərkəzi Xəstəxanasınının poliklinika şöbəsi 3 tibb məntəqəsi ilə birlikdə məcburi köçkünlərə tibbi xidmət göstərilməsi işini davam etdirərək 9 ay ərzində 14 min 530 ambulator xəstə qəbul etmiş, onlardan 121 nəfər xəstəni stasionar müalicəyə, 23 nəfəri isə sanator-kurort müalicəsinə göndərmişdir. 480 nəfər şəkərli diabet olan xəstələr dərman və tibbi ləvazimatla təmin edilmişdir. Heç şübhəsiz ki, Poliklinikanın əsas işlərindən biri də Azərbaycan Respublikasının Prezidentinin tapşırığına əsasən pulsuz keçirilən kütləvi müayinə ilə bağlı aparılan işlərdir. Rayon Mərkəzi Xəstəxanasında tibbi müayinədən keçən 13 min 572 nəfər arasında 301 ambulator xəstə aşkar olunmuş, onlardan 121nəfər xəstə stasionar müalicəyə göndərilmişdir.
Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin rayon nümayəndəliyi keçirdiyi tədbirlərin daha mütəşəkkil keçirilməsinə səy göstərmişdir. Nümayəndəlik üzrə ümumilikdə 9 ay ərzində keçirilən 112 tədbirdən 34-ü ekskursiya, 23-ü dəyirmi masa, 16-sı sərgi, 4-ü ədəbi-bədii kompozisiya, 2-si görüş, 1-i diskussiya, 32-si isə konsert formatında olmuşdur. Bu tədbirlər içərisində rayon İcra hakimiyyətinin təşəbbüsü və yaxından köməkliyi ilə keçirilən tədbirlər, əhatəli və rəngarəngliyi ilə fərqlənmiş, çoxsaylı tamaşaçılar tərəfindən razılıqla qarşılanmışdır.
İlin doqquz ayı ərzində kənd təsərrüfatı sahəsində də müəyyən işlər görülmüşdür. 2017-ci il bir oktyabr vəziyyətinə olan məlumata görə rayonun Qayalı və Hal kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliklərində 2 ailə Biləsuvar və Səlyan rayonlarında, bir hektar 55 sot ərazidə payızlıq bitkilərin səpini işləri aparılmışdır.
Rayon İcra hakimiyyətinin köməkliyi ilə Füzuli rayonunda ayrılmış ərazidə 5 min ədəd tut tinginin əkilməsinin davamı olaraq, Sabirabad rayonunda ayrılmış ərazidə gətiriləcək 9 min ədəd tut tinginin əkilməsi nəzərdə tutulmuşdur. Rayonun Qubadlı şəhər, Dondarlı, Hal və Qaracallı kənd inzibati ərazi dairəsində 6 ailə Xızı, Qax, Biləsuvar, Quba, Salyan və Sabirabad rayonları ərazisində 7 hektar 66 sot sahədə 5 sot kartof , 1 hektar 66 sot tərəvəz, 6 hektar bostan bitkiləri, 0,37 hektar fındıq əkini aparmışdır. Əkin aparılmış sahələrin becərilməsində aqrotexniki qulluqların aparılmasında lazımı köməkliklər göstərilmişdir.
Gənclər siyasətinin rayonda ardıcıl həyata keçirilməsi üçün müntəzəm iş aparılır. Gənclər və İdman idarəsi əlaqədar təşkilatlarla birgə gənclərdə hərbi vətənpərvərlik hislərinin gücləndirilməsi, vətənə bağlılıq, pis vərdişlərdən uzaq olmaları məqsədilə bir sıra tədbirlər keçirmişdir. Ötən dövr ərzində idmanın müxtəlif növləri üzrə rayon birincilikləri keçirilmiş və idmançılarımızın respublika səviyyəli yarışlarda iştirakı təmin edilmişdir. 28 nəfər rayon idmançısı ölkə birinciliklərinin və respublika turnirlərinin qalibi olmuşdur. 2017-ci ilin may ayında Bakı şəhərində keçirilmiş IV İslam Həmrəyliyi oyunlarında rayonumuzun sakini, Uşaq - Gənclər idman məktəbinin yetirməsi İslam Abbasov yunan-roma güləşi üzrə I yeri tutaraq qızıl medalın sahibi olmuşdur. Həmin oyunlarda idmanın cüdo növü üzrə yarışlarda əslən Qubadlı rayonunun Xələc kəndindən olan Talıbov Elçin I yer tutaraq qızıl , qardaşı Talıbov Natiq III yeri tutaraq bürünc medal qazanmışdır.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin rayon bölməsi tərəfindən 9 ay ərzində 109 nəfər hərbi xidmətə göndərilmiş, hazırda oktyabr çağırışı davam edir, 32 nəfər hərbi xidmətə göndəriləcək. 315 nəfər gənc isə ilkin hərbi qeydiyyata alınmışdır. Səkkiz nəfər gənc könüllü olaraq müddətdən artıq həqiqi hərbi xidmətə yola salınmışdır.
Hesabat dövrü rayon İcra hakimiyyətinin fəaliyyət istiqamətlərindən biri də vətəndaşların qəbulu, onların müraciətlərinə baxılması işinin təşkil edilməsidr. Doqquz ay ərzində İcra hakimiyyətinə dövlət orqanlarından və vətəndaşlardan 84 yazılı müraciət daxil olmuşdur.
Sonra çıxış edən Muradxanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Fazil Əsədov, rayon Təhsil şöbəsinin müdirinin müavini Kamil Əhmədov, rayon Rabitə qovuşağının rəisi Yusif Quliyev ölkə və rayon rəhbərliyinin qarşıya qoyduğu vəzifələrin uğurla yerinə yetirilməsinə səylə çalışacaqlarını bildirdilər.