Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid Mübariz İsgəndərovun xatirəsinə həsr edilmiş tədbir

27 oktyabr 2017 | 16:00

Şəhid  Mübariz İsgəndərovun xatirəsinə həsr edilmiş tədbir
      2017-10-27

Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsinə həsr edilmiş tədbirlərin rayonda keçirilməsi bir ənənə halını almışdır.  27 oktyabr 2017-ci il tarixində Sumqayıt şəhərində yerləşən  Qara İlyasov adına Qubadlı şəhər 1 saylı tam orta məktəbdə həmin məktəbin  məzunu olmuş   şəhid Mübariz Nüsrət oğlu İsgəndərovun xatirəsinə həsr edilmiş anım tədbiri də bu səpkidə keçirilən tədbirlərdəndir.
Keçirilən tədbirdə rayon İcra Hakimiyyəti başçısının müavini Xoşqədəm Alıyeva, RİH-nin məsul nümayəndələri, idarə, müəssisə və təşkilat rəhbərləri, şəhidin döyüş yoldaşları və ailə üzvləri, ictimaiyyət nümayəndələri iştirak edirdilər.
İlk öncə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Anım tədbirində  giriş nitqi söyləyən    Qara İlyasov  adına Qubadlı şəhər 1 saylı tam orta məktəbin direktoru  Hümbət Hümbətəliyev qeyd etdi ki, rayonumuz düşmən tapdağında olan torpaqların azad edilməsi üçün aparılan mübarizədə 238 şəhid vermişdir. Həmin qəhrəman oğullardan  biri  də bugün xatirəsinə həsr edilmiş tədbirə yığışdığımız  Mübariz  İsgəndərovdur.
Tədbirdə  Şəhidin həyat yolundan bəhs edilən video-çarx nümayiş etdirildi.
Daha sonra rayon  İcra Hakimiyyətinin müavini Xoşqədəm xanım Alıyeva qeyd etdi ki, rayonun müdafiəsi ilə bağlı aparılan mübarizədən danışanda ilk növbədə xalqımızın, o cümlədən qubadlıların qürur mənbəyi olan, haqqında danışılarkən həmişə iftixar hissi keçirdiyimiz  şəhidlərimiz yada düşür. Vətənpərvərliyi və cəsurluğu ilə fərqlənən Mübariz İsgəndərov 1970-ci il mayın 2-də Hacılı kəndində anadan olmuşdur. 1987-ci ildə Qubadlı Qəsəbə orta məktəbini bitirmişdir. 21 yaşlı Mübarizi ermənilərin haqsız iddiaları hiddətləndirir, vətənin ağır vəziyyəti onun ürəyini ağrıdırdı. O,1991-ci il ilin may ayında könüllü olaraq Vətənin müdafiəsinə qalxdı. O, Azərbaycanın qeyrətli oğulları ilə birlikdə torpaqlarımızı göz bəbəyi kimi qoruyurdu. O, öz dəstəsi ilə düşmənə tutarlı zərbələr vurur, Ermənistanın sərhəddə yerləşən şəhər və kəndlərini daima qorxu içərisində saxlayırdı. Mübariz həmişə ön cərgədə vuruşaraq döyüş yoldaşlarını öz arxasınca aparırdı. Bu xüsusiyyət onu döyüşçülərin sevimlisinə çevirmişdir. Tabor komandiri Azərbaycanin Milli Qəhrəmani Əliyar Əliyev ona dəfələrlə təşəkkür elan etmişdi.Oktyabrın 3-də Susuzdağ yüksəkliyi uğrunda gedən şiddətli döyüşlərdə Mübariz ağır yaralanmışdır. İgid döyüşçü rayonun Xanlıq kəndindəki, sonra isə Bakı şəhərindəki qospitalda müalicə olunsa da həkimlərin səyi nəticəsiz qalmış, O 1992-ci il oktyabrın 6-da gözlərini əbədi yummuşdur.
Qeyd olundu ki, dövlətimiz Milli Qəhrəman ailələrinin, o cümlədən şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi üçün mütəmadi tədbirlər görür. Onlara təyin edilən Prezident təqaüdü,  mənzil şəraitlərinin yaxşılaşması üçün atılan addımlar həmin ailələrin maddi rifah halının yaxşılaşmasına göstərilən dövlət qayğısının bariz nümunəsidir.
Şəhidin qardaşı çıxış edərək şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevə  öz minnətdarlığını bildirərək,  tədbirin təşkilinə görə Qubadı rayon rəhbərliyinə razılığını ifadə etdi.
Sonra çıxış edənlər Mübariz İsgəndərovun həyat yolu haqqında öz xatirələrini bölüşdülər.Erməni təcavüzünün qarşısının alınmasında  qəhrəmanlıq simvoluna çevrilən və öz ölümü ilə ölümsüzlük qazanan Mübariz İsgəndərovun  həyat yolunun gənclərə örnək olduğunu və onun xatirəsinin daima ürəklərdə yaşayacağı bildirildi.
Anım mərasimində məktəbin şagirdləri tərəfindən qəhrəmanlıq və vətənpərvərlik mövzusunda şeirlər səsləndi və ədəbi-bədii kompozisiya nümayiş olundu.

Keçidlər