Qubadlı məktəbliləri “Ölkəmizi tanıyaq” devizi altında şimal bölgəsində tur-aksiyada iştirak ediblər
Qubadlı məktəbliləri “Ölkəmizi tanıyaq” devizi altında şimal bölgəsində tur-aksiyada iştirak ediblər.
Artıq dördüncü ildir ki, Azərbaycanın orta ümumtəhsil məktəblərinin 9-11-ci sinif şagirdlərinin “Ölkəmizi tanıyaq” devizi altında Vətənimizin müxtəlif bölgələrinə maarifləndirici tur-aksiyaları təşkil olunur. Dövlətimizin başçısı İlham Əliyevin tövsiyəsinə əsasən Prezident Administrasiyasının təşkilatçılığı ilə keçirilən tur-aksiyalar gözəl ənənə halı alıb.
“Ölkəmizi tanıyaq” layihəsi gənclərin vətənpərvərlik, tarixi –mədəni irsimizə hörmət ruhunda tərbiyə olunmasına, məktəblilərin dünyagörüşlərinin daha da zənginləşməsinə xidmət etmək məqsədi daşıyır.
Rayonumuzun orta məktəblərində 9-11-ci siniflərdə təhsil alan şagirdlər üçün növbəti “Ölkəmizi tanıyaq” tur-aksiyası noyabr ayının 11-dən 14-dək keçirilmişdir. Tur-aksiyalarda məktəblilərimiz arasında biliyi və istedadı ilə seçilən nümunəvi 20 nəfər məktəblinin və 2 nəfər məktəbliləri müşaiyət edən məsul şəxsin iştirakı təmin olunmuşdur.
Prezident Administrasiyasının tövsiyyələrinə uyğun olaraq 10 noyabr 2017-ci il tarixdə Qubadlı məktəblilərinin “Ölkəmizi tanıyaq” tur-aksiyası cərçivəsində yola salma tədbiri təşkil edilmişdir.
Noyabrın 11-də məktəblilər Ümummilli lider Heydər Əliyevin büstü önünə gül dəstələri qoyaraq, Quba-Qusar-Xaçmaz rayonu istiqamətində ekskursiyaya yola düşdülər.
Qubadlı rayonundan olan məktəblilər dörd gün ərzində Quba-Qusar-Xaçmaz rayonları ilə tanış oldular. Şagirdlər tur-aksiya zamanı vaxtlarını səmərəli keçirməklə yanaşı, həm də ölkəmizin şimal rayonlarının qədim tarixi-memarlıq abidələri, muzey və mərkəzləri ilə daha yaxından tanış oldular, görməli yerlərini gəzdilər. Tur iştirakçıları Quba rayonunda Cümə məscidi, Quba Soyqırımı Memorial Kompleksi, Quba xalçaçılıq emalatxanası, Tağlı Körpü, qolf meydançası ilə tanış oldular. Qırmızı qəsəbəyə, Xınalıq yolundakı şəlaləyə, Qusar rayonunun Həzrə kəndindəki “Şeyx Cüneyd” türbəsinə və “Şahdağ” qış-yay turizm kompleksinə, Xaçmaz rayonunda isə Xalça muzeyinə, Dövlət Rəsm Qalereyasına, Şəxsiyyətlər muzeyinə və Çənlibel parkına ekskursiya etdilər.
Tur iştirakçıları “Hərəmiz bir ağac əkək” aksiyasına qoşularaq Quba rayonunda ağac əkmədə iştirak etdilər.
2017-ci ilin noyabr ayının 14-də başa çatan tur-aksiyanın iştirakçıları Quba-Qusar-Xaçmaz rayonlarından xoş təəssüratlarla geri qayıtdılar.
Tur iştirakçıları onlara yaradılan bu şəraitə görə dövlətimizin başçısına minnətdarlıq edirlər.