Şriftin ölçüsü :

Saytın rəngi :

Əliyar Əliyev - 60

14 dekabr 2017 | 16:00

Əliyar Əliyev - 60 

Azərbaycanın Milli Qəhrəmanı Əliyar Yusif oğlu Əliyevin 60 illik yubileyi münasibətilə Qubadlı rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə noyabr və dekabr aylarında bir sıra silsilə tədbirlər, idman yarışları keçirilmişdir. Sumqayıt Olimpiya İdman Kompleksində yeniyetmələr arasında Yunan Roma güləşi üzrə Respublika turniri, Hafiz Quliyev adına Çaytumas məktəb Liseyində  uşaq və yeniyetmələr arasında şahmat yarışları və rayon ümumtəhsil məktəblərinin komandaları arasında atletika üzrə rayon birincilikləri bu səpkili tədbirlərdəndir. 13 dekabr 2017-ci il tarixdə  Bakı şəhəri, Nərimanov rayonunda Əliyar Əliyevin adına olan küçədə Milli Qəhrəmanın abidəsinin açılışı oldu. Abidənin açılışında rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov, Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, ictimaiyyət nümayəndələri,  Milli qəhrəmanın döyüş yoldaşları və ailə üzvləri  iştirak etdilər.
Milli qəhrəman Əlyar Əliyevin 60 illik yubileyi ilə bağlı yekun tədbir 14 dekabr 2017-ci il tarixdə 28 May mədəniyyət evində Qubadlı rayon İcra Hakimiyyəti tərəfindən təşkil olunmuşdur.Tədbirdə rayon İcra Hakimiyyətinin Başçısı Malik İsaqov, RİH-nin məsul nümayəndələri, hüquq mühafizə orqanları, idarə-müəssisə və təşkilat rəhbərləri, Milli Qəhrəmanın ailə üzvüləri və döyüş yoldaşları, ictimaiyyət nümayəndələri iştirak edirdilər.
Tədbir açıq elan olunduqdan sonra Azərbaycanın ərazi bütövlüyu uğrunda gedən döyüşlərdə  şəhid olmuş əsgərlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbirdə Milli Qəhrəman Əliyar Əliyevin xatirəsinə  həsr olunmuş film nümayiş olunduqdan sonra çıxış edən Qubadlı rayon İcra Hakimiyyətinin başçısı cənab Malik İsaqov bildirdi ki, düşmənlə mübarizədə 238 nəfər Qubadlı sakini şəhid olmuş, 200 nəfərə yaxın ağır yaralanmış, 300-dən artıq rayon sakini əlil olmuş, 100 nəfərdən çox itgin düşmüş, 11 nəfər Milli Qəhrəman adına layiq görülmüşdür. Azərbaycanın qəhrəman övladlarından biri olan Əliyar Əliyev 1957-ci il dekabrın 14-də Qubadlı rayonunun Qəzyan kəndində anadan olub. Qarabağ müharibəsi başlayanda Əliyar Əliyev könüllü olaraq Azərbaycan Silahlı Qüvvələrinin sırasına qoşulmuşdur. Vətən torpağının mənfur düşməndən müdafiə etmək onun əsas məqsədi və amalına çevrilmişdir. Azərbaycan Respublikası prezidentinin 10 noyabr 1992-ci il tarixli 301 saylı fərmanı ilə mayor Əliyar Yusif oğlu Əliyev ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülmüşdür. Qubadlı rayonunda Milli Qəhrəmanların və şəhidlərin doğum günləri və anım günləri ilə bağlı müxtəlif səpkili tədbirlər keçirilir. Əminliklə bildirildi ki,  yaxın gələcəkdə möhtərəm Prezidentimizin uğurlu siyasi fəaliyyəti sayəsində torpaqlarımız işğaldan azad olunacaq və üçrəngli bayrağımız Qarabağda dalğalanacaqdır.
Sonra çıxış edən Milli Qəhrəmanın oğlu Emin Əliyev və döyüş yoldaşları şəhidlərimizin xatirəsinin daim əziz tutularaq diqqət mərkəzində saxlanıldığına görə, ölkə başçısına və rayon rəhbərliyinə minnərdarlıqlarını bildirdilər. Vurğulandı ki,  Qubadlı rayonunda da Milli Qəhrəman və şəhid ailələrinə daim diqqət və qayğı ilə əhatə olunur. Dövlətimiz bu gün Qarabağ şəhidlərinin xatirələrini əziz tutur, Milli Qəhrəman və şəhid ailələrinin sosial problemi ilə yaxından maraqlanır, onların problemlərini həll edir. Bildirildi ki,  Prezident İlham Əliyevin yürütdüyü məqsədyönlü daxili və xarici siyasət nəticəsində Azərbaycan dünyanın inkişaf etmiş ölkələri sırasına qoşulmuşdur. Azərbaycan Ordusu istənilən vaxt işğal altında olan torpaqlarımızı azad etməyə qadirdir.
Sonda Şəhidlərimizin xatirəsinə həsr edilmiş şeirlər səsləndi və tədbir respublikanın tanınmış incəsənət xadimlərinin ifası  ilə davam etdirildi.

Keçidlər