Şriftin ölçüsü :

Saytın rəngi :

20 sentyabr–Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günüdür

19 sentyabr 2025 | 16:07

2025-ci il 19 sentyabr tarixində Qubadlı Rayon İcra Hakimiyyətinin və YAP Qubadlı rayon təşkilatının birgə təşkilatçılığı ilə Qubadlı Rayon İcra Hakimiyyətinin inzibati binasında“2025-ci il Konstitusiya və Suverenlik İli” çərçivəsində 20 Sentyabr- Dövlət Suverenliyi Günümünasibətilə “Konstitusiya və Dövlətçiliyin təməli” mövzusundatədbir keçirildi. Tədbirdə Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov, Hüquq-mühafizə orqanları, YAP Qubadlı rayon təşkilatının rəhbərliyi, RİH-nin məsul işçiləri, idarə, müəssisə, təşkilat rəhbərləri, RİHB-nin inzibati ərazi dairəsi üzrə nümayəndələri, ictimaiyyət nümayəndələri iştirak edirdilər.

Əvvəlcə tədbir iştirakçıları tərəfindən Qubadlı Rayon İcra Hakimiyyətinin inzibati binasında Ulu Öndər Heydər Əliyevin bustu önünə gül dəstələri qoyuldu.

Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın bütövlüyü uğrunda canından keçmiş vətən oğullarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Tədbirdə Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqovAzərbaycan Respublikasının Prezidentiİlham Əliyevin 2024-cü il 19 sentyabr tarixli Sərəncamına əsasənsentyabrın 20-si Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü elan edildiyinin,eyni zamanda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin28 dekabr 2024-cü iltarixli Sərəncamına əsasən isəərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa olunduğunu, 2025-ci ildə Konstitusiyamızın qəbul edilməsinin 30-cu və Vətən müharibəsində qələbəmizin 5-ci ildönümü ilə əlaqədar2025-ci ilin ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan edildiyini diqqətə çatdıraraqtədbir iştirakçılarını Dövlət Suverenliyi Günü münasibəti ilə təbrik etdi.

Qeyd olundu ki, suverenlik dövlətlərin varlığını, həyat qabiliyyətini dünyaya nümayiş etdirən ən başlıca və zəruri olan amillərdən biridir. Çünki digər dövlətlər və beynəlxalq təşkilatlar suverenliyini təmin edən  dövlətlərlə əməkdaşlıq edir, onu tanıyır, əlaqələr qurur, ərazi bütövlüyünə hörmətlə yanaşır. Konstitusiya və Suverenlik anlayışları isə dövlətlərin hüquqi və siyasi əsasları ilə yanaşı, onların milli kimliyini də aydın şəkildə təsdiq və ifadə edir, onları dünyaya yaxından tanıtdırır.“Hər bir xalq üçün öz taleyinə sahib olmaq, müstəqil dövlətini yaradaraq inkişaf etdirmək onun ən böyük nailiyyətidir. Tarixin müxtəlif mərhələlərində üzləşdiyi çətinliklərə, işğala, məhrumiyyətlərə baxmayaraq, heç bir qüvvə xalqımızın müstəqillik, dövlətçilik əzmini sarsıda bilməmişdir.

Vətən Müharibəsi İştirakçıları və Şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri, Vətən Müharibəsi iştirakçısı Sənan Həsənov məruzə ilə çıxış edərək qeyd etdi ki,44 günlük haqq savaşında Azərbaycan xalqının sarsılmaz birliyi, Prezident İlham Əliyevin dəmir iradəsi və şanlı Azərbaycan Ordusunun yenilməz gücü qarşısında düşmən təslim olub və bununla da xalqımızın 30 illik torpaq həsrətinə son qoyulub, ərazi bütövlüyümüz bərpa olunub və şəhidlərimizin qisası alınıb. Azərbaycan xalqının əzmi və iradəsi, iqtisadi gücü, müasir ordu quruculuğu və xalq-iqtidar birliyi ölkəmizin qələbəsini təmin edən mühüm amillər oldu. Ulu əcdadlarımızın zəngin dövlətçilik və hərb tarixindən ilhamlanan Azərbaycan xalqı daha bir şanlı qəhrəmanlıq salnaməsi yazaraq, özünün qalib xalq olduğunu bütün dünyaya sübut etdi və düşmən üzərində tarixi zəfər çaldı.

Azərbaycan xalqı 44 gün ərzində öz qüdrətini göstərdi. Qəhrəman hərbçilərimizin şücaəti, rəşadəti hesabına, şəhidlərimizin qanı-canı bahasına bütün dünya Azərbaycanın şanlı qələbəsinin şahidi oldu. Azərbaycan Ordusu öz qəhrəmanlığı və peşəkarlığı ilə təkcə Ermənistanın silahlı qüvvələrini məhv etməyib, o, Erməni mifini də məhv etdi. Cəmi 44 gün ərzində Ermənistan ordusu, hərbi texnikası, canlı qüvvəsi məhv edildi və Azərbaycan öz gücünü, öz qüdrətini göstərdi.

Vətən müharibəsində  Qubadlı rayonundan 11 şəhid və 60-dan çox yaralı öz adlarını tarixə yazdılar. 275 nəfər könüllü olaraq Vətən Müharibəsində iştirak etmişdir. Həmçinin rayonumuzdan olan 100-dən çox Vətən Müharibəsi iştirakçısı Ölkə Başçısının Sərəncamı ilə orden və medallarla təltif olunmuşdur.

2023-cü il sentyabrın 19-da Azərbaycanın Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması və Ermənistan silahlı qüvvələrinin qalıqlarının tərksilah edilərək torpaqlarımızdan çıxarılması, həmin ərazilərdə Azərbaycan Respublikası konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə antiterror əməliyyatına başlanmışdır. Cəmi 23 saat davam etmiş və sentyabrın 20-də başa çatmış əməliyyat nəticəsində Azərbaycan Ordusu qarşısına qoyulmuş bütün vəzifələri yüksək peşəkarlıqla yerinə yetirmişdir. Antiterror tədbirləri zaman Qubadlı rayonundan 1 şəhid və 2 yaralı öz adlarını tarixə yazdılar. Beləliklə, növbəti parlaq Qələbə nəticəsində Azərbaycan Respublikasının suverenliyi tam bərpa edilmişdir. Azərbaycan xalqının həyatında müstəsna əhəmiyyət kəsb edən şanlı Zəfər sayəsində bu gün Azərbaycan Respublikasının Dövlət Bayrağı suverenliyimizin bərqərar olduğu bütün ərazilərdə əzəmətlə dalğalanmaqdadır.

Vətən Müharibəsi iştirakçısı, Teymur Müskanlı kənd tam orta məktəbinin hərbi müəllimi Mayis Kazımov və Birinci Qarabağ və Vətən Müharibəsi iştirakçısı, Süleyman Rəhimov adına Mahrzulu kənd tam orta məktəbin hərbi müəllimi Etibar Kərimliçıxış edərək Azərbaycan xalqı bu gün öz müstəqil dövlətinə sahibdir. Prezident Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altındaqəhrəman əsgər və zabitlərimizin, şəhidlərimizin qanı hesabına əldə edilmiş ərazi bütövlüyümüzün, suverenliyimizin xalqımızın milli sərvəti olduğunu, 20 sentyabr tarixinin Azərbaycanda "Dövlət Suverenliyi Günü" kimi qeyd edilməsi hər bir Azərbaycan vətəndaşının qürur mənbəyi olduğunu bildirdi.

Şəhid ailələrinə və Müharibə iştirakçılarına hər zaman göstərilən diqqət və qayğıya görə Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevə və rayon rəhbəri Malik İsaqova minnətdarlıqlarını bildirdilər.

YAP Qubadlı rayon təşkilatının sədri Təhmasib Rüstəmov bildirdi ki,Müstəqil və suveren dövlətə sahib olmaq, milli-mənəvi dəyərlərə, həmrəylik, humanizm, ədalət və qanunun aliliyi prinsiplərinə əsaslanan inkişaf etmiş cəmiyyət qurmaq yüzillər boyu Azərbaycan xalqının ən böyük arzusu olmuşdur. Tarixin müxtəlif mərhələlərində kənar müdaxilələrə, məhrumiyyətlərə baxmayaraq, xalqımız milli kimliyini, mübarizə ruhunu qoruyub saxlamış, öz ideallarına həmişə sadiq qalmış və XX əsrin sonlarında dövlət müstəqilliyini bərpa etmişdir.

1991-ci il oktyabrın 18-də qəbul edilmiş “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktında yeni Konstitusiyanın hazırlanması nəzərdə tutulsa da, 1991–1993-cü illərdə hakimiyyətin yarıtmaz fəaliyyəti cəmiyyət həyatının bütün sahələrində kəskin böhrana, ölkədə anarxiyanın yaranmasına gətirib çıxarmış, dövlət idarəçiliyi mexanizmləri formalaşdırılmamış, qanunçuluğun, vətəndaşların azad, təhlükəsiz yaşamaq hüququnun təmin edilməsi mümkün olmamışdır.

Yalnız 1993-cü ildə xalqın tələbi ilə yenidən hakimiyyətə qayıtmış Ümummilli Lider Heydər Əliyevin böyük xilaskarlıq missiyası sayəsində ölkəmizdə cərəyan edən təhlükəli proseslərin qarşısı alındı, ictimai-siyasi sabitlik təmin edildi və müasir dövlət quruculuğu üçün etibarlı zəmin yarandı. Ulu Öndərin bilavasitə rəhbərliyi ilə hazırlanmış və 1995-ci il noyabrın 12-də qəbul olunmuş Azərbaycan Respublikasının ilk Konstitusiyası ölkəmizdə genişmiqyaslı qanunvericilik və institusional islahatların əsasını təşkil etdi. Bu Konstitusiya dövlətimizin müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunması, hüquqi, dünyəvi dövlət quruculuğu, vətəndaşlarımızın layiqli həyat səviyyəsinin, dünya ölkələri ilə dostluq və əmin-amanlıq şəraitində əməkdaşlığın təmin edilməsi kimi ali niyyətlərin həyata keçirilməsi üçün mühüm qanunvericilik bazası rolunu oynamışdır.

Qəbul olunmuş Konstitusiyada Azərbaycanın dövlət müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunması başlıca niyyətlərdən biri kimi bəyan edilmişdir. Lakin Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində torpaqlarımızın 20 faizinin 30 ilə yaxın işğal altında qalması Azərbaycan Respublikasının suveren hüquqlarının həmin ərazilərdə tətbiqinə imkan verməmişdir. Ermənistanın işğalçılıq siyasətinə son qoyulması və ölkəmizin ərazi bütövlüyünün, suverenliyinin bərpa edilməsi Azərbaycan xalqının milli ideyasının əsas məqsədlərindən birinə çevrilmiş, cəmiyyətimizin bütün resursları bu taleyüklü vəzifənin həllinə yönəldilmişdir.

Bu gün Azərbaycan xalqı tamamilə dağıdılmış ərazilərimizdə yeni həyat qurur. Azad edilmiş ərazilərə səfərləri ilə Prezident İlham Əliyev öz sevincini xalqı ilə bölüşməklə yanaşı, həmin əraziləri tez bir zamanda bərpa etmək, dirçəltmək əzmində olduğunu əyani nümayiş etdirir. Azad edilmiş şəhərlərimizdə, kəndlərimizdə artıq geniş bərpa-quruculuq işləri aparılır.

Bu gün Azərbaycan xalqı bütün sahələrdə yeni inkişaf tarixinə qədəm qoyub. Artıq dövlət suverenliyimiz tam, ərazilərimiz bütöv, sərhədlərimiz isə toxunulmazdır. Mövcud daxili sabitliyin möhkəmlənməsinə və iqtisadi yüksəlişin daha da sürətlənməsinə əlavə stimul verəcək tam suverenlik şəraitində bu pozitiv dinamikanı qoruyub saxlamaq, uğur və nailiyyətləri artırmaq xalqımızın və dövlətimizin qarşısında duran prioritet vəzifədir.

 

Keçidlər