20 Yanvar faciəsinin 34-cü ildönümü
Qubadlı rayonunda“20 Yanvar faciəsi”nin 34-cü ildönümünə həsr olunmuş silsilə tədbirlər keçirilir. Ümumtəhsil məktəblərinin kollektivləri, idarə, müəssisə və təşkilatlar Bakı şəhərində yerləşən Şəhidlər Xiyabanına ziyarət edirlər, müstəqilliyimizin əldə olunması uğrunda canlarını qurban vermiş şəhidlərimizin ruhları ehtiramla yad olunur.
2024-cü il19 yanvar tarixində Qubadlı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Sumqayıt şəhər 28 May mədəniyyət evində“20 Yanvar faciəsi”nin 34-cü ildönümünü münasibətilə tədbir keçirildi.Tədbirdə Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov, Hüquq mühafizə orqanları, RİH-nin məsul işçiləri, idarə, müəssisə, təşkilat rəhbərləri, RİHB-nın inzibati ərazi dairəsi üzrə nümayəndələri, məktəb kollektivləri və ictimaiyyət nümayəndələri iştirak etdiilər.
ƏvvəlcəDövlət himni səsləndirildi, “20 Yanvar Şəhidləri”-nin və bütün Şəhidlərimizin ruhları bir dəqiqəlik sükutla yad edildi.
“20 yanvar” Şəhidlərinin xatirəsinə həsr olunmuş videoçarx nümayiş olundu.
Tədbirdə Qubadlı Rayon İcra Hakimiyyəti başçısının müavini Xoşqədəm Alıyevaməruzə ilə çıxış edərək qeyd etdi ki, hal-hazırda əsası Ulu Öndər tərəfindən qoyulan və bu siyasətin layiqli davamçısı olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qətiyyətli fəaliyyətinin nəticəsində dünya ölkələri içərisində ölkəmiz inkişafına, nüfuzuna görə xüsusilə seçilir.Ulu Öndər Heydər Əliyevin yolunu uğurla davam etdirən Prezident İlham Əliyev şəhidlərin xatirəsinin uca tutulmasına, şəhid ailələrinin sosial məsələlərinin həll olunmasına xüsusi diqqət ayırır. Prezident İlham Əliyevin təşəbbüsləri sayəsində 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslər və şəhid ailələri üçün effektiv sosial müdafiə sistemi formalaşıb. Dövlət Başçısının 19 yanvar 2006-cı il tarixli “20 Yanvar şəhidinin ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Fərmanına əsasən, şəhid ailələrinə dövlət qayğısını artırmaq məqsədilə təqaüd verilir. Onların uyuduğu Şəhidlər Xiyabanında təmir və yenidənqurma işləri ilə yanaşı, Bakının Yasamal rayonundakı “20 Yanvar” dairəsində, Həsən bəy Zərdabi və Müzəffər Həsənov küçələrinin kəsişməsində Qanlı Yanvar şəhidlərinin xatirəsinə memorial abidə kompleksi ucaldılmışdır.
Hər il yanvarın 20-də saat 12:00-da Azərbaycanın bütün ərazisində 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunur, gəmilərdən, avtomobillərdən və qatarlardan səs siqnalları verilir, hüzn əlaməti olaraq dövlət bayraqları endirilir.
Qeyd olundu ki,20 Yanvar hadisələrinə ilk siyasi qiymət məhz Ümummilli lider Heydər Əliyev tərəfindən verilmişdir. 1990-cı il yanvarın 21-də Sovet rejiminin qadağalarına rəğmən, həyatını təhlükə qarşısında qoyaraq Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gələn Ulu Öndər Heydər Əliyev qanlı faciənin təşkilatçılarını dünya ictimaiyyəti qarşısında ittiham etdi. Cəsarətli bəyanat verərək əliyalın xalqın qırılmasını hüquqa, demokratiyaya, humanizmə zidd, Moskvanın və respublika rəhbərlərinin günahı üzündən yol verilmiş kobud siyasi səhv kimi ifşa etdi.
Ümummilli Liderin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 20 Yanvar faciəsinə ilk siyasi qiymət verən 21 noyabr 1990-cı il tarixli qərar qəbul etdi. Ulu Öndərin təşəbbüsü və göstərişləri ilə 1994-cü ilin mart ayının 29-da Milli Məclis “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” Qərar qəbul etdi. Ümummilli Lider dövrün mürəkkəbliyinə rəğmən, 20 Yanvar faciəsinin başvermə səbəbləri və günahkarların araşdırılması ilə də məşğul oldu və bunun nəticəsində həqiqətlər üzə çıxdı. Ulu Öndər Heydər Əliyevin Fərmanı ilə 1998-ci ildə “20 Yanvar Şəhidi” fəxri adı təsis edilib.
Azərbaycanın milli-azadlıq hərəkatında xüsusi yeri və rolu olan, Azərbaycan tarixində qan yaddaşı kimi yazılmış 20 Yanvar hadisələri, eyni zamanda xalqımızın tarixində bir qəhrəmanlıq səhifəsidir. 20 Yanvar hadisəsi zamanı 150 nəfər şəhid olmuş, 744 nəfər ağır xəsarət almış, onlardan 331 nəfəri bu gün də əlil olaraq qalır. Həmin hadisədə Azərbaycanda 841 nəfər həbs olunmuş, müxtəlif işgəncələrə məruz qalmışlar.
SSRİ rəhbərliyinin Azərbaycan xalqına qarşı törətdiyi bu qanlı cinayət xalq kütlələrini daha da birləşdirdi, onların mübarizliyini daha da artırdı. Bu gün 20 Yanvar hadisələrinin milli matəm, hüzn günü kimi qeyd edirik, ancaq o müdhiş gecəni həm də iftixar hissi ilə xatırlayırıq, 1990-cı ilin yanvarın 19-dan 20-ə keçən gecə Azərbaycan xalqına qarşı törədilmiş cinayət, tökülmüş nahaq qanlar, insanların vəhşicəsinə qətlə yetirilməsi Azərbaycan xalqının müstəqillik uğrunda mübarizə əzmini qıra bilmədi. Həmin gecə Azərbaycan xalqı özünün yenilməzliyini, qəhrəmanlığını, Vətənə, torpağa sədaqətini, azadlıq uğrunda mübarizə əzmini bütün dünyaya bəyan etdi. Məhz bu əzmin, iradənin sayəsində xalqımız müqəddəs arzusuna çatdı, milli azadlığına qovuşdu. Azərbaycan müstəqil dövlət kimi dünya birliyinə daxil oldu.
Sonda qeyd olundu ki, 20 Yanvar-bizim qan yaddaşımız, müstəqillik mübarizəmizin qanlı və qalib çıxdığımız savaşıdır. Bizim Vətən qarşısında, şəhidlər qarşısında müqəddəs borcumuz onları hər il, dönə-dönə xatırlamaq, qanları ilə yazdıqları azadlıq salnaməsini bizdən sonra gələn nəsillərə tam, olduğu kimi ötürməkdir. Nəsillər dəyişəcək, lakin Vətən oğullarının xatirəsi ürəklərdə əbədi yaşayacaqdır.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!