Qubadlının işğalından 18 il ötür
Azərbaycanın Qubadlı rayonu Ermənistan silahlı qüvvələri tərəfindən 1993-cü il avqustun 31-də işğal olunmuşdur.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Qubadlı rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmasının 18-ci ildönümü ilə bağlı məlumat yaymışdır.
Məlumatda bildirilir ki, zəngin yeraltı sərvətlərə və əsrarəngiz təbii gözəlliyə malik olan, Zəngəzur dağları ilə Dağlıq Qarabağ silsiləsi arasında yerləşən Qubadlı rayonu inzibati vahid kimi 1933-cü ildə yaradılmışdır.
Rayon ərazisində müxtəlif növ ağaclardan ibarət 13 min 160 hektar dövlət meşə fondu mövcud idi. Qubadlı rayonunda 150-1600 illər arasında olan nadir növlərdən ibarət olan 10-dan çox iri diametrli ağac təbiət abidəsi kimi qorunurdu.
Dəniz səviyyəsindən 1600 metr yüksəklikdə yerləşən və sahəsi 20 min hektar olan, zəngin flora və faunaya malik Qubadlı Dövlət Təbiət Yasaqlığında nəsli kəsilməkdə olan bir çox heyvan və quş növləri mühafizə olunurdu.
Qubadlı rayonunun ərazisində ehtiyatları 6 min 247 min kubmetr və mişar daşı üçün yararlı, istismara cəlb olunmuş Hacılı tuf, ehtiyatları 990 min kubmetr olan tikintiyə yararlı gil, ehtiyatları 1,1 min ton olan Eyvazlı bəzək-əlvan (əqiq) və Həkəri çayı sahilində ehtiyatları 84 min kubmetr/gün olan yeraltı şirin su yataqları var idi.
Erməni işğalçıları tərəfindən rayon ərazisində geniş sahələri əhatə edən qiymətli ağac növlərindən ibarət meşələr, böyük ehtiyata malik yeraltı sərvətlər, mineral maddələrlə zəngin su mənbələri istismar olunmuş, özünün qeyri-adi flora və faunası ilə seçilən əsrarəngiz təbiət guşələri dağıdılmış və məhv edilmişdir. Rayonun müdafiəsi zamanı 283 könüllü qəhrəmancasına həlak olmuş, onların yeddisi Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür. Erməni silahlı birləşmələrinin işğalı nəticəsində öz doğma yurd-yuvalarından didərgin düşmüş insanlar hazırda respublikanın 47 bölgəsində məskunlaşmışlar.