Heydər Əliyev-95
Heydər Əliyev-95
Qubadlı rayonunda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü münasibətilə silsilə tədbirlər keçirilmiş, rayon məktəbliləri arasında inşa yazı, musiqi məktəblərinin şagirdləri arasında mahnı müsabiqələri, idman yarışları təşkil edilmişdir.
10 may 2018-ci il tarixində isə Qubadlı rayon İcra Hakimiyyəti tərəfindən Ulu Öndər Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü münasibətilə rayon tədbiri keçirildi. Tədbirdə rayon icra hakimiyyətinin başçısı cənab Malik İsaqov, RİHB aparatının məsul şəxsləri, idarə, müəssisə, təşkilat rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak edirdilər. Əvvəlcə iştirakçılar Ulu Öndərin rayon İcra Hakimiyyəti binasının foyesində qoyulmuş büstünün önünə gül dəstələri qoydular.
Sonra tədbir Sumqayıt şəhərində yerləşən “28 may mədəniyyət evində” davam etdirildi. Tədbir öncəsi iştirakçılar Ulu Öndərin doğum günü münasibətilə təşkil olunan sərgi ilə tanış oldular. Sərgidə Heydər Əliyevin kitabları, Ümummilli Lider haqqında yazılan çap materialları, həmçinin, Qubadlı rayon məktəblilərinin rəsm əsərləri və əl işləri nümayiş etdirildi.
Tədbir açıq elan edildikdən sonra Ümummilli Liderin həyat və fəaliyyətindən bəhs olunan video çarx nümayiş olundu.
Tədbirdə Qubadlı Rayon Icra Hakimiyyətinin başçısı cənab Malik İsaqov çıxış edərək Ümummilli Liderin Azərbaycan dövlətinin möhkəmlənməsi və inkişafı yolundakı fəaliyyətindən bəhs etdi. Ulu Öndərin fəaliyyətinin hər bir sahəsinin fundamental tədqiqat mövzusu olduğunu qeyd edərək bildirdi ki, hələ sovet dövründə Azərbaycana məharətlə rəhbərlik edən Heydər Əliyev ölkəni sürətli inkişaf yoluna çıxarmaqla güclü elmi, iqtisadi və mənəvi potensial yarada bilmişdi, başlıcası isə xalqın qəlbində, arzu və istəklərində, yüz illərlə yaşayan azadlıq və müstəqillik ideyalarının həyati tələbat kimi formalaşmasına zəmin yaratmışdı.
Qeyd edildi ki, xalqın tələbi ilə müstəqil Azərbaycan respublikasına rəhbərliyi qəbul edən Ulu Öndərin o ağır günlərdəki, illərdəki fəaliyyətinin xronikasını nəzərdən keçirən hər kəs onun sarsılmaz siyasi iradəsinə, idarəçilik məharətinə, müdrik qərarlar qəbul etmək səriştəsinə heyran qalmaya bilmir. Heydər Əliyev Azərbaycanın müstəqil dövlətçiliyinə qənim kəsilən xarici və daxili qüvvələri məharətlə zərərsizləşdirdi. Müstəqil dövlətin əsl mənada qurulması, iqtisadi, hərbi, mədəni potensiallarının hərəkətə gətirilməsi üçün vacib şərt olan əmin-əmanlıq şəraiti yaratdı. RİH-nin başçısı vurğuladi ki, dövrün burulğanlı, təlatümlü çağında böyük siyasi müdrikliyi, siyasi məharəti, gözlənilməz siyasi gedişləri ilə tarixin yaddaşında əbədi yaşayacaq liderin fəaliyyəti zaman keçdikcə öz dəyərini göstərməkdədir və bunlar zaman-zaman elmi araşdırmaların mövzusu, predmeti olacaqdır. Başçı bildirdi ki, Ulu Öndər məcburi köckünlərin də əsl himayəçisi idi. Məcburi köckünlərin həyat şəraitlərinin yaxsılaşması, məhz Heydər Əliyevin adı ilə bağlıdır. Dahi rəhbərin həyata keçirdiyi siyasət nəticəsində qaçqın və köçkünlərin problemləri öz həllini tapdı.Rayon İcra hakimiyyətinin başçısı qeyd etdi ki, bu gün Heydər Əliyev siyasi irsinin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən Ulu Öndərin ideya və strategiyasının yeni tarixi şəraitə uyğun yaradıcılıqla həyata keçirilməsi ölkəmizi çiçəklənən bir diyara çevirmişdir. Biz inanırıq ki, yaxın gələcəkdə məhz bu siyasətin nəticəsində torpaqlarımız işğaldan azad olunacaq və məcburi köckünlər öz doğma yurd yuvalarına qayıdacaqlar.
Sonra Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü münasibətilə təşkil edilmiş rayon məktəbliləri arasında inşa yazı, şeir, musiqi məktəblərinin şagirdləri arasında mahnı müsabiqələri, bilik və idman yarışları, şagirdlərin rəsm və əl işlərindən ibarət sərgi-müsabiqələrinin qalibləri mükaftlandırıldı və Yeni Azərbaycan Partiyasına qəbul olanlara vəsiqələr təqdim edildi.
Tədbir sonra musiqili konsert proqrami ilə davam etdirildi.