Şriftin ölçüsü :

Saytın rəngi :

2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı.

31 iyul 2018 | 16:00

                      2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı.
31 iyul 2018-ci il tarixində Qubadlı rayon İcra Hakimiyyətinin inzibati binasinda 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş yığıncaq keçirilmişdir. Toplantıda Qubadlı rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov, rayon icra Hakimiyyəti başçısının aparatı, rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak edirdilər.
Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı cənab Malik İsaqov giriş nitqi söyləyərərk qeyd etdi ki, məlum olduğu kimi iyul ayının 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilmişdir. Malik İsaqov qeyd etdi ki, Azərbaycan öz dinamik inkişaf templərini saxlayaraq həm iqtisadi, həm beynəlxalq siyasət sahələrində uğurlar əldə etmişdir.
Başçı vurğuladı ki, məlum olduğu kimi, iyul ayının 3 də Gəncə şəhər İcra Hakimiyyəti başçısına qarşı törədilmiş sui-qəsd və bundan  bir neçə  gün sonra iyul ayının 10-da radikal elementlərdən ibarət bir qrup Gəncə şəhərinin mərkəzində  qanunsuz  aksiya  keçirməyə  cəhd  göstərmişdir. Qanunsuz və təxribat xarakterli aksiyanı dayandırmaq məqsədilə xidməti vəzifəsini yerinə yetirən  zaman iki yüksək rütbəli polis əkəkdaşı bir qrup şəxs tərəfindən hücuma məruz qalaraq amansızlıqla soyuq silahla qətlə yetirilmişdir. Təbii ki, bu cür xoşa gəlməz hadisələr hər bir azərbaycanlı kimi biz Qubadlılarda da təssüf hissi yaratdı. Gəncədə törədilmiş terror hadisəsi ölkəmizə qarşı xarici qüvvələr tərəfindən Azərbaycanda sabitliyin pozulmasına, dövlətə və dövlətçiliyə qarşı yönəlmiş bir addımdır. Əminliklə qeyd etmək istəyirəm ki, Azərbaycan xalqı sabitliyin pozulmasına, iğtişaşa qarşıdır. Çünki xalqımız dinc şəraitdə, xoşbəxt yaşamağın tərəfdarıdır.
Sonra tədbirdə Rayon İH başçısının müavini Allahverdi Haxverdiyev hesabat məruzəsi ilə çıxış etdi. Məruzəçi qeyd etdi ki, rayon əhalisi respublikanın 41 müxtəlif şəhər və rayonunda məskunlaşmışdır. Cari ilin 01 iyul vəziyyətinə  rayon əhalisinin sayı 37 min 800 nəfərdir. Rayonda  20 min 300 nəfər əmək qabiliyyətli əhali var. Cari ilin 6 ayı ərzində 53 yeni iş yeri açılmışdır. Ümumiyyətlə son 14 ildə rayon üzrə yeni yaradılan iş yerlərinin sayı 3 min 807-nə çatdırılmışdır.
2018-ci ilin birinci yarımilində sakinlərimizin məskunlaşma yerlərində yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində də işlər davam etdirilmişdir. Rayon İcra Hakimiyyəti başçısının Sabirabad, Saatlı, İmişli, Xızı rayonlarında və digər yerlərdə keçirdiyi səyyar qəbullar zamanı sakinlər tərəfindən qaldırılan məsələlərin həlli istiqamətində müəyyən işlər görülmüşdür.
             Bunlardan əlavə rayon İcra hakimiyyətinin daxili imkanları hesabına rüb ərzində yas mərasimlərinin təşkilinə, xəstələrin müalicəsinə, Böyük Vətən müharibəsi veteranlarına, bir sıra tədbirlərin keçirilməsinə və sair məsələlərlə bağlı aztəminatlı ailələrə 40 min 500  manat pul köməkliyi edilmişdir.                                     
             Yerli gəlirlərdən daxil olma 959 min 414 manat proqnoz rəqəminə qarşı 1 milyon 284 min 47manat  və ya 1,3 dəfə çox icra olunmuşdur ki, bu da nəzərdə tutulduğundan 234 min 633 manat artıq vəsaitin daxil olması deməkdir. 
    Rayon Vergilər şöbəsi də öz işini günün tələbləri baxımından qurmağa çalışmışdır. 01 iyul 2018-ci il tarixə kimi şöbədə  1793 vergi ödəyicisi uçota alınmışdır ki, onların da hazırda 994-ü faktiki fəaliyyət göstərir.  Vergilər şöbəsi hesabat dövrü 1166 min 100 manat plana qarşı 1561 min 500 manat vəsait toplamışdır ki, bu da planın 133,9 %-i,  yəni 395 min 400 manat artıq vəsaitin daxil olması deməkdir.
     Cari ilin birinci yarımilində hüquq-mühafizə orqanları üzərlərinə düşən vəzifələri yerinə yetirmişlər. Asayişin qorunması təmin edilmiş, istintaq və təhqiqat qrupunda cinayət tərkibli ərizə və ya material qeydə alınmamışdır.
      Rayon Təhsil şöbəsi də işini müvafiq Qanun və Təlimatlar əsasında qurmuş, qarşıya qoyulan vəzifələrin həllinə səy göstərmişdir. Hesabat dövründə Dövlət İmtahan Mərkəzi tərəfindən IX və XI siniflərdə keçirilmış mərkəzləşdirilmiş imtahanların  nəticələri də uğurlu olmuşdur. Belə ki, IX, XI siniflərdə imtahanlarda iştirak edən 76 nəfər şagird fərqlənmə attestatı ilə təltif olunmuş, keyfiyyət 59,5 % təşkil etmişdir.
Qeyd olundu ki, ötən dərs ilində Dövlət İmtahan Mərkəzinin rəsmi açıqlamasında rayonumuz ali məktəblərə qəbulun nəticələrinə görə birinci yerə layiq görülmüş, IX və XI siniflərin nəticələrinə görə isə ilk onluqda qərar tutmuşdur.
       Qeyd olunanlarla yanaşı məktəblərimiz respublika səviyyəli bütün tədbirlərdə də yaxından iştirak etməklə xeyli uğur qazanaraq Fəxri fərmanla və Diplomlarla təltif olunmuşdur.
Rayon Mərkəzi Xəstəxanasınının poliklinika şöbəsi 3 tibb məntəqəsi ilə birlikdə məcburi köçkünlərə tibbi xidmət göstərilməsi işini davam etdirərək cari ilin birinci 6 ayı ərzində 11 min 756 ambulator xəstə qəbul etmiş, onlardan  27 nəfər xəstəni stasionar müalicəyə, 38 nəfər isə sanator-kurort müalicəsinə göndərmişdir. 527 nəfər şəkərli diabet olan xəstələr dərman və tibbi ləvazimatla təmin edilmişdir.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon bölməsi tərəfindən yanvar ayında 20 nəfər, aprel ayında 22 nəfər hərbi xidmətə göndərilmişdir. Hazırda iyul çağırışı davam edir və 82 nəfər çağırışçı hərbi xidmətə yola salınacaqdır. 324 nəfər gənc isə ilkin hərbi qeydiyyata alınmış, 9 nəfər gənc könüllü olaraq müddətdən artıq həqiqi hərbi xidmətə yola salınmışdır.
Məruzəçi bildirdi ki, Rayon İcra Hakimiyyətinin köməkliyi ilə rayonda baramaçılıq inkişaf etdirilmiş və 520 kq əvəzinə 578 kq yüksək kefiyyətli barama istehsal edərək Respublika üzrə birinci olaraq planı artıqlaması ilə yerinə yetirmişdir. Rayonda xüsusilə son illər arıçılığın inkişafındakı nailiyyətlər, arı ailələrinin sayının 5 min 200-ə yaxınlaşmışdır.
Gənclər siyasətinin rayonda ardıcıl həyata keçirilməsi üçün müntəzəm iş aparılır. 2005-2006-ci il təvəllüdlü yeniyetmələr arasında futbol üzrə “Sevinc” kuboku uğrunda Xaçmaz rayonunda keçirilən ölkə birinciliyində rayonun  komandası birinci yeri tutaraq respublika çempionu olmuşdur
          Rayon idmançıları beynəlxalq yarışlarda da yüksək nəticələr göstərmişdir.
Hesabat dövrü rayon İcra hakimiyyətinin fəaliyyət istiqamətlərindən birini də vətəndaşların qəbulu, onların müraciətlərinə baxılması işi təşkil etmişdir. 2018-ci ilin 6 ayında  rayon icra hakimiyyətinə  ümumi daxil olan yazılı vətəndaş müraciətlərinin sayı 48 olmuşdur.
         2018-ci ilin 6 ayında RİHB-ı tərəfindən  aparatda  qəbul qrafiki üzrə 333 nəfər qəbul edilmişdir.  Qəbul zamanı edilən müraciətlərin  188-i müsbət həll edilmiş, 81-nə müvafiq hüquqi izahat verilmiş, 1 müraciət isə aidiyyatı qurumlara göndərilmiş, 25 məsələ icradadır. 33 məsəlinin həlli isə müvafiq Dövlət Proqramında  nəzərdə  tutulur.
2018-ci ildə vətəndaşlarla keçirilən 19 görüş-qəbulda  96 müraciət olmuşdur. Qeydə alınan müraciətlərdən 61-i müsbət həll edilmişdir. Qalan müraciətdən 13-ü isə mərkəzi icra hakimiyyəti orqanları qarşısında məsələ qaldırılaraq icraata götürülmüşdür. 22-si müraciətə isə müvafiq izahatlar verilmişdir.
2018-ci ilin birinci yarısının yekunları bunu deməyə əsas verir ki, rayon əhalisi arasında  əvvəlki illərdə olduğu kimi ictimai-siyasi baxımdan heç bir narahatlıq olmamışdır. Rayonda  bu gün  də əsas aparıcı siyasi partiya 3500 nəfərdən artıq üzvü olan Yeni Azərbaycan Partiyasıdır. Sakinlərimiz həmişə olduğu kimi dövlətçilik ənənələrinə sədaqət nümayiş etdirmiş, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin siyasətini ürəkdən bəyənərək müdafiə etmişlər.
Sonra tədbirdə çıxış edən DSMF-un rayon şöbəsinin rəisi Cəlaləddin Məmmədov , Rayon Məşğulluq Mərkəzinin direktoru Cəfər Ağayev, Rayon Kənd Təsərrüfatı idarəsinin rəisi Ənvər Quliyev, Balasoltanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndə Xanlar Əliyev, Çardaxlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndə Oktay Əsgərov  rayonda müvaffiq sahələr üzrə görülən işlərdən bəhs etdilər.

Keçidlər